Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə Hacıqabul şəhər Folklor klubunda “Qisas qiyamətə qalmadı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da bir sıra silsilə tədbirlər keçirilib. Hacıqabul şəhər Folklor klubunda “Qisas qiyamətə qalmadı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, şəhid ailələri və vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları soyqırıma məruz qalmış şəhidlərin, o cümlədən vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad etdilər. Anım tədbirində insanlığa sığmayan bu qanlı faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacib olduğu vurğulandı.
Hacıqabul rayon mədəniyyət işçilərinin təşkilatçılığı ilə nümayiş olunan kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilmiş, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanmışdır.