Hacıqabul rayon İcra Hakimiyyətində “Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə tədbir keçirildi.
23.06.2022-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətində “Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə tədbir keçirildi. Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov açdı və məruzə ilə çıxış etdi:
1995-ci ildə ümumxalq referendumu yolu ilə Heydər Əliyev zəkasının məhsulu olan ”İnsan Haqları manifesti” adlanan Azərbaycan konstitusiyası qəbul edildi və müasir dünya tələblərinə cavab verən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsası qoyuldu.
Azərbaycan konstitusiyası müasir dünyada qəbul edilmiş qaydalara uyğun olaraq hakimiyyətin üç qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə Azərbaycanda Dövlət İdarəçiliyinin və Dövlət Qulluğu sisteminin yaradılmasına start verildi.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli fərmanı ilə Respublikanın idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Bu komissiya öz fəaliyyətində Dövlət Qulluğunun əsas istiqamətlərini yeni konstitusiyaya əsaslanaraq mühüm aktlardan biri olan Dövlət Qulluğu Konsepsiyasını müəyyənləşdirdi. Bunun nəticəsi olaraq 21 iyul 2000-ci il tarixdə ”Dövlət Qulluğu haqqında” Qanun imzalanmışdır.
Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, sıravi vətəndaşların rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin əhəmiyyətli bir təbəqəsini təşkil edən Dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bütün məsələləri tənzimləyir. ”Dövlət Qulluğu haqqında” Qanun Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlamışdır.
Heydər Əliyev idarəçilik sisteminin kökündə açıq siyasətin həyata keçirilməsi, bu siyasətin xalqa xidmət etməsi dururdu.
Son illərdə Respublikamızın həyatında əhəmiyyətli hadisələrdən biridə xalqımızın taleyüklü problemi olan və uzun illər müşkülə çevrilmiş Qarabağ probleminin həll edilməsinə nail olunması oldu. Nəyi necə və nə zaman etməyi dəqiq bilən Müzəffər Ali Baş Komandanımızın parlaq zəkası və cəsur ordumuzun qəhrəmanlığı sayəsində düşmənin bir neçə il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 günə düşmən tapdağından azad edildi.
Qarabağ savaşında əldə olunan nailiyyətlər Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hərbi siyasətinin bariz təzahürüdür.
İşğaldan azad olan torpaqlarımız Azərbaycan Respublikasının suveren ərazi bütövlüyünə daxil edildi və həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanmağa başladı. Hazırda Azərbaycanın dövlət yuridistikasına daxil olmuş həmin ərazilərdə yeni sosial layihələr, dövlət infrastrukturlarının bərpası, məcburi köçkün düşmüş əhalinin doğma yurd yuvalarına qayıdaraq azad həyatın canlandırılması istiqamətində proseslər davam edir.