Hacıqabulda hərbi xidmətə çağırış, azadetmə və möhlət verilmə şərtlərinə dair maarifləndirici tədbir keçirilib.
Martın 13-də Hacıqabul rayon İcra Hakimiyyəti və Hacıqabul rayon prokurorluğunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Natiq Əhmədov, Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi Nahid Məmmədov, SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin zabiti leytenant Əmrah Əsgərov, Hacıqabul rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Cavid Məbudov iştirak ediblər.
Çıxışlar zamanı gənclərə və iştirakçılara Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hərbi xidmətə çağırış qaydaları, hərbi xidmətdən azadetmə və möhlət verilməsinin əsasları, həmçinin hərbi xidmətə yararlılığın müəyyən olunması üçün tətbiq edilən tibbi meyarlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, vətəndaşların hüquq və vəzifələrinin düzgün başa düşülməsi, qanunvericiliyin tələblərinə riayət olunması və gənclərin hüquqi maarifləndirilməsi bu cür tədbirlərin keçirilməsini zəruri edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.






