Statistik hesabat
Əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artmışdır. Cari ilin doqquz ayında istər dövlət müəssisələri, istərsə də fiziki şəxslər tərəfindən müxtəlif ödənişli xidmətlər həyata keçirilmiş və bu xidmətlərin həcmi 21080 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi müqayisəli qiymətlərlə 3,4 faiz artmışdır. Rayonda hüquqi şəxslər tərəfindən reallaşdırılan xidmətlərin həcmində bu artım 2,1 faiz, fiziki şəxslərdə isə 3,6 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, 2016-cı ilin üçüncü rübündə əhaliyə 7200 min manatlıq ödənişli xidmətlər göstərilmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında rayonda əhaliyə göstərilmiş pullu xidmətlərin həcmində hüquqi şəxslərin payı 10,1 faiz və ya 2117,8 min manat, fiziki şəxslərin payı isə 89,9 faiz və ya 18962,2 min manat olmuşdur. Araşdırılan dövrdə rayonda dövlət mülkiyyətində olan müəssisələr tərəfindən əhaliyə 2106,8 min manatlıq ödənişli xidmətlər həyata keçirilmişdir ki, bu da rayon üzrə göstərilmiş ümumi pullu xidmətlərin 10,0 faizini təşkil edir. 2016-cı ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda hər sakinə düşən pullu xidmətlərin ümumi həcmi 289,1 manat, orta aylıq həcmi isə 32,1 manat olmuşdur.
Cari ilin doqquz ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmində məişət xidmətlərinin payı 20,6 faiz və ya 4340 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət xidmətlərinin həcmi 6,0 faiz artmışdır. Bu artım hüquqi şəxslərdə 0,5 faiz, fiziki şəxslərdə isə 6,0 faiz təşkil etmişdir. Rayonda əhaliyə göstərilən məişət xidmətlərinin bilavasitə hamısı qeyri-dövlət mülkiyyətində olan müəssisə və fiziki şəxslər tərəfindən həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, 2016-cı ilin üçüncü rübündə əhaliyə 1480 min manatlıq ödənişli məişət xidmətləri göstərilmişdir. Cari ilin doqquz ayında rayonda hər sakinə göstərilmiş məişət xidmətlərinin ümumi həcmi 59,5 manat, orta aylıq həcmi isə 6,6 manat təşkil etmişdir.
2016-cı ildə rayonda əhaliyə göstərilmiş iaşə xidmətlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda 2570 min manatlıq iaşə dövriyyəsi qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Araşdırılan dövrdə qeydə alınan iaşə dövriyyəsi bilavasitə özəl sektorun hesabına reallaşmışdır. Cari ildə qeydə alınmış iaşə dövriyyəsinin 34,1 faizi və ya 880 min manatı üçüncü rübün payına düşür.