Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzil-kommunal təsərrüfatı sahəsində struktur dəyişiklikləri ilə bağlı iclas keçirildi.

10 iyul 2026 | 14:29

Hacıqabul şəhər Folklor evində Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsinin birləşdirilməsi və onların bazasında "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC-nin yaradılması ilə əlaqədar iclas keçirilmişdir.

İclasda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də kommunal təsərrüfat sahəsində çalışan əməkdaşlar iştirak etmişlər.

İclasda çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli 408 nömrəli "Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Qərarından irəli gələn vəzifələr, həyata keçirilən struktur dəyişikliklərinin mahiyyəti və qarşıda duran məqsədlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 01 iyul 2026-cı il tarixli 114 nömrəli sərəncamına əsasən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilmiş, onların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC yaradılmış və müəssisənin Nizamnaməsi təsdiq olunmuşdur. Qeyd etmişdir ki, aparılan struktur islahatının əsas məqsədi mənzil-kommunal təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, kommunal xidmətlərin vahid mərkəzdən təşkili, dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yeni yaradılmış "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC-nin rəisi vəzifəsinə təyin olunmuş Aqil Aslanovu kollektivə təqdim etmişdir. Rayon rəhbəri Aqil Aslanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamış, müəssisənin işinin müasir tələblərə uyğun təşkili, kommunal xidmətlərin operativ və keyfiyyətli göstərilməsi, əmək və icra intizamının gücləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması istiqamətində müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

İclasın sonunda yeni yaradılmış müəssisənin qarşıda duran vəzifələri müzakirə olunmuş, fəaliyyətin səmərəli təşkili ilə bağlı aidiyyəti tapşırıqlar verilmişdir.

Keçidlər