Şriftin ölçüsü :

Saytın rəngi :

Statistik hesabat

   2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunun sosial, iqtisadi inkişafı

 

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunun iqtisadi və sosial həyatında son illərdə müşahidə olunan yüksəliş nəzərə çarpacaq dərəcədə yenə davam etmiş və rayonun iqtisadiyyatının inkişafını əks etdirən makrogöstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Əhali. Hacıqabul rayonu 1990-cı ildə yaranmış rayonlardandır. Ərazisi 1,60 min kv.km-dir və respublika ərazisinin 1,9 faizini təşkil edir. Rayon üzrə əhalinin sıxlığı 1 kv.km-ə 45 nəfər təşkil edir. Hacıqabul rayonu respublikanın Abşeron, Qaradağ, Qobustan, Salyan, Sabirabad, Kürdəmir, Ağsu, Şamaxı rayonları və Şirvan şəhəri ilə həmsərhəddir. Rayonun özü 25 kənd, 5 qəsəbə və 1 şəhərdən ibarətdir.

 2016-cı il iyulun 1-i vəziyyətinə Hacıqabul rayonunun əhalisinin sayı 73,0 min nəfər, o cümlədən şəhər əhalisinin sayı 36,8 min nəfər, kənd əhalisinin sayı isə 36,2 min nəfər olmuşdur. 2016-cı ilin yanvar-iyun ayları ərzində rayon əhalisinin sayı 0,5 min nəfər və yaxud 0,7 faiz artmışdır.

Araşdırılan dövrdə Hacıqabul rayonunda 422 nəfər qaçqın, 1608 nəfər məcburi köçkün məskunlaşmışdır.

Rayon əhalisinin 50,6 faizini qadınlar, 49,4 faizini kişilər təşkil edir. Hacıqabul rayonunda əhalinin milli tərkibində əsas yeri ötən illərdə olduğu kimi azərbaycanlılar, ruslar və türklər tutmuşdur.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda 696 doğum və 210 ölüm faktı qeydə alınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 19,3-dən 19,2-yə qədər, ölənlərin sayı əhalinin hər 1000 nəfərinə 6,1-dən 5,8-ə qədər azalmışdır.

2016-cı ilin I yarımili ərzində rayonun VVADQ orqanları tərəfindən 224 nigah və 38 boşanma qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə rəsmi qeydə alınan nigahların sayı 9,9-dan 6,2-yə qədər azalmış, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artmışdır.

2016-cı ilin yanvar-iyun ayları ərzində Hacıqabul rayonuna müxtəlif ünvanlardan 109 nəfər qeydiyyata düşmüş, 65 nəfər isə qeydiyyatdan çıxmışdır. Beləliklə, bu dövrdə rayonda miqrasiyanın saldosu müsbət 44 nəfər olmuşdur. Bu dövrdə rayonda əhalinin ümumi artımı 530 nəfər təşkil etmişdir.

 

Səhiyyə. Hacıqabul rayonunda 166 çarpayılıq 3 xəstəxana,12 ambulatoriya müəssisəsi əhaliyə müxtəlif səhiyyə xidmətləri göstərmişdir. Hesabat dövründə bu səhiyyə müəssisələrində 74 həkim, 219 nəfər orta tibb işçisi çalışmışdır.

Yanvar - iyun aylarında rayon əhalisinin hər 10 min nəfərinə 10,1 həkim, 30,0 orta tibb işçisi, 22,7 xəstəxana çarpayısı düşmüşdür. Hesabat dövründə səhiyyə ocaqlarına müxtəlif xəstəliklərdən 100610 xəstə müraciət etmişdir. Müraciət edən xəstələrdən 648 nəfəri xəstəxana şəraitində müalicə olunmuşdur.

Bu dövrdə qeydə alınmış xəstəliklər arasında qan dövranı xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri, əsəb sistemi xəstəlikləri üstünlük təşkil etmişdir.

 

Təhsil və Mədəniyyət. Hacıqabul rayonunda son illər təhsil və  mədəniyyətin səviyyəsinin dəyişməsi halları müşahidə olunmaqdadır. 2015 - 2016-cı tədris ilinin əvvəlinə rayonda 33 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində 9711 nəfər şagird qeydə alınmışdır ki, bu da ötən tədris ili ilə müqayisədə 83 nəfər və yaxud 0,8 faiz çoxdur. Hesabat dövründə rayon təhsil sistemində 860 nəfər işçi çalışmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 nəfər və yaxud 2,9 faiz az olmuşdur.

2016-cı ilin I yarımili ərzində Hacıqabul rayonunda 3 məktəbəqədər müəssisə fəaliyyət göstərmişdir ki, bu müəssisələrdə tərbiyə alan uşaqların sayı 170 nəfər, rayonun məktəbəqədər müəssisələrində işləyənlərin sayı isə 47 nəfər təşkil etmişdir.

Mədəniyyət sahəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Hacıqabul rayonu üzrə 27 kütləvi kitabxana, 19 klub müəssisəsi fəaliyyət göstərmişdir. 2016-cı ilin yanvar-iyun aylarında rayonun mədəniyyət sahəsində çalışanların orta aylıq sayı 232 nəfər təşkil etmişdir.

 

Pensiya təminatı. 2016-cı il iyulun 1-nə Hacıqabul rayonunda 7330 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş, onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 171,5 manat təşkil etmişdir. Qocalığa görə pensiya təyin olunmuşların sayı 4119, əlilliyə görə 1938, ailə başçısının itirilməsinə görə 1273 nəfər olmuşdur. Əhalinin Sosial Müdafiəsi Mərkəzində isə 2016-cı il iyulun 1-i vəziyyətinə 3423 nəfər müavinət alan qeydiyyatda olmuş, təyin olunmuş aylıq müavinətlərin orta məbləği 71,2 manat təşkil etmişdir.

2016-cı il iyulun 1-i vəziyyətinə rayonda 3521 nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bir nəfərə düşən yardımın orta aylıq həcmi 33,7 manat olmuşdur.

 

Əmək bazarı. Əhalinin həyat səviyyəsinin formalaşmasında digər amillərlə  yanaşı məşğulluğun dəyişməsi və onun əmək bazarına təsiri mühüm rol oynayır.

2016-cı il iyulun 1-i vəziyyətinə Hacıqabul rayonunda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,4 min nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin tərkibinin 49,9 faizini təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin xüsusi çəkisi 98,6 faiz, məşğulluq xidmətləri orqanı tərəfindən işsiz statusu verilmişlərin xüsusi çəkisi isə 1,4 faiz olmuşdur.

Rayon üzrə məşğul əhalinin 15,1 faizi dövlət sektorunda, 84,9 faizi isə qeyri-dövlət sektorunda çalışır. Bazar iqtisadiyyatına keçid şəraitində Hacıqabul rayonunun sosial-iqtisadi simasını müəyyən edən amillərdən biri də əhalinin məşğulluğudur.

Son illərdə rayondakı məşğul əhalinin tərkibində dövlət sektorunun payının tədricən azalması, qeyri-dövlət sektorunun payının artması müşahidə olunur. Xüsusi mülkiyyətdə olan sahələrdə məşğul əhalinin əsas hissəsi tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sferalarında çalışır.

Rayon məşğulluq xidməti orqanı tərəfindən 2016-cı il iyulun 1-nə rəsmi işsiz statusu almış şəxslərin sayı 528 nəfər kimi qeydə alınmışdır. Bu işsizlərin 47,4 faizini qadınlar, 52,6 faizini kişilər təşkil etmişdir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı 310,2 manat olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çoxdur. Ən yüksək əmək haqqı maliyyədə, nəqliyyatda, rabitədə, tikintidə, idarəetmədə qeydə alınmışdır. 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda 938 yeni iş yeri açılmışdır ki, bunların da bilavasitə 859-i daimi iş yerləridir.

 

Məhsul buraxılışı. 2015-ci ilin yekunlarına görə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 219780,1 min manat olmuşdur. Rayon üzrə məhsul buraxılışının ötən ilin faktiki qiymətlərlə müqayisədə fiziki həcm indeksi 93,7 faiz olmuşdur.                                                      

Məhsul buraxılışının əsas hissəsi kənd təsərrüfatı istehsalı (54,2 faiz), ticarət və xidmət (26,6 faiz), tikinti (15,6 faiz) sektorlarının payına düşmüşdür. Sənaye, rabitə və nəqliyyat sahəsində məhsul buraxılışının həcmi isə müvafiq olaraq 1,9 faiz, 0,3 faiz və 1,4 faiz olmuşdur.

Əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə sənayedə 3,2 faiz, kənd təsərrüfatında 2,4 faiz, nəqliyyatda 5,0 faiz, ticarət və xidmət sahəsində 4,6 faiz artım müşahidə olunmuşdur.

2016-cı ilin yanvar-mart aylarında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 43669,6 min manat olmuşdur. Rayon üzrə məhsul buraxılışının ötən ilin faktiki qiymətlərlə müqayisədə fiziki həcm indeksi 95,3 faiz təşkil etmişdir.   

2016-cı ilin I rübündə rayon iqtisadiyyatının istehsal sahələrində məhsul buraxılışının həcmi 24782,4 min manat, xidmət sahələrində isə 18887,2 min manat olmuşdur. Rayonun məhsul buraxılışı həcmində istehsal sahələrinin payı 56,8 faiz, xidmət sahələrinin payı isə 43,2 faiz təşkil etmişdir.

Məhsul buraxılışının əsas hissəsi kənd təsərrüfatı istehsalı (49,8 faiz), ticarət və xidmət (41,2 faiz), tikinti (4,0 faiz) sektorlarının payına düşmüşdür. Sənaye, rabitə və nəqliyyat sahəsində məhsul buraxılışının həcmi isə müvafiq olaraq 2,9 faiz, 0,4 faiz və 1,7 faiz olmuşdur.

Əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə kənd təsərrüfatında 7,0 faiz, nəqliyyatda 8,8 faiz, rabitədə 28,5 faiz, ticarət və xidmət sahəsində isə 2,3 faiz artım müşahidə olunmuşdur.

 

Kənd təsərrüfatı. Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında qarğıdalı, kartof, meyvə və üzüm və məhsulu da istehsal edilir. İlk dəfə olaraq Hacıqabul rayon ərazisində soya və şəkər çuğunduru bitkilərinin əkininə başlanılmışdır.

Belə ki, rayon üzrə 4094 hektar sahəyə yazlıq bitkilər, o cümlədən 632 hektar sahəyə çoxillik otlar, 778 hektar sahəyə tərəvəz, 1572 hektar sahəyə bostan bitkiləri, 346 hektar sahəyə dən üçün qargıdalı, 40 hektar sahəyə soya, 160 hektar sahəyə şəkər çuğunduru, 526 hektar sahəyə pambıq, 40 hektar sahəyə kartof əkilmişdir.

Keçən illə müqayisədə tərəvəz sahəsi 4 hektar, qarğıdalı sahəsi 296 hektar və kartof sahəsi 1 hektar çox olmuşdur. Bu il əlavə olaraq sahələrə soya, şəkər çuğunduru və pambıq bitkisi əkilmişdir.

Əkilmiş 20927 hektar sahənin 13793 hektarını və ya 65,9 faizini payızlıq dənli bitkilərin, 346 hektarını və ya 1,6 faizini qarğıdalı bitkisi, 778 hektarını və ya 3,7 faizini tərəvəz bitkilərinin, 1572 hektarını və ya 7,5 faizini ərzaq üçün bostan bitkilərinin, 40 hektarını və ya 0,2 faizini kartof bitkisi, 726 hektarını və ya 3,5 faizini texniki bitkilərinin və 3672 hektarını və ya 17,5 faizini keçmiş illəri nəzərə almaqla yem bitkilərinin əkin sahəsi təşkil edir.

18.07.2016-cı il tarixə kimi əkilmiş 13793 hektar sahədən 47310 ton taxıl məhsulu yığılmışdır. 2016-cı ilin məhsulu üçün payızlıq dən sahələrindən 7130 hektarı buğda, 6663 hektarı isə arpa sahəsi olmuşdur. Mövsüm ərzində 25922 ton buğda, 21388 ton arpa məhsulu toplanmışdır. Ümumilikdə rayon üzrə taxıl bitkilərinin məhsuldarlığı hər hektara 34,3 sentner, o cümlədən məhsuldarlıq buğda məhsulu üçün 36,4 sentner, arpa məhsulu üçün 32,1 sentner olmuşdur.

2016-cı ilin 01 iyul tarixinə rayonun kənd əməkçiləri 778 hektar tərəvəz sahəsinin 507 hektarından 5299 ton tərəvəz məhsulu yığmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 21 ton çox tərəvəz məhsulu yığılmışdır. Tərəvəz yığımı  davam edir.

Əvvəlki illərdən fərqli olaraq cari ildə rayonun kənd əməkçiləri 40 hektar sahəyə kartof əkmiş və sahələrdən 439 ton kartof məhsulu yığmışdır.

Rayon üzrə meyvə toplanması da davam edir. 01.07.2016-cı il vəziyyətinə rayon üzrə 2105 ton meyvə toplanmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 ton çox deməkdir. Hal-hazırda meyvə yığımı da davam edir.

Cari ilin altı ayında təqdim olunan statistik məlumatlara və müvafiq hesabatlara görə bütün təsərrüfat kateqoriyalarında 4599 ton diri çəkidə ət, 9840 ton süd, 161605 min ədəd yumurta və 225 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 3,8 faiz, yumurta istehsalı 7,5 faiz artmışdır.

Rayonda 2016-cı ilin iyulun 1-i vəziyyətinə 38206 baş iri buynuzlu mal qara, o cümlədən 16154 baş inək və camış, 135392 baş qoyun və keçi mövcud olmuşdur. 2016-cı ilin I yarısı ilə müqayisədə qaramalın sayı 479 baş, ana inək və camışın sayı 199 baş, qoyun və keçilərin sayı isə 914 baş artmışdır.

2016-cı ilin I yarımilində bitkiçilik və heyvandarlıq məhsullarının keçən ilin müvafiq dövrünə nisbətən artması bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun müqayisəli qiymətlərlə dəyərini artırmağa imkan vermişdir. Cari ilin altı ayı ərzində bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ümumməhsul fondunun artmasına təsir göstərmişdir.

 

Sənaye. 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonu üzrə qeydə alınmış sənaye müəssisələrindən 9-u fəaliyyət göstərmişdir. Bu sənaye müəssisələrindən 6-sı iri, 3-ü isə kiçik sənaye müəssisəsidir.                                  

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonu üzrə sənaye sahəsində 2091,6 min manatlıq faktiki qiymətlərlə sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Qeyd etmək lazımdır ki, sənaye sahəsində faktiki qiymətlərlə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalmışdır. Sənaye sahəsində rayon üzrə işin həcminin əsas hissəsi sənaye xarakterli xidmətlərdir.

Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonu üzrə sənaye xarakterli xidmətlərin həcmi 2081,2 min manat, sənayedə istehsalın həcmi isə 10,4 min manat olmuşdur. Hesabat dövrü ərzində 70,3 Qvt.s elektrik enerjisi, 19,2 mln.kub metr təbii qaz, 0,2 min Qkal. buxar, 6,4 min manatlıq tullantı suları yüklənmişdir.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunun sənaye sahəsində işləyənlərin sayı 967 nəfər olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə çalışanların sayı göstəricisi 113,2 faiz təşkil etmişdir. Hesabat dövründə sənayedə çalışanlara 1719,3 min manat əmək haqqı hesablanmış, bu sahədə işləyən bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 296,4 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə çalışan bir işçiyə düşən əmək haqqı göstəricisi 12,2 faiz artmışdır.

Təbii qaz təchizatı sahəsində çalışanların orta aylıq nominal əmək haqqı göstəricisi rayon üzrə orta aylıq əmək haqqı göstəricisindən daha yüksək olmuşdur.

Respublikamızda azad sahibkarlıq mühitinin formalaşması yeni təsərrüfat formalarının yaranmasına təkan vermişdir. Fərdi sahibkarlıq buna nümunədir.

Cari ilin yanvar-iyun aylarında rayon üzrə sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19,5 min manatlıq məhsul istehsalı qeydə alınmışdır. Fiziki şəxslər tərəfindən sənayedə istehsalın əsas hissəsini çörək məmulatları, plastik qapı və pəncərə istehsalı təşkil etmişdir.

 

Nəqliyyat və rabitə. Son illərdə azad sahibkarlıq mühitinin getdikcə formalaşması yeni nəqliyyat xidməti formalarının yaranmasına təkan vermişdir. Bu da rayondakı nəqliyyat xidmətinin böyük hissəsinin yeni yaradılmış sahibkarlıq subyektlərinin üzərinə yüklənməsinə səbəb olmuşdur.

2016-cı ilin əvvəlinə rayonda 5360 ədəd avtomobil mövcud olmuşdur ki, bunlardan da 81,2 faizi minik, 15,8 faizi yük, 1,9 faizi sərnişin avtobusları, 1,1 faizi isə digər təyinatlı avtomobillər olmuşdur. Hazırda Hacıqabulda hər 100 ailəyə 33 şəxsi minik avtomobili düşür.

2015-ci ilin yanvar-dekabr aylarında rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 250,0 min ton yük, 5418 min nəfər sərnişin daşınmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yükdaşınmalar və sərnişindaşınmalar 5,9 faiz və 6,2 faiz artmışdır.

2016-cı ilin yanvar-iyun aylarında rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 118,0 min ton yük, 2617 min nəfər sərnişin daşınmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yükdaşınmalar və sərnişindaşınmalar 3,5 faiz və 4,1 faiz artmışdır.

Rayon əhalisinin telefon təminatını inkişaf etdirmək üçün 7164 nömrə tutumuna malik olan 20 ATS fəaliyyət göstərmişdir. Əsas telefon aparatlarının sayı 6143 nömrə təşkil etmiş, onların 91,7 faizi əhalinin istifadəsinə verilmişdir. Rayonda hər 100 ailədən 43-nün telefon təminatı vardır.

2015-ci ilin yanvar-dekabr aylarında rayon rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə 588,9 min manatlıq xidmətlər göstərilmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,9 faiz artım deməkdir.

2016-cı ilin yanvar-iyun aylarında rayon rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə 312,7 min manatlıq xidmətlər göstərilmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 10,7 faiz artım deməkdir.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunun rabitə müəssisələrində çalışanların sayı 44 nəfər olmuşdur. Bu sahədə çalışanların əmək haqqı fondu 108,5 min manat, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 411,0 manat təşkil etmişdir. Ötən illə müqayisədə rabitə sektorunda çalışanların ümümi əmək haqqı fondu 8,0 faiz, bu sahədə çalışan bir işçinin orta aylıq nominal əmək haqqı isə 8,0 faiz artımışdır.

 

Tikinti. Respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabul rayonunda da təmir- tikinti və yol, tikinti  işlərinə xüsusi diqqət yetirilir. Bu sahədəki işlər respublika Prezidentinin regionların sosial-iqtisadi inkişaf proqramının təsdiqindən sonra daha da intensivləşdirilmişdir.

2016-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına Hacıqabul rayonunda 5330,9 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 3168,4 min manatlıq investisiyalar yönəldilmişdir. İnvestisiyaların 3090,4 min manatı və ya 97,5 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir. 2016-cı yanvar-iyun aylarında rayon üzrə adambaşına düşən investisiyanın həcmi 44,1 manat təşkil etmişdir.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayon ərazisində 7,4 min kv.m fərdi yaşayış sahəsi istifadəyə verilmişdir.  

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda qeydiyyatdan keçmiş tikinti təşkilatlarından 4-ü fəaliyyət göstərmiş və onlar öz güclərilə 1044,8 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirmişlər. Tikinti quraşdırma işlərinin faktiki qiymətlərlə həcminin ötən ilin müvafiq dövrünə nisbəti 113,2 faiz olmuşdur.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda fəaliyyət göstərmiş podratçı tikinti təşkilatlarında çalışanların orta siyahı sayı 116 nəfər olmuşdur. Bu sahədə çalışanların araşdırılan dövr üçün hesablanmış əmək haqqı fondu 163,0 min manat təşkil etmişdir. Bu sahədə çalışan bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 234,2 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən tikintidə çalışan bir işçinin orta aylıq nominal əmək haqqı 93,0 olmuşdur.                          

İstehlak bazarı. Ölkənin sosial - iqtisadi vəziyyətini xarakterizə edən mühüm təyinedicilərdən biri olan ticarətin əsas göstəriciləri azad sahibkarlığın inkişafını məhdudlaşdıran amillərin aradan qaldırılması üçün verilmiş qanun və formaların tətbiqi ilə əlaqədar respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabulda da xeyli yaxşılaşmışdır.

         Ticarətin göstəricilərinin yaxşılaşmasına Hacıqabul rayonunda ticarətlə

məşğul olan özəl müəssisələrin və fiziki şəxslərin fəaliyyətinin genişləndirilməsi, istehlak mallarının böyuk hissəsinin ticarətin bu kanalları vasitəsilə satılması öz müsbət təsirini göstərmişdir.

Ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin sayının, əmtəə dövriyyəsinin artması Hacıqabul rayonunda ticarətin ardıcıl inkişaf etməsinə əyani sübutdur.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda ticarətin bütün kanalları vasitəsilə əhaliyə 95109,8 min manatlıq müxtəlif istehlak malları satılmış, eyni dövrdə əhaliyə 13880,0 min manatlıq pullu xidmətlər göstərilmişdir.

 Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4 faiz, pullu xidmətlərin həcmi isə 3,5 faiz artmışdır.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda pərakəndə əmtəə dövriyyəsinin həcmi 94310,0 min manat, ictimai iaşə əmtəə dövriyyəsinin həcmi isə 1690,0 min manat olmuşdur.

Pərakəndə qaydada realizə olunmuş istehlak mallarının 8,2 faizi qeydiyyatdan keçmiş ticarət təşkilatları, 4,4 faizi əşya, qarışıq mallar və ərzaq yarmarkası, kənd təsərrüfat bazarı, 87,4 faizi isə digər fiziki şəxslərin payına düşmüşdür.

2016-cı il iyulun 1-nə ticarət təşkilatlarının anbarlarında 10252,6 min manatlıq əmtəə məhsulları qalığı qeydə alınmışdır.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda adambaşına düşən pərakəndə əmtəə dövriyyəsinin orta aylıq həcmi 216,1 manat olmuşdur.

Araşdırılan dövr ərzində Hacıqabul rayonunda əhaliyə 13880,0 min manatlıq  müxtəlif pullu xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,5 faiz çox deməkdir.

Dövlət sektorunda olan təşkilatlar tərəfindən əhaliyə 1390,5 min manatlıq, qeyri-dövlət sektorunda olan təşkilatlar tərəfindən isə 12489,5 min manatlıq müxtəlif pullu xidmətlər göstərilmişdir.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda əhaliyə 2860,0 min manatlıq məişət xidmətləri göstərilmişdir. Əhaliyə göstərilmiş pullu xidmətlərin ümumi həcmində məişət xidmətlərinin payı 20,6 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət xidmətlərinin həcmi 6,2 faiz artmışdır.

 

Qiymət indeksləri. 2016-cı ilin yanvar - iyun aylarında Hacıqabul rayonu üzrə istehlak məhsullarının və xidmətlərinin ötən ilin müvafiq dövrünə nisbətən qiymət indeksi 113,1 faiz təşkil etmişdir. Bu göstərici rayonda istehlak olunan ərzaq məhsulları üzrə 115,9 faiz, qeyri ərzaq məhsulları üzrə 122,8 faiz, xidmətlər üzrə isə 101,1 faiz təşkil etmişdir.                                            

 

Bələdiyyələr. 2000-ci ldən Hacıqabul rayonunda yeni yerli özünü idarəetmə orqanları olan bələdiyyə qurumları fəaliyyət göstərməyə başlamışdır. 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayon bələdiyyələrinin fonduna 98,0 min manatlıq gəlirlər daxil olmuşdur. Bələdiyyə gəlirlərinin 12,8 faizi vergilərdən, 87,2 faizi digər yığımlardan formalaşmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən vergilərdən daxilolmalar 29,2 faiz az , digər yığımlar isə 3,0 dəfə çox olmuşdur. Rayonun bələdiyyə qurumlarında çalışanların sayı 2016-cı ilin yanvar-iyun aylarında 42 nəfər, bu sahədə çalışanların əmək haqqı fondu 36,8 min manat olmuşdur. Bələdiyyədə çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 146,2 manat olmuşdur.   

 

Yanacaq, enerji təchizatı. 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayon büdcə təşkilatları 4261,0 min kvt/saat elektrik enerjisi, 409,4 Qkal. istilik enerjisi, 292,5 min kub metr təbii qaz, 17,5 min kub metr su və 20,1 min manatlıq rabitə və internet xidmətlərindən istifadə etmişlər.

2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayon büdcə təşkilatlarının istehlak etdikləri elektrik enerjisinin, istilik enerjisinin, təbii qaz, su və rabitə xidmətlərinin ümumi dəyəri 332,4 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz az olmuşdur.

Büdcə təşkilatları istifadə etdikləri resursların dəyərinin 75,6 faizini, o cümlədən elektrik enerjisi dəyərinin 73,7 faizini, istilik enerjisi dəyərinin 58,8 faizini, təbii qazın dəyərinin 77,4 faizini, suyun dəyərinin 93,0 faizini, rabitə və intenet xidmətlərinin dəyərinin isə 97,5 faizini ödəmişlər.

 

 

 Hacıqabul Rayon Statistika İdarəsi

Keçidlər