Korrupsiya nədir ?
Hüquqşünaslarla söhbətimizdən və müvafiq qanunları, ədəbiyyatı araşdırdıqda bəlli oldu ki, korrupsiya dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz.
Həmin biznesmenin əməli rüşvət cinayətinə aiddir. Korrupsiya isə yuxarıda qeyd edildiyi kimi, yalnız rüşvət, yəni konkret pul, bahalı əşya və s. alma anlamına gəlmir. Məsələn, hansısa nazir müavini müəyyən maraqlar naminə inhisarçı, cinayətkar qruplaşmanın xeyrinə qanundankənar hansısa göstəriş verirsə və bu göstəriş nəticəsində sadə insanlar zərər çəkirsə, bu artıq korrupsiya cinayətidir. Yaxud yüksək vəzifəli, siyasi rəhbərliyə aid olan şəxsin başçılığı altında dövlət vəsaitlərinin mütəşəkkil qrup halında talan edilməsi, mənimsənilməsi də korrupsiyaya aiddir.
Adətən əhalimizin əksəriyyəti korrupsiyanı məmurlara rüşvət verilməsi və ya məmurların rüşvət alması kimi başa düşür. Bəziləri korrupsiyanı oğurluq, dövlət pulunun və ya malının mənimsənilməsi və ya fərdin tutduğu vəzifəsindən şəxsi mənfəəti üçün sui-istifadə etməsi kimi təsəvvür edir. Rüşvət korrupsiya kateqoriyasına aid cinayət olsa da, o hələ korrupsioner demək deyil. Rüşvəti dövlət qulluqçusu olmayan adam da ala bilər. Məsələn, hansısa şirkətə işə düzəlmək üçün dövlət qulluqçusu olmayan, bələdiyyə üzvü olan, yaxud heç bir yerdə işləməyən, ictimai fəaliyyətlə məşğul olan adam da. Cinayət Məcəlləsində rüşvətalma 311-ci maddədə əksini tapır.
Maddə 311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya almasıdır...
Sonda müqəddəs kitabımız olan Qurani-Kərimdə buyurulur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!”