Şriftin ölçüsü :

Saytın rəngi :

Zeynalov Fikrət Hikmət oğlu

2021/05/fikre-1621973403.jpg

Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən bir də şəhid Fikrət Zeynalov olub.

Fikrət Hikmət oğlu Zeynalov 1995-ci ildə Hacıqabulun Rəncbər kəndində dünyaya göz açıb.2013-2017-ci illərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.

Fikrət Zeynalov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Fikrət Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirmişdir. Fikrət Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fikrət Zeynalov ölümündən sonra bir sıra medallarla təltif edilib.

“Vətən uğrunda” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“Vətən müharibəsi iştirakçısı” medalı.

Atası deyir ki, Fikrət elə uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Daim hərbçi olmaq istəyib. Hətta 9-cu sinifdə oxuyarkən sənədlərini toplayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edir. Amma tibbi komissiyadan keçə bilmir. Məyus olsa da, arzularının onu hərb sahəsinə gətirəcəyinə həmişə ınanıb. Ruhdan düşməyərək ali məktəbə daxil olub, bitirib və həvəslə əsgərliyə yollanıb. Qismətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək düşüb. Burada hərb sənətinə daha çox aludə olan Fikrətin vətəni qorumaq bütün həyatının amalına çevrilib. Xidməti müddəti başa çatsa da, o, müqavilə bağlayaraq hərbidə qalmağa qərar verib.

Bütün müharibə dövründə şərəflə torpaqlarımızı qoruyan gizirimizin ailəsi oğlunun canından artıq sevdiyi vətəni uğrunda şəhid olması ilə qürur duyurlar. Onsuzluq çətin olsa da, ordumuzun zəfər çalması, Fikrətin ruhunun nisgilli qalmaması onlara təsəllidir.

Mirzə deyir ki, təkcə qardaşını yox, hər sirrini bölüşüb, ona dayaq olan birini itirib. Amma qardaşı fəxarət duyulası vətən yolu keçdiyinə görə qürurludur. Axı şəhidlik zirvəsinə yüksəlmək hər kəsə nəsib olmur!

XTQ-nin giziri olan Fikrət Zeynalov həyatını vətən uğrunda fəda etdi. Ölümündən sonra cəsur vətən oğlu elə "Vətən uğrunda" medalı ilə təltif edildi.

Keçidlər