Hacıqabulda “Zəfərin qəhrəmanları ilə bir gün” adlı tədbir keçirildi.
8 Noyabr – Zəfər Günü münasibətilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun iştirakı ilə “Zəfərin qəhrəmanları ilə bir gün” adlı tədbir keçirildi.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun gəncləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirin əsas məqsədi Vətən müharibəsi iştirakçılarının keçdikləri döyüş yolunun gənc nəslə çatdırılması, onların qəhrəmanlıq və vətənpərvərlik nümunələrinin gənclər arasında təbliği, eləcə də Zəfər tariximizin gələcək nəsillərə ötürülməsi idi.
Görüş zamanı Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbədən bəhs etdi. O, Vətən müharibəsi iştirakçılarının keçdiyi döyüş yolunun gənclər üçün mühüm vətənpərvərlik nümunəsi olduğunu bildirdi.
Daha sonra Vətən müharibəsi iştirakçıları öz döyüş xatirələrini gənclərlə bölüşdülər. Onlar müharibə zamanı qarşılaşdıqları çətinliklər, döyüş yoldaşlarının göstərdiyi fədakarlıq, Azərbaycan əsgərinin iradəsi və torpaq uğrunda mübarizəsi barədə danışdılar. Şəxsi təcrübələr əsasında aparılan söhbətlər gənclərə Vətən müharibəsinin canlı şahidlərinin dilindən tarixi hadisələri dinləmək imkanı yaratdı.
Gənclər qaziləri maraqlandıran sualları ünvanladılar, onların döyüş yolu və müharibə təcrübəsi ilə bağlı fikirlərini dinlədilər. Görüş zamanı Vətənə sədaqət, dövlətə bağlılıq, milli birlik və vətəndaş məsuliyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparıldı.
Tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, Vətən müharibəsində iştirak edən hərbçilərin xidmətlərinin Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğu qeyd edildi.
“Zəfərin qəhrəmanları ilə bir gün” adlı görüş gənclərin Vətən müharibəsinin iştirakçıları ilə birbaşa ünsiyyət qurmasına, onların həyat və döyüş təcrübəsi ilə tanış olmasına şərait yaratdı.






