Hacıqabulda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Hacıqabul rayonunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasında ədliyyə sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatların ədliyyə sisteminin müasirləşməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə və vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə mühüm töhfə verdiyini vurğulayıb.
Qeyd olunub ki, ədliyyə orqanları qanunun aliliyinin təmin olunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının qorunması və dövlət-vətəndaş münasibətlərinin inkişafında mühüm rol oynayır. Bu sahədə çalışan əməkdaşların üzərinə böyük məsuliyyət düşür və onların peşəkarlığı, məsuliyyəti və vətəndaşlara həssas münasibəti xüsusi əhəmiyyət daşıyır.
Çıxışdan sonra ədliyyə sahəsində səmərəli fəaliyyəti və xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənən əməkdaşlar təltif olunublar. Təltiflər əməkdaşların əməyinə verilən qiymətin və onların gələcək fəaliyyətinə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirilib.
Tədbirin sonunda ədliyyə işçilərinə peşə bayramı münasibətilə bir daha təbriklər çatdırılıb, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.






