Statistik hesabat
18.10.2016-cı il
Hacıqabul rayon iqtisadiyyatında məhsul buraxılışı
İstər 2015-ci ildə, istərsə də 2016-cı ilin birinci yarısında Hacıqabul rayonunun iqtisadiyyatının əksər sahələri üzrə məhsul buraxılışının həm fiziki, həm də faktiki qiymətlərlə həcmində qabarıq və nəzərə çarpan artım hiss olunmuşdur.
2015-ci ildə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi faktiki qiymətlərlə 209928,2 min manat təşkil etmişdir. Əvvəlki illə müqayisədə məhsul buraxılışının fiziki həcm indeksi 89,4 faiz təşkil etmişdir. Əvvəlki illə müqayisədə bütün sahələr üzrə məcmu qiymət indeksi isə 102,3 faiz olmuşdur. Qeyd etmək lazımdır ki, 2015-ci ildə Hacıqabul rayonu üzrə əvvəlki ilin qiymətlərilə məhsul buraxılışının həcmi 205118,1 min manat təşkil etmişdir.
2015-ci ildə rayonda məhsul buraxılışının ümumi həcmində əvvəlki illərdə olduğu kimi əsas yeri kənd təsərrüfatı sektoru tutmuşdur. Belə ki, ötən ildə kənd təsərrüfatı sektorunun rayon üzrə məhsul buraxılışının həcmində payı 56,7 faiz və ya 119056,2 min manat olmuşdur. Əvvəlki illə müqayisədə faktiki qiymətlərlə kənd təsərrüfatında məhsul buraxılışının həcmi 4,0 faiz artmış, ötən ilə müqayisəli qiymətlərlə fiziki həcm indeksi 102,4 faiz, məhsulun əvvəlki ilə faktiki qiymət indeksi isə 101,6 faiz təşkil etmişdir.
Rayon iqtisadiyyatının xarakterik aparıcı sahələrindən olan ticarət xidmətləri və iaşə sektorunda 2015-ci ildə məhsul buraxılışının faktiki qiymətlərlə həcmi əvvəlki illə müqayisədə 5462,0 min manat və ya 10,3 faiz artaraq 58610,8 min manat olmuşdur. 2015-ci ildə iqtisadiyyatın bu sektorunda məhsulun qiymət indeksi 105,4 faiz, fiziki həcm indeksi isə 104,6 faiz təşkil etmişdir. Rayon iqtisadiyyatında ticarət və iaşə sektorundakı məhsul buraxılışının payı 27,9 faiz təşkil etmişdir.
2015-ci ildə rayon iqtisadiyyatının sənaye sektorunda da məhsul buraxılışı həcmində artım hiss olunmuşdur. Belə ki, il ərzində rayon sənayesində faktiki qiymətlərlə məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 2,8 faiz və ya 113,3 min manat artaraq 4154,0 min manat olmuşdur. Sənayedə məhsul buraxılışının fiziki həcm indeksi 103,2 faiz, qiymət indeksi isə 99,6 faiz təşkil etmişdir. Rayon iqtisadiyyatında formalaşan məhsul buraxılışı həcmində sənaye sferasının payı 2,0 faiz qeydə alınmışdır.
2015-ci ildə Hacıqabul rayonunda tikinti sektorunda faktiki qiymətlərlə 24417,9 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Rayon iqtisadiyyatında tikinti sektorunun payı 11,6 faiz olmuşdur. Əvvəlki illə müqayisədə faktiki qiymətlərlə tikinti sektorunda məhsul buraxılışı 55,0 faiz azalmışdır. Tikinti sektorunda məhsulun əvvəlki illə müqayisədə qiymət indeksi 100,0 faiz təşkil etmişdir.
Rayonumuzun iri nəqliyyat xətlərinin qovşağında yerləşməsi, nəqliyyat sektorunun xarakterik sahəyə çevrilməsinə səbəb olmuşdur. 2015-ci ildə rayonda nəqliyyat sektorunda faktiki qiymətlərlə 3016,0 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Əvvəlki illə müqayisədə nəqliyyatda məhsul buraxılışının həcmi 144,4 min manat və ya 5,0 faiz artmışdır. Əvvəlki ilə nisbətən nəqliyyatda məhsul buraxılışının fiziki həcm indeksi 105,0 faiz, qiymət indeksi isə 100,0 faiz təşkil etmişdir. Rayon iqtisadiyyatında nəqliyyat sektorundakı məhsul buraxılışının payı 1,5 faiz olmuşdur.
İl ərzində rayonda rabitə sferasında faktiki qiymətlərlə 673,3 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Bu isə rayon üzrə ümumi məhsul buraxılışının 0,3 faizini təşkil edir. 2015-ci ildə rabitə sferasında ötən ilə nisbətən məhsulun fiziki həcm indeksi 112,1 faiz, qiymət indeksi isə 95,1 faiz olmuşdur.
2015-ci ildə Hacıqabul rayonunda ümumilikdə iqtisadiyyatın istehsal sahələrində 147628,1, xidmət sahələrində isə 62300,1 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Rayon iqtisadiyyatında formalaşan məhsul buraxılışı həcmində istehsal sahələrinin payı 70,3, xidmət sahələrinin payı isə 29,7 faiz təşkil etmişdir.
2015-ci ildə Hacıqabul rayonunda adambaşına düşən məhsul buraxılışının həcmi 2921,6 manat, o cümlədən, kənd təsərrüfatında 1656,9, sənayedə 57,8, tikintidə 339,8, nəqliyyatda 42,0, rabitədə 9,4, ticarət və iaşə sektorunda isə 815,7 manat olmuşdur.
2016-cı ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə ümumilikdə 101388,5 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə məhsul buraxılışının fiziki həcm indeksi 94,3 faiz, qiymət indeksi isə 100,2 faiz təşkil etmişdir. Rayon üzrə məhsul buraxılışının ümumi həcmində kənd təsərrüfatının payı 59,5 faiz, sənayenin payı 2,1 faiz, tikintinin payı 3,1 faiz, nəqliyyat sektorunun payı 1,4 faiz, rabitə sektorunun payı 0,3 faiz, ticarət xidmətinin payı isə 33,6 faiz olmuşdur. Başqa sözlə, 2016-cı ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatının kənd təsərrüfatı sahəsində 60327,2, sənaye sahəsində 2111,1, tikinti sahəsində 1467,1, rabitə sahəsində 312,7, ticarət xidmətləri sahəsində isə 34080,0 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının fiziki həcm indeksi kənd təsərrüfatı sahəsində 106,7 faiz, sənaye sahəsində 95,8 faiz, tikinti sahəsində 22,6 faiz, nəqliyyat sahəsində 104,9 faiz, rabitə sahəsində 122,7 faiz, ticarət xidmətləri sahəsində isə 101,4 faiz təşkil etmişdir.
2016-cı ilin yanvar-iyun aylarında rayonda ümumilikdə iqtisadiyyatın istehsal sahələri üzrə 65528,7, xidmət sahələri üzrə isə 35859,8 min manatlıq məhsul buraxılışı qeydə alınmışdır. Rayon iqtisadiyyatında məhsul buraxılışı həcmində istehsal sahələrinin payı 64,6 faiz, xidmət sahələrinin payı isə 35,4 faiz olmuşdur.
Hacıqabul Rayon Statistika İdarəsi