Ümumtəhsil məktəbində vətən müharibəsi iştirakçısı olmuş təhsil işçiləri ilə birlikdə “8 Noyabr- Zəfər Günü” münasibəti ilə tədbir keçirilmişdir.
06 noyabr 2023-cü il tarixində Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbində vətən müharibəsi iştirakçısı olmuş təhsil işçiləri ilə birlikdə “8 Noyabr-Zəfər Günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Daha sonra məktəblilərin “8 Noyabr-Zəfər Günü” nə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon Təşkilatının sədri İsmayıl İbrahimov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov 44 günlük vətən müharibəsində Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik bacarığı və cəsur əsgərlərimizin şücaəti sayəsində torpağlarımızın düşmən tapdağından azad olunmasından, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış parlaq qələbəmizdən söhbət açdılar. Tədbirdə həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın öz suveren ərazisində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ ərazisinin terrorçu qüvvələrdən tamamilə azad olunduğu və şanlı bayrağımızın Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərə ərazilərində də qaldırıldığı xüsusi qeyd olundu. O da vurğulandı ki, düşmən üzərində qələbənin əldə olunması uğrunda canını vermiş Şəhidlərimizin əziz xatirəsini xalqımız daima uca tutacaqdır, Qazilərimiz və müharibə iştirakçılarımız həmişə dövlətimiz və xalqımız tərəfindən diqqət və qayğı ilə əhatə olunacaqdır.
Bundan sonra məktəblilərin ifasında tədbirin bədii hissəsi başlandı. Tədbirin gedişində öz çıxışı ilə fərqlənən məktəblilər Diplomla təltif edildilər.
Sonda Vətən müharibəsi iştirakçıları çay süfrəsi ətrafında dəvət olundular. Onlarla səmimi söhbət aparıldı.