Hacıqabulda “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
26.02.2024-cü il tarixində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Haqqın səsi” adlı anım mərasimi keçirilmişdir.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İcra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Mərasim əvvəlcə Xocalı soyqırımına həsr olunmuş sənədli filmin nümayişi ilə başlandı. Daha sonra Hacıqabul rayon mədəniyyət işçilərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olundu. Kompozisiyada 1992-ci il fevralın 25-26-da törədilmiş bu qanlı faciənin Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biri olduğu əks olunmaqla yanaşı, eyni zamanda yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissinin böyük vüsət alması və onların düşməndən qisas alaraq qələbəyə doğru inamla addımladığı göstərilirdi.
Tədbirdə həmçinin o da qeyd olundu ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 19-20 sentyabr 2023-cü il tarixində qədim yurd yerimiz olan Xocalını düşmən tapdağından azad etdi. Bu ərazidə dövlət bayrağımızın qaldırılması xalqımıza ikinci dəfə qələbə sevincini bəxş etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!