Şriftin ölçüsü :

Saytın rəngi :

Statistik hesabat

2015-ci ildə Hacıqabul rayonunun əsas demoqrafik

göstəriciləri

2016-cı ilin əvvəlinə rayon əhalisinin sayı 72,5 min nəfər olmuşdur. Əhalinin ümumi sayından 36,5 min nəfəri və ya 50,3 faizi şəhər, 36,0 min nəfəri və ya 49,7 faizi isə kənd sakinləridir. Ötən il ərzində rayon əhalisinin sayı 1,2 min nəfər və ya 1,7 faiz artmışdır. Beləliklə, rayon əhalisinin sıxlığı bir kvadrat kilometrə 45 nəfər təşkil etmişdir.

Rayon əhalisinin 49,4 faizini kişilər, 50,6 faizini isə qadınlar təşkil edir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, rayonda hər 1000 kişiyə 1024 nəfər qadın düşür.

Rayon əhalisinin orta yaş həddi 31,8, o cümlədən, kişilər üçün 30,7, qadınlar üçün isə 32,9 yaş təşkil edir. Əhalinin yaş strukturuna gəldikdə isə bu qruplaşma aşağıdakı qaydada səciyyələnir. Rayon əhalisinin ümumi sayından 25,0 faizi 0-14 yaşda, 69,8 faizi 15-64 yaşda, 5,2 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər rayon əhalisinin 28,3 faizini təşkil edir. Onların da yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayırlar. Artıq uzun illərdir ki, rayon əhalisinin artımı təbii hərəkət, məhz doğum hesabına baş verir. Rayonun demoqrafik göstəricilərinə nəzər salarkən görərik ki, 2015-ci il ərzində rayonda 1471 nəfər, gündə təqribən 4 körpə dünyaya gəlmişdir. Doğulan körpələrin 51,1 faizini oğlanlar, 48,9 faizini isə qızlar təşkil etmişdir. Rayon üzrə doğulan körpələrin 42,3 faizi şəhər yerlərində, 57,7 faizi isə kənd yerlərində qeydə alınmışdır. Bu dövrdə doğulanların 152 nəfəri və ya 10,3 faizi rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gəlmişdir ki, bunların da 82,3 faizi 15-29 yaşda olan qadınlar tərəfindən qeydə alınmışdır. Rəsmi qeydə alınmamış nikahdan doğulan körpələrin 36,8 faizi şəhər, 63,2 faizi isə kənd yerlərində dünyaya gəlmişdir. 2014-cü illə müqayisədə Hacıqabul rayonunda əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 20,6-dan 20,5-ə qədər azalmışdır. Ötən il rayonda 430 ölüm halları qeydə alınmışdır ki, bunlardan da 55,1 faizi kişilər, 44,9 faizi isə qadınlar olmuşdur. Rayon üzrə ölüm göstəricisinin 48,1 faizi şəhər yerlərində, 51,9 faizi isə kənd yerlərində qeydə alınmışdır. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,5-dən 6,0-ya qədər artmışdır. Bu dövrdə əhalinin təbii artım göstəricisi ötən illə müqayisədə 15,1-dən 14,5-ə qədər azalmışdır.

2015-ci il ərzində bir yaşa qədər ölən uşaqların 47,1 faizi oğlanlar, 52,9 faizi isə qızlar olmuşdur. Ölən körpələrin 58,8 faizi şəhər, 41,2 faizi isə kənd yerlərində qeydə alınmışdır. 2014-cü illə müqayisədə hər 1000 nəfər diri doğulana bir yaşa qədər uşaq ölümü 4,7-dən 4,9-a qədər artmışdır. Əvvəllər olduğu kimi, körpə ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinatal dövrdə əmələ gələn xəstəliklər, eləcə də yoluxucu və parazitar xəstəliklərdir. 2015-ci il ərzində Hacıqabul rayonunda hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlərdə heç bir ana ölümü faktı qeydə alınmamışdır. Ümumilikdə bu göstəriciləri 2005-ci illə müqayisə etsək görərik ki, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 22,7-dən 20,5-ə qədər, ölüm faktlarında 6,1-dən 6,0-ya qədər, hər 1000 nəfər diri doğulana bir yaşa qədər uşaq ölümü isə 9,9-dan 7,9-a qədər azalmışdır .

Respublikanın başqa bölgələrində olduğu kimi Hacıqabulda da ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr və tənəffüs orqanlarının xəstəlikləridir. Doğumun səviyyəsinə nikaha daxil olanların sayı da əhəmiyyətli dərəcədə təsir göstərir. 2015-ci ildə Hacıqabul rayonu üzrə bağlanmış 586 nikahdan 45,2 faizi şəhər, 54,8 faizi isə kənd yerlərində qeydə alınmışdır. Bu dövrdə rayon üzrə qeydə alınmış 65 boşanma faktlarının 60,0 faizi şəhər, 40,0 faizi isə kənd yerlərində olmuşdur. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 8,4-dən 8,2-yə qədər, boşanmaların sayı isə 1,1-dən 0,9-a qədər azalmışdır.

Rayonda əhalinin ümumi sayının artıb-azalmasında əsas amillərdən biri də əhalinin miqrasiyasıdır. 2015-ci ildə daimi yaşamaq üçün rayona 332 nəfər gəlmiş, 157 nəfər isə rayondan getmişdir. Deməli, 2015-ci ildə bizim rayonda miqrasiyanın müsbət saldosu 175 olmuşdur. 1988-ci ildə erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərin nəticəsi olaraq respublikamızda bir milyondan çox qaçqın və məcburi köçkün məskunlaşmışdır. 2016-cı il yanvarın 1-i vəziyyətinə Hacıqabul rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərin sayı 2054 nəfər olmuşdur.

Rayon əhalisi öz ana dilində - Azərbaycan dilində sərbəst danışan əhalidir.

 

 Hacıqabul Rayon Statistika İdarəsi

Keçidlər