Hacıqabulda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirildi.
26 aprel 2024-cü il tarixdə Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünüə gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul Rayon Təşkilatının sədri İsmayıl İbrahimov, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Natiq Əliyev və bir qrup səhiyyə işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən bəhs edərək bildirdi ki, Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib.
Digər çıxış edənlər qeyd etdilər ki, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.