Şriftin ölçüsü :

Saytın rəngi :

Statistik hesabat

 
2016-cı ilin yanvar-sentyabr aylarında Hacıqabul rayonunda 
bələdiyyələrin fəaliyyəti haqqında

 

Respublikanın bütün rayonlarında olduğu kimi, Hacıqabul rayonunda da 1999-cu ildən  yerli bələdiyyə qurumları fəaliyyətə başlamışdır. Belə ki, Hacıqabul rayonunda dövlət  reyestrində qeydiyyatdan keçmiş 15 bələdiyyə orqanı fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən bələdiyyə qurumlarından 1-i şəhər, 3-ü qəsəbə, 11-i isə kənd bələdiyyələridir.

Hacıqabul rayonunda bələdiyyələrin büdcəsi əsasən fiziki şəxslərin torpaq və əmlak vergisindən, bələdiyyə mülkiyyətində olan əmlakın özəlləşdirilməsi və icarəsindən daxil olan gəlirlərdən, dövlət büdcəsinin dotasiya vəsaitlərindən və sair gəlirlərdən formalaşır. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində rayon bələdiyyə qurumları tərəfindən 116,7 min  manatlıq müxtəlif növ yerli vergilər və xidmət haqları toplanmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən bələdiyyələrin büdcəsinə daxilolmalar 30,4 faiz artmışdır. 2016-cı ilin doqquz ayı ərzində bələdiyyə büdcəsinə daxilolmaların 19,4 min manatı və ya 16,6 faizi  vergilərdən, 60,6 min manatı və ya 51,9 faizi bələdiyyə əmlakının özəlləşmə və icarəsindən olan gəlirlərdən, 36,7 min manatı və ya 31,5 faizi isə dövlət büdcəsi tərəfindən ayrılmış dotasiyadan formalaşmışdır. Qeyd etmək lazımdır ki, cari ilin doqquz ayında bələdiyyələr tərəfindən fiziki şəxslərdən 14,0 min manatlıq torpaq vergisi, 5,4 min manatlıq əmlak vergisi yığılmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən vergilərdən daxilolmalar 47,6 faiz azalmış, özəlləşmə və icarədən gəlirlər isə 3,8 dəfə artmışdır. İl ərzində dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyaların həcmi dəyişməmişdir.

Cari ilin doqquz ayında rayonda fəaliyyət göstərən bələdiyyələrin 120,5 min manatlıq büdcə xərcləri qeydə alınmışdır. Belə ki, 2016-cı ilin yanvar-sentyabr aylarında yığılan vergi və rüsumların 73,7 min manatı və ya 61,2 faizi bələdiyyə qurumlarının saxlanılmasına, 4,7 min manatı və ya 3,9 faizi sosial müdafiə və sosial təminat xərclərinə, 17,0 min manatı və ya 14,1 faizi mənzil-kommunal təsərrüfat xərclərinə, 23,6 min manatı və ya 19,6 faizi  nəqliyyat və rabitə xərclərinə, 1,5 min manatı və ya 1,2 faizi isə digər xərclərə sərf olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon bələdiyyələrinin büdcə xərcləri ümumilikdə 41,4 faiz artmışdır. Bilavasitə, bələdiyyələrin saxlanma xərcləri 34,5 faiz, mənzil-kommunal təsərrüfat xərcləri 4,9 faiz, bələdiyyələrin nəqliyyat və rabitə xərcləri isə 3,1 dəfə artmışdır.   

2016-cı ilin yanvar-sentyabr aylarında rayonun bələdiyyə qurumlarında 40 nəfər muzdlu işçi  çalışmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 nəfər və ya 7,0 faiz azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonun bələdiyyə qurumlarında çalışanların hesablanmış əmək haqqı fondu 0,6 faiz artaraq 54,4 min manat təşkil etmişdir. Rayonun bələdiyyə qurumlarında çalışan bir işçiyə düşən nominal orta aylıq əmək haqqı  ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 151,6 manat təşkil etmişdir. Bu dövrdə bələdiyyələrdə çalışanların 10 nəfərini və yaxud 25,0 faizini qadınlar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyələrdə çalışan qadınların sayı 11,1 faiz artmışdır. 2016-cı ilin doqquz ayında bələdiyyə qurumlarında çalışan qadınlara 9,4 min  manat əmək  haqqı hesablanmışdır. Bələdiyyədə çalışan bir qadın işçiyə düşən orta aylıq nominal əmək haqqı 116,0 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  bələdiyyə qurumlarında çalışan qadınlara hesablanmış əmək haqqı fondu 0,4 min manat  və ya 0,8 faiz, bir qadın işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 0,3  faiz artmışdır.

2016-cı ilin əvvəlinə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətində olan əsas fondların balans dəyəri 56,7 min manat olmuşdur.

 

   Hacıqabul Rayon Statistika İdarəsi        

Keçidlər