Hacıqabulda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş yekun tədbir keçirilib.
Hacıqabul rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq 28 aprel 2023-cü il tarixdə Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Gözlərə nur bəxş edən şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə görkəmli alim Zərifə Əliyevaya həsr olunmuş sərgiyə baxış keçirildi.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının müavini Xuraman Məmmədova çıxış edərək akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparmışdır. Zərifə xanım, eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Daha sonra Heydər Əliyev mərkəzinin direktoru Aytən İmanova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi Gülşən Qəmbərova, Hacıqabul şəhər 6 saylı tam orta məktəbin direktor müavini Xatirə Rüstəmova, Mərkəzi kitabxana filialının əməkdaşı Aygün Mirzəyeva çıxış etdilər.
Çıxışçılar öz fikirlərində vurğulayıb ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.