Hacıqabulda “Vətən müharibəsində möhtəşəm zəfərimizin qazanılmasında Heydər Əliyev ideologiyası və İlham Əliyev zəkası” mövzusunda dəyirmi masa keçirildi.
17 noyabr 2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsində möhtəşəm zəfərimizin qazanılmasında Heydər Əliyev ideologiyası və İlham Əliyev zəkası” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edirdilər. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Xuraman Məmmədova, Rayon Gənclər və İdman Sektorunun müdiri Xalid Rəcəbli, Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova, Hacıqabul şəhər 1 saylı tam orta məktəbin direktor müavini Tərlan Qasımov çıxış edərək bildirdilər ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəri, həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, gələcək nəsillərə ərməğan etdiyi mükəmməl siyasi irsdir. Prezident İlham Əliyev bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirərək, daha da gücləndirmişdir. Heydər Əliyevin xaosdan tərəqqi yoluna çıxardığı Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilmişdir.
Tədbirdə o da vurğulandı ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır: Məhz bu ideyalar nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilmişdir. Bu vaxta qədər Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olması idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Bu qələbəyə aparan yolun əsasını illər öncə Ulu Öndər müəyyən etmişdir. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi.
Çıxış edən natiqlər onu da qeyd etdilər ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadi sferada sürətli yüksəliş yoluna qədəm qoymuşdur. Ölkəmizin beynəlxalq arenada mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənmiş, Azərbaycanın yüksəlişi isə nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasını uğurla təmin etmişdir. Prezident İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini öz gücü hesabına təmin etdi.