Statistik hesabat
20.09.2016-cı il
2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda ticarətin inkişafı
Hacıqabul rayonunda ticarət və xidmət şəbəkələrinin genişlənməsi nəticəsində son illərdə olduğu kimi 2016-cı ilin yanvar-iyun aylarında da ticarətin göstəriciləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda ticarət sektorunda 9 ticarət müəssisəsi, 218 fərdi sahibkar, 1 bazar və yarmarka fəaliyyət göstərmişdir.
2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonu üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 94310,0 min manat təşkil etmişdir. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin ötən ilin müvafiq dövrünə müqayisəli qiymətlərlə fiziki həcm indeksi 101,4 faiz olmuşdur. Əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi 52,1 faiz, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi isə 47,9 faiz təşkil etmişdir. Başqa sözlə, pərakəndə əmtəə dövriyyəsinin həcmində ərzaq mallarının payı 49100,0 min manat, qeyri-ərzaq mallarının payı isə 45210,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrünə müqayisəli qiymətlərlə fiziki həcm indeksi göstəricisi ərzaq malları üzrə 101,7 faiz, qeyri-ərzaq malları üzrə isə 100,5 faiz təşkil etmişdir.
Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından çörək və bulka məmulatları (6,2 faiz), qənnadı məmulatları (8,6 faiz), ət və quş əti məhsulları (10,6 faiz), kartof və tərəvəz (5,4 faiz), kərə və bitki yağları (5,7 faiz), qeyri-ərzaq mallarından-tikinti materialları (7,4 faiz), benzin və digər yanacaqlar (12,1 faiz), dərman-tibbi təyinatlı mallar (3,2 faiz), elektrik məişət malları (4,8 faiz), paltar-geyim (5,4 faiz), ayaqqabılar (2,8 faiz), dəftərxana malları (3,2 faiz) daha böyük xüsusi çəkiyə malik olmuşdur.
2016-cı ilin birinci yarısında respublika üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Hacıqabul rayonunun payı 0,7 faiz təşkil etmişdir. Rayonun daxil olduğu Aran iqtisadi bölgəsi üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmində Hacıqabulun əmtəə dövriyyəsinin xüsusi çəkisi isə 5,1 faiz olmuşdur.
Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmində hüquqi şəxslərin payı 8,2 faiz və ya 7727,0 min manat, fiziki şəxslərin payı isə 91,8 faiz və ya 86583,0 min manat olmuşdur. Rayon ərazisində hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsinin ötən ilin müvafiq dövrünə müqayisəli qiymətlərlə fiziki həcm indeksi 83,6 faiz, fiziki şəxslər üzrə isə 102,1 faiz olmuşdur. Hüquqi şəxslərin ticarət şəbəkələrindən alınmış istehlak mallarının həcmində ərzaq mallarının payı qeydə alınmamış, qeyri-ərzaq mallarının payı isə 100,0 faiz təşkil etmişdir. Fiziki şəxslər tərəfindən satışı realizə olunmuş malların 56,7 faizi və ya 49100,0 min manatı ərzaq, 43,3 faizi və ya 37483,0 min manatı isə qeyri-ərzaq məhsulları olmuşdur. Ötən ilin müvafiq dövrünə müqayisəli qiymətlərlə fiziki həcm indeksi göstəricisi rayon üzrə fiziki şəxslər tərəfindən pərakəndə qaydada satılmış ərzaq malları üçün 101,7 faiz, qeyri-ərzaq malları üçün isə 102,5 faiz təşkil etmişdir.
Hacıqabul rayonunda qeydə alınmış bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə əmtəə dövriyyəsinin həcmi 4155,0 min manat olmuşdur ki, bu da rayon üzrə ümumi pərakəndə əmtəə dövriyyəsinin 4,4 faizini təşkil edir. 2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonu üzrə bazar və yarmarkalarda qeydə alınmış pərakəndə əmtəə dövriyyəsinin 81,4 faizi və ya 3381,0 min manatı ərzaq mallarının, 18,6 faizi və ya 774,0 min manatı qeyri-ərzaq mallarının payına düşür.
2016-cı ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda ticarətlə məşğul olan digər fiziki şəxslər tərəfindən 82428,0 min manatlıq müxtəlif istehlak malları satılmışdır ki, bu da rayon üzrə əmtəə dövriyyəsinin 87,4 faizini təşkil edir.
2016-cı ilin birinci yarısında Hacıqabulda hər sakinə düşən pərakəndə əmtəə dövriyyəsinin həcmi 1268,7 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Hər sakinə düşən ərzaq malları dövriyyəsi 660,5 manat, qeyri-ərzaq malları dövriyyəsi isə 608,2 manat təşkil etmişdir.
Hesabat dövrünün sonuna rayonun pərakəndə ticarət şəbəkələrində 10252,6 min manatlıq əmtəə məhsulları qalığı qeydə alınmışdır. Bu məhsulların 2,1 faizi və ya 214,6 min manatı hüquqi şəxslərin, 78,6 faizi və ya 8058,0 min manatı fiziki şəxslərin, 19,3 faizi və ya 1980,0 min manatı isə bazar və yarmarkaların anbarlarında qeydə alınmışdır.
2016-cı ilin yanvar-iyun aylarında rayonda topdansatış ticarət şəbəkəsi ilə 799,8 min manatlıq əmtəə məhsulları satılmışdır. Topdansatış şəbəkədə satılmış malların 36,5 faizi və ya 291,8 min manatı hüquqi, 63,5 faizi və ya 508,0 min manatı isə fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Hesabat dövründə rayonda topdansatış ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz azalmışdır. Topdansatış ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə fiziki həcm indeksi hüquqi şəxslərdə 76,4 faiz, fiziki şəxslərdə isə 109,5 faiz təşkil etmişdir. 2016-cı ilin birinci yarısının sonuna rayonda topdansatış şəbəkəsi anbarlarında 785,2 min manatlıq əmtəə qalığı qeydə alınmışdır.
Hacıqabul Rayonu Statistika İdarəsi