Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabatı

19 aprel 2014 | 15:00

2014-cü ilin 3 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun

 

HESABAT MƏRUZƏSİ

 

Sürətli inkişaf yolu keçən müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsi yolu ilə reallaşdırılan bu strategiya ölkəmizi ən yaxın perspektivdə inkişaf etmiş dövlətlər səviyyəsində addımlamağa xidmət edir.

Aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sürətlə inkişafı, birinci rübdə nəzərdə tutulan bütün vəzifələrin uğurla icrası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bir daha diqqətə çatdırılmışdır.

Dövlət başçımızın qeyd etdiyi kimi ölkəmiz sahələrdə uğurla irəliyə yetmiş, iqtisadiyyatımız 2,5 % artmışdır. Cari ilin birinci rübündə qeyri-neft sektoru 8,8 % artmış, o cümlədən kənd təsərrüfatında artım 3 %-dən bir qədər çox olmuşdur.

Ölkəmizdə ötən rübdə əhalinin pul gəlirləri 4,5 % artmış, inflyasiya isə cəmi 2 faiz olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı 2 dəfə üstələmişdir.

Bu ilin I rübündə valyuta ehtiyatlarımız xeyli artaraq 53 milyard dollara çatmışdır. Birinci rübdə Azərbaycanda orta əmək haqqı təxminən 7 % artaraq 430 manata çatmışdır.

Qeyd etmək lazımdır ki, bütün bu inkişafın nəticəsidir ki, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirirlər.

Möhtərəm Prezidentimizin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş „Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunaraq ölkəmizin bütün bölgələrinin simasını kökündən dəyişdirmişdir və 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” qarşıya qoyulmuş məqsədlərin reallaşması, nəzərdə tutulmuş bütün layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür. İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2014-cü ilin I rübündə rayonda gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər barədə bir qədər geniş məlumat vermək istəyirəm.

2014-cü ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 54,3 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 milyon manat və ya 14,7 % çox olmuşdur. Bu ilin 3 ayında sənaye məhsulunun həcmi 1,3 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 17,6 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 20,5 milyon manat, ticarət və xidmət sektorunda məhsul buraxılışının həcmi 13,4 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində sənayedə 9,8 %, kənd təsərrüfatında 26,6 %, ticarət və xidmət sektorunda 9,4 % artım müşahidə edilmişdir.

Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,3 min manat artaraq 123,6 min manata, avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmi 2 min ton artaraq 49 min tona, sərnişin daşınması isə 64 min sərnişin artaraq 1 milyon 149 min nəfər olmuşdur.

Hesabat dövründə 36,5 milyon manatlıq pərakəndə əmtəə, 618,0 min manatlıq iaşə dövriyyəsi, 6,0 milyon manatlıq əhaliyə pullu xidmətlər qeydə alınmışdır.

2014-cü ilin I rübündə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 21,3 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon manat və ya 9,2 % çoxdur.

İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Artıq rayonun təsərrüfatlarında bu ilin məhsulu üçün 12539 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 307 hektar artıqdır. Bu sahələrin 6415 hektarını buğda, 6124 hektarını isə arpa əkini təşkil edir. İndiyədək 363 hektarda tərəvəz, 643 hektarda bostan, 38 hektarda kartof olmaqla cəmi 1044 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 hektar çoxdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin birinci rübündə süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 307 ton artaraq 5030 ton, ət istehsalı 320 ton artaraq 1882 ton, yumurta istehsalı 18 milyon 963 min ədəd artaraq 761 milyon 237 min ədəd olmuşdur.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci rübündə 512 baş artaraq 37338 başa, xırda buynuzluların sayı isə 1928 baş artaraq 132,983 başa çatmışdır.

Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.

„Aqrolizinq” vasitəsi ilə bu ilin birinci rübündə kənd əməkçilərinə 31,4 ton güzəştli qiymətlərlə mineral gübrə satılmışdır. Rayonda 2014-cü il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına 710 nəfərə 154448 manat dövlət yardımı verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində yuxarı Şirvan kanalının qolundan su götürən Hacıqabul magistral beton kanalının 20 km-i Padar kəndi ərazisinə qədər tikilib başa çatdırılmış və istismara qəbul olunmuşdur.

Kanalın su keçirmə qabiliyyəti 5 kub metr san-dir. Hal-hazırda bu kanal Padar-Qarasu ərazisində 2000 ha-ya yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilir.

Yaxın gələcəkdə kanalın tikintisi davam etdirilməklə rayonunu Padar-Qarasu-Muğan ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması həyata keçiriləcək və bundan əlavə həmin kanal vasitəsilə rayon ərazisində 1625 ha dövlət fond torpaqlarında yaradılacaq taxılçılıq təsərrüfatına suvarma suyu ilə təmin ediləcəkdir.

Hal-hazırda Pirsaat su anbarının su hövzəsində genişləndirmə işləri aparılır ki, bunun nəticəsində anbarın su tutumu əlavə olaraq 1,5 mln.kub metr artırılacaqdır. Bununla Qubalıbaloğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərini əhatə edən 7000 ha əkin sahələrinin su təminatını xeyli yaxşılaşdıracaqdır və bu da həmin ərazilərdə kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artmasına səbəb olacaqdır.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin I rübündə 74,3 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Cari ildə Kolanı kəndi ərazisində şor suların ötürülməsi məqsədilə nasos stansiyanın tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırda layihə smeta sənədləri hazırlanır və yaxın vaxtlarda nasos stansiyanın tikintisinə başlanılacaqdır.

Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Təkcə bu ilin birinci rübündə təsərrüfatlarımızdan Bakı əhalisinə 3,3 ton mal əti, 410 min ədəd yumurta, 4,9 ton meyvə, 4,6 ton toyuq əti satışı təşkil olunmuşdur. Respublika Prezidenti cənab İlham Əliyev gündəlik fəaliyyətində ekoloji məsələləri də daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, onun qorunması və artırılması mühüm yer tutur. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı bundan sonra da ətraf mühitin sağlamlaşdırılması, xüsusi ilə yeni yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.

Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2014-cü ilin ilk rübündə də davam etdirilmişdir. Təkcə şəhərdə 5000 ağac və 12000 ədəd gül kolları əkilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.

2014-cü ilin birinci rübündə rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.

Navahı qəsəbəsində 1 saylı tam orta məktəbində bərpa gücləndirmə işləri tam başa çatmış və istismara qəbul olunmuşdur. Hacıqabul rayon Ağacanlı kənd 80 şagird tam orta məktəbində və Hacıqabul şəhər 2 saylı tam orta məktəbində tikinti quraşdırma işləri davam edir.

H.Əliyev fondu hesabına inşa edilən Hacıqabul rayon Navahı qəsəbəsində 200 şagird yerlik və Hacıqabul şəhər 440 şagird yerlik tam orta məktəblərin tikintisi başa çatmış və istismara qəbula hazırdır.

Əsas kapitala yönəldilmiş investisiyalar Dövlət büdcəsi vəsaiti hesabına 3314400 (üç milyon üç yüz on dörd min dörd yüz ) manat təşkil edir.

Rayonda Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti hesabına Navahı kənd həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.

Sahibkarlıqla məşğul olmaq üçün 6 obyektin tikintisinə rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir.

Padar qəsəbəsində 1,5 km yolun qum-çınqıl tökülərək hamarlanması və kənd arası 2 km su arxlarının lildən təmizlənməsi, Qubalıbaloğlan kəndində 1,8 km yola qum-çınqıl tökülərək hamarlanması və 2,5 km su arxının lildən təmizlənməsi, Qarasu kəndində yolun çalalarının qum-çınqılla doldurulması, içməli su xətlərinin təmiri, korroziyaya uğramış 800 metr su borusunun təmiri, Navahı kəndində örüş sahələrinə keçmək üçün mövcud körpünün və 280 metr su xəttinin təmiri işləri görülmüşdür.

Hacıqabul EŞ-si 2014-cü ilin I rübü ərzində 48269151 kvt.s enerji almışdır. Satışa ötürülən enerji 34237038 kvt.s-dir. Dəyəri isə 2042747,11 manat olduğu halda pul gəliri 1612805,12 manat olmuş, rayon üzrə ümumi yığım 79.00% təşkil etmişdir. Bunlardan əhaliyə ötürülən enerji 13807803 kvt.s-dir, bunun da dəyəri 828468,18 manat olmuş, toplanan vəsait isə 477763,40 manat olmaqla verilən enerjinin 57,7% təşkil etmişdir.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması başa çatdırılmışdır. Hacıqabul Qaz istismar Sahəsi magistral qaz kəmərlərindən 2014-cü ilin 3 ayı ərzində 13822995 m3 həcmində qaz qəbul etmiş, istehlakçılara isə 12079125 m3 həcmində qaz satmışdır. Bu dövrdə əhaliyə 7741783 m3 qaz satılmış, ödəniş 813370,72 manat olmaqla 100% təşkil etmişdir.

Hesabat dövründə Abdulabad kəndində yüksək keyfiyyətli separator qaz təmizləyici qurğusu quraşdırılmışdır. Həmin separator qurğusunun köməyi ilə qazın tərkibində olan qatışıq maddələr təbii qazdan ayrılır və abonentlər təhlükəsiz mavi yanacaqdan istifadə edirlər. Udullu İƏD-də 30 abonentə və Talış qəsəbəsində 18 abonentə yeraltı orta təzyiqli polietilen borular çəkilərək abonentlərin mənzillərinə çıxış verilmişdir. I rüb ərzində görülmüş profilaktik işlər nəticəsində rayon ərazisində dəm qazından boğulma və qazdan yanğın hadisəsi qeydə alınmamışdır.

2014-cü ilin I rübü ərzində əhaliyə və qeyri əhaliyə və qeyri əhaliyə 640.000 kub metr, yəni 269,431 manatlıq su satılmışdır. Su pulunun ödənişi 233724 manat olmaqla verilmiş suyun məbləğinin 86,7%-ni təşkil etmişdir.

Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərində layihəyə əsasən 105.535 metr kanalizasiya xəttindən 23150 metri, 115.988 metr su xəttindən 103000 metri çəkilmişdir. 1800 ədəd smart tipli sayğac quraşdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

2014-cü ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür. Belə ki, aparılan işlərin nəticəsi olaraq 170 abonentə telefon xətti çəkilmiş, 150 abonent isə sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda rayon üzrə 6501 abonentə telefon, 1895 abonentə internet xidməti göstərilir.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsi daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

Cari ilin I rübündə rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində və eləcə də istedadlı gənclərlə məqsədyönlü iş aparılmışdır. Bu məqsədlə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif seminarlar, fənn olimpiadaları, dəyirmi masalar, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm və inşa müsabiqələri və sair tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına əsasən ölkənin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müasir Azərbaycan tarixinin daha səmərəli öyrədilməsini təmin etmək məqsədilə Heydər Əliyev Mərkəzlərində nümunəvi dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Tapşırığa uyğun olaraq Respublikanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” mövzularının cari ilin fevral-may aylarında tədris edilməsi nəzərdə tutulmuşdur. Bunun əsasında Hacıqabul rayonunda hesabat dövrünə qədər Heydər Əliyev mərkəzində 251 nəfər XI sinif şagirdi dərslərə cəlb olunmuşdur.

Rayonun ümumtəhsil məktəblərində fənlərin tədrisinin keyfiyyətini, dərslərdə müasir təlim metodlarından istifadə olunmanın səviyyəsini yüksəltmək məqsədilə 2014-cü ilin fevral ayı Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə “Azərbaycan tarixi aylığı” elan edilmişdir. Aylıq çərçivəsində rayonun ümumtəhsil məktəblərində 10 tədbir, 4 adda müsabiqə keçirilmiş və tarix müəllimlərinin nümunəvi dərsləri təşkil olunmuşdur.

Böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə rayon Təhsil şöbəsi tərəfindən 19-26 fevral tarixlərində hərbi-vətənpərvərlik həftəsi elan edilmiş, həftə çərçivəsində şer və mahnı müsabiqələri, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər aparılmış, hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.

2014-cü ilin 3 ayı ərzində də mövcud məktəb binalarının əsaslı təmir olunması, yeni təhsil müəssisəsi binalarının tikilməsi, müasir avadanlıqlarla təmin olunması rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 54 həkim, 177 nəfər orta tibb işçisi, 150 nəfər kiçik tibb işçisi və texniki işçi xidmət edir. Rayon üzrə 27 nəfər həkim, 13 nəfər orta tibb işçisi vəzifəsi vakantdır.

Hesabat dövründə Mərkəzi rayon xəstəxanasında qospitalizasiya səviyyəsi hər 100 nəfər əhaliyə 19,7, il ərzində keçirilmiş çarpayı günlərinin orta sayı 47,2 gün olmuşdur. Ambulator gəlişlərin sayı 46199 nəfər olmuşdur.

2014-cü il fevral ayının 17-dən başlayaraq Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin tibbi müayinəsi keçirilmiş, rüb ərzində 25445 nəfər tibbi müayinədən keçirilmiş, 1524 xəstə aşkar edilmişdir ki, bunlardan 1362 nəfər ambulator, 162 nəfər stasionar müalicəyə cəlb edilmişlər. Mütəxəssislərdən ibarət həkim briqadalarının kəndlərə gedişləri davam etdirilmiş, əhali tibbi müayinədən keçirilmişdir. Aşkar olunan xəstələr dispanser müşahidəsinə götürülmüş, müalicəyə cəlb edilmişdir.

Rayon üzrə 162 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 14 nəfəri cari ilin I rübü ərzində qeydiyyata alınmışdır.

Mərkəzi rayon xəstəxanasında 992 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 52 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 292 olmuşdur.

2014-cü ilin I rübü ərzində cərrahı şöbədə 52 cərrahiyyə əməliyyatı aparılmışdır. 78 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 8-i avtomobil qəzası nəticəsində alınmış travmalardır.

Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 176 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 18 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 6583 nəfər olmuşdur. Doğum şöbəsinə qəbul olunanların sayı isə 57 nəfər olmuşdur.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 110 saylı 05.08.2008-ci il tarixli “Yeyinti məhsulları üzərində dövlət sanitariya nəzarətinin gücləndirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq rayonun topdan satış, pərakəndə satış və ictimai-iaşə obyektlərində reyestr üzrə 6 müayinə aparılmış, aşkar edilmiş sanitar gigiyenik çatışmazlıqlar barədə tələblər qoyulmuşdur. İstifadə müddəti bitmiş 4,5 kq müxtəlif adda yeyinti məhsulları satışdan çıxarılmışdır. Rayon ərazisində yeyinti məhsulları istehsal edən müəssisələrə istehsal etdiyi məhsullar üçün 1 gigiyenik sertifikat alınmışdır.

Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, 27 kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Şəhidlər ölmür”, “Xocalı haraya çağırır”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart tarixin qan yaddaşı” mövzularında silsilə tədbirlər, bəstəkar Süleyman Ələsgərovun 90 illik yubileyi ilə bağlı əsərlərindən ibarət geniş konsert proqramı təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə mühazirə oxunmuşdur.

2014-cü ilin I rübündə rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 30.235 nəfər oxucu istifadə etmişdir.

Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 13 tədbir həyata keçirilmiş 1528 nəfər, idman sahəsində isə 7 tədbir keçirilmiş bu tədbirlərə 485 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

Rayonda Gənclər evinin və idman qurğularının olmaması səbəbindən yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlb olunmasında çətinlik yaranır. Bu məsələ ilə bağlı tərəfimizdən aidiyyəti orqanlara rəsmi qaydada müraciətlər olunmuşdur.

Dövlət başçımızın qeyd etdiyi kimi iqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 manat artaraq 265,8 manat təşkil etmişdir. Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,7 min nəfər olmuşdur ki, bu da rayon əhalisinin 52,2 %-ni təşkil edir. Məşğul əhalinin 15,5 %-i dövlət sektorunda, 84,5 %-i isə qeyri dövlət sektorunda çalışır.

Rayonda 7147 nəfər əmək pensiyaçısına xidmət edilmişdir. 2014-cü ilin I rübündə 1384 ailəyə ünvanlı sosial yardımla bağlı xidmət göstərilmişdir ki, bu ailələrin də 175-i son 3 ayda qeydə alınmışdır. Ümumilikdə yardım alan ailə üzvlərinin sayı 6334 nəfər olmuşdur.

Rayon İcra Hakimiyyətinə maddi ehtiyacına köməkliklə bağlı müraciət etmiş 19 nəfərə ümumilikdə 2800 manat yardım göstərilmişdir.

Rayon əhalisinin ümumi pul gəliri 52,1 milyona manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon manat və ya 3,4% artım təşkil edir.

Bu ilin birinci rübündə rayon Məşğulluq Mərkəzinə 106 nəfər işlə təmin olunmalarına görə müraciət etmiş, onlardan 87 nəfəri işlə təmin olunmuşdur, 19 nəfərə işsiz statusu verilmişdir. Hesabat dövründə rayonun idarə və müəssisələrində 112 iş yeri açılmışdır ki, bunlarda da 59-u daimi iş yerləridir.

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Hesabat dövründə tərəfimizdən 14 nəfər Qarabağ müharibəsi əlilinə daxili imkanlar hesabına hər ay 40 manat həcmində vəsait verilməsi davam etdirilmişdir, 300 şəhid və digər imkansız ailələrə Novruz bayramı münasibətilə 7500 manat verilmişdir. Ümumilikdə rüb ərzində rayon İcra Hakimiyyəti tərəfindən 328 nəfərə 11400 manat məbləğində maddi yardım və köməklik göstərilmişdir.

Rayon ərazisində məskunlaşan 124 ailə olmaqla 424 nəfər qaçqın, 424 ailə olmaqla 1604 nəfər köçkün ailələrinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll edilməsinə səy göstərilmişdir.

2014-cü ilin birinci rübündə rayon büdcəsinin gəlir hissəsi 944,580 manat proqnoza qarşı 997,474 manat və ya 105,6% icra olunmuşdur.

Rayon büdcəsinin xərcləri 2 milyon 393 min 663 manat təyinata qarşı 1 milyon 650 min 515 manat, yəni 69 % icra edilmişdir.

Qanunçuluğun təmin olunması, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmışdır.

Rayon ərazisində 2014-cü ilin I rübü ərzində 38 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan şəxsiyyət əleyhinə 6, ağır və xüsusilə ağır cinayət 2, az ağır 28, böyük ictimai təhlükə törətmədən cinayətlər 8, yüngül xəsarət yetirmə 2 və 6 oğurluq hadisəsi olmuşdur. Ağır cinayətlərin 1-i qəsdən adamöldürmə, 1-i isə külli miqdarda narkotik maddənin saxlanması və satışı ilə əlaqədar olmuşdur.

Narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması üzrə 14 fakt olmuşdur. Onlardan 3-ü satış məqsədi ilə, 11 fakt isə saxlanılması ilə əlaqədar olmuşdur.

Yol hərəkət qaydalarının pozulması ilə əlaqədar 7 fakt qeydə alınmışdır.

Baş vermiş cinayətlərin açılması 91,1 % təşkil etmişdir.

Rayon Prokurorluğunun icraatında 2014-cü ilin I rübü ərzində 5 cinayət işi olmuşdur. Həmin cinayət işlərindən 2-nin ibtidai istintaqı tamamlanmış, 01.04.2014-cü il tarixə isə 3 cinayət işi qalıq qalmışdır.

Vətəndaşlardan rayon Prokurorluğuna cəmi 31 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 1-i bilavasitə rayon Prokurorluğunda həll edilmiş, 25-i aidiyyəti üzrə baxılması üçün digər təşkilatlara göndərilmiş, 5-i isə istintaq edilən cinayət işlərinə və həll olunmuş materiallara əlavə edilmişdir.

2014-cü ilin birinci rübündə Notariat Kontorunda 1710 notariat əməliyyatı rəsmiləşdirmiş və bunun üçün 14048,50 manat dövlət rüsumu ödənilmişdir.

2014-cü ilin I rübündə rayon qeydiyyat şöbəsində 300 doğum, 99 nikah, 105 ölüm qeydi rəsmiləşmişdir. 26 nikah pozulması qeydə alınmışdır. Qeydiyyat əməliyyatları ilə əlaqədar 996 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin I rübündə rayon İcra Hakimiyyətinə 204 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 64-ü Prezident Administrasiyasından, 2-si Milli Məclisdən, 2-si Nazirlər Kabinetindən, 11-i Respublikanın digər rəhbər təşkilatlarından, 125-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2014-cü ilin birinci rübündə İcra Hakimiyyətinin Başçısı tərəfindən 126 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 53 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər

Keçidlər