Statistik hesabat
Hacıqabul rayonunun nəqliyyat şəbəkəsini avtomobil, dəmir yolu, boru kəməri və quru yol nəqliyyatının sair yardımçı fəaliyyəti ilə məşğul olan digər hüquqi və fiziki şəxslər təşkil edir. Bu rayonun nəqliyyat-kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi rayon iqtisadiyyatının, o cümlədən, nəqliyyat sahəsinin inkişafına mühüm təsir göstərmişdir. Rayonun coğrafi mövqeyi ilk növbədə burada yük avtomobil nəqliyyatı və taksi fəaliyyətinin daha qabarıq üzə çıxmasına və inkişafına zəmin yaratmışdır.
2016-cı ildə Hacıqabul rayonunun nəqliyyat sektorunda məhsul buraxılışı faktiki qiymətləri ilə 3154,3 min manat olmaqla, rayon üzrə ümumi məhsul buraxılışının 1,5 faizini təşkil etmişdir. Qeyd etmək lazımdır ki, 2015-ci il üçün bu göstərici 1,4 faiz olmuşdur. 2016-cı ildə nəqliyyat sektorunda məhsul buraxılışının fiziki həcm indeksi 104,6 faiz təşkil etmişdir. Nəqliyyat üzrə məhsul buraxılışının artım sürəti iqtisadiyyatın bütün sektorlarındakı artım sürətlərindən çox olmuşdur.
2016-cı ildə Hacıqabul rayonunda avtomobil nəqliyyatı sektorunda yük daşınmalarının həcmi 259,0 min ton olmuş və əvvəlki illə müqayisədə yük daşınmalarının həcmi 3,6 faiz artmışdır. Hacıqabul rayonu üzrə 2016-cı ildə avtomobil nəqliyyatı ilə yük daşınmalarının həcmi Aran iqtisadi rayonu üzrə yük daşınmaları həcminin 1,3 faizini, respublika üzrə yük daşınmaları həcminin 0,2 faizini təşkil etmişdir. 2016-cı ildə Hacıqabul rayonunda avtomobil nəqliyyatında yük dövriyyəsi 19,2 milyon ton/km olmuşdur. Əvvəlki illə müqayisədə rayonda avtomobil nəqliyyatında yük dövriyyəsi 4,3 faiz artmışdır. Hacıqabul rayonu üzrə 2016-cı ildə avtomobil nəqliyyatında yük dövriyyəsi Aran iqtisadi rayonu üzrə yük dövriyyəsinin 0,9 faizini, ölkə üzrə yük dövriyyəsinin 0,1 faizini təşkil etmişdir.
Son ildə Hacıqabul rayonunda avtomobil nəqliyyatı ilə 5,6 milyon nəfər sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə sərnişin daşınmalarının həcmi 4,0 faiz artmışdır. Daşınmış sərnişinlərin sayına görə rayonumuzun payı Aran iqtisadi rayonu üzrə 2,2 faiz, ölkə üzrə 0,3 faizə bərabər olmuşdur. Eyni dövrdə Hacıqabul rayonu avtomobil nəqliyyatında sərnişin dövriyyəsi 46,4 milyon sərnişin/km təşkil etməklə, əvvəlki illə müqayisədə 5,0 faiz artmışdır. Rayonun 2016-cı ildə avtomobil nəqliyyatında sərnişin dövriyyəsinin həcminə görə xüsusi çəkisi Aran iqtisadi rayonu üzrə 3,6 faiz, respublika üzrə 0,2 faiz təşkil etmişdir.
2016-cı ildə Hacıqabul rayonunda nəqliyyatda yük və sərnişin daşınmalarından əldə olunan gəlirlərin həcmi 3154,3 min manat olmuşdur. Ötən illə müqayisədə nəqliyyatda yük və sərnişin daşınmalarından əldə olunan gəlirlərin həcmi 4,6 faiz artmışdır.
2016-cı ilin sonuna Hacıqabul rayonunda 5671 avtomobil mövcud olmuşdur ki, bunlardan 883-ü yük avtomobili, 106-sı avtobus, 4620-si minik avtomobilləridir. Müvafiq olaraq rayon üzrə ümumi avtomobillərin 15,6 faizini yük avtomobilləri, 1,9 faizini avtobuslar, 81,5 faizini minik avtomobilləri təşkil etmişdir. Ötən illə müqayisədə Hacıqabul rayonunda avtomobillərin cəmi sayı 5,8 faiz, o cümlədən, avtobusların sayı 2,9 faiz, sərnişin minik avtomobillərinin sayı 6,2 faiz, yük avtomobillərinin sayı isə 4,1 faiz artmışdır. Hacıqabul rayonunda 2016-cı ildə mövcud olan avtomobillərdən 319-u hüquqi şəxslərin mülkiyyətində, 5352-si isə fiziki şəxslərin mülkiyyətində qeydə alınmışdır. Fiziki şəxslərin mülkiyyətində olan avtomobillərin 698-i yük avtomobili, 69-u sərnişin avtobusları, 4548-i isə sərnişin minik avtomobilləridir. Hacıqabul rayonu üzrə cəmi yük avtomobillərinin 278-i bortlu, 267-si yükünü özü boşaldan, 287-si xüsusiləşdirilmiş ban ilə olan, 51-i isə yəhərli dartqı ilə olan yük avtomobilləridir. 2016-cı ilin sonuna Hacıqabul rayonunda qeydə alınan avtomobillərin 2502-si və ya 44,1 faizi saz vəziyyətdə olmuşdur. Yük avtomobillərinin 281-i və ya 31,8 faizi, avtobusların 28-i və ya 26,4 faizi, minik avtomobillərinin 2170-i və ya 47,0 faizi saz vəziyyətdə qeydə alınmışdır.
2016-cı ildə Hacıqabul rayonunda hər yüz ailəyə 33 şəxsi minik avtomobili düşmüşdür. Rayonda analoji dövrdə hər 1000 nəfərə 63 minik avtomobili qeydə alınmışdır. Son 6-7 ildə əhalidəki şəxsi minik avtomobillərinin sayının artması davam etməkdədir. 2016-cı ildə Hacıqabul rayonunda hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı eyni iqtisadi rayon daxilində olan Sabirabad rayonu ilə müqayisədə 34,2 faiz, Kürdəmir rayonu ilə müqayisədə isə 43,1 faiz çox olmuşdur.
Poçt rabitəsi ümumilikdə xidmət sferasının aparıcı qollarından biri hesab olunur. Hacıqabul rayonunda 2016-cı ildə poçt xidmətlərindən 113,5 min manatlıq və ya rayon üzrə rabitə və poçt xidmətlərindən əldə olunan gəlirlərin 15,8 faizi qədər gəlir əldə olunmuşdur. 2016-cı ildə 13 stasionar poçt şöbəsi ümumilikdə Hacıqabul rayon əhalisinə xidmət göstərmişdir. Bu şöbələrdən 2-si şəhər, 11-i isə kənd yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. 2016-cı ildə Hacıqabul rayonunda poçt şöbələrinin xidməti ərazisində 14 poçt qutusu, o cümlədən, 12-si kənd yerlərində əhaliyə xidmət göstərmişdir. Eyni dövrdə 4 poçtalyon müvafiq poçtların çatdırılması üzrə fəaliyyət göstərmişdir.
2016-cı ildə yerli poçt müəssisəsi tərəfindən 512 poçt bağlaması göndərilmiş, 204 poçt bağlaması qəbul edilmişdir. Göndərilən bağlamaların bilavasitə 99,2 faizi respublika daxili göndərmələr olmuşdur. 2016-cı ildə rayon üzrə pul baratları göndərişinin sayı 15765, qəbul edilmiş pul baratlarının sayı isə 12035 olmuşdur. Göndərilən və qəbul edilən pul baratlarının 100,0 faizi respublika daxili göndərişlər olmuşdur. 2016-cı ildə göndərilən məktub korrespondensiyalarının sayı 37252, qəbul edilənlərin sayı isə 47315 olmuşdur. Göndərilən məktub korrespondensiyalarının 99,9 faizi, qəbul edilənlərin isə 99,8 faizi respublika daxili göndərişlər olmuşdur. İl ərzində göndərilən sifarişli məktubların və banderolların sayı 22227, qəbul edilənlərin sayı isə 28690 olmuşdur. Göndərilən sifarişli məktubların 99,9 faizi, qəbul edilənlərin isə 99,8 faizi respublika daxili göndərişlər olmuşdur. 2016-cı il ərzində poçt müəssisəsi tərəfindən 836 teleqram göndərilmişdir.
Hacıqabul rayonunun iqtisadiyyatında rabitə xüsusi rola malikdir. Belə ki, 2016-cı ildə rayon üzrə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmində rabitənin payı 0,3 faiz olmuşdur. 2016-cı ildə Hacıqabul rayonunda rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 604,1 min manat, fiziki həcm indeksi isə 96,2 faiz olmuşdur.
Ümumilikdə, 2016-cı ildə Hacıqabul rayon rabitə və poçt müəssisələrinin fəaliyyətindən 717,6 min manatlıq gəlir əldə edilmişdir. Bunun 84,2 faizi telekommunikasiya, 15,8 faizi isə poçt xidmətlərindən formalaşmışdır. Araşdırılan dövrdə rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin 15,0 faizi poçt rabitəsindən, 9,2 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 23,3 faizi şəhər telefon rabitəsindən, 16,1 faizi kənd telefon rabitəsindən, 36,2 faizi internet xidmətlərindən, 0,2 faizi isə sair rabitə xidmətlərindən əldə edilmişdir. Bütövlükdə rabitə və poçt sahəsində əhaliyə göstərilən xidmətlərin həcmi araşdırılan dövrdə 636,1 min manat təşkil etmişdir.
Elektron sistemli telefon stansiyalarının rayon ərazisində quraşdırılıb istifadəyə verilməsi telefon rabitəsi sahəsində xidmətlərin keyfiyyətinə mühüm təsir göstərmişdir. 2016-cı ildə Hacıqabul rayonunda telefon rabitəsi sahəsində 604,1 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da rayon üzrə rabitə və poçt sahəsindəki ümumi xidmətlərin həcminin 84,2 faizini təşkil edir. 2016-cı ildə Hacıqabul rayonunda 892,2 min şəhərlərarası telefon danışığı qeydə alınmışdır. Bunlardan 483,2 mini çıxan, 409,0 mini daxil olan telefon sifarişləri olmuşdur. 2016-cı ildə Hacıqabul rayonunda 17 ATS fəaliyyət göstərmişdir ki, bunlardan bilavasitə hamısı elektron sistemli ATS-lər olmuşdur. Fəaliyyətdə olan ATS-lərdən 15-i kənd yerlərində quraşdırılmışdır. Hacıqabul rayonu üzrə 2016-cı ildə fəaliyyətdə olan ATS-lərin ümumi nömrə tutumu 7164 olmuşdur ki, bunun da 4024-ü şəhər ATS-lərinin, 3140-ı isə kənd ATS-lərinin payına düşür. 2016-cı ildə rayon üzrə əsas telefon aparatlarının sayı 6139 olmuşdur ki, bunlardan da bilavasitə 3467-si şəhər yerlərində, 2672-si isə kənd yerlərində quraşdırılmışdır. Ötən illə müqayisədə şəhər yerlərində telefon aparatlarının sayı 2,7 faiz artmışdır. 2016-cı ildə Hacıqabul rayonunda mənzillərdə olan telefon aparatlarının sayı 5626 nömrə olmuşdur ki, bunlardan da bilavasitə 2624-ü və ya 46,6 faizi kənd yerlərində qeydə alınmışdır. 2016-cı ildə Hacıqabul rayonunda 255 yeni nömrə ümumi şəbəkəyə əlavə edilmiş, 259 nömrə isə çıxmışdır. İlin sonuna Hacıqabul rayonunda hər 100 ailəyə düşən telefon aparatlarının sayı 41 nömrə olmuşdur ki, bu göstərici bilavasitə kənd yerlərində 36 nömrə kimi qeydə alınmışdır.
2016-cı ildə Hacıqabul rayonunda ümumilikdə poçt-rabitə müəssisələrində çalışanların orta illik sayı 75 nəfər olmuşdur. Hacıqabulda bu sahələrdə çalışanların 44,0 faizi və ya 33-ü qadınlar olmuşdur. Eyni dövrdə rayonun poçt və rabitə müəssisələrində çalışanların illik əmək haqqı fondu 295,2 min manat, bu sahələrdə çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 328,0 manat olmuşdur. Poçt-rabitə müəssisələrində çalışan qadınların illik əmək haqqı fondu 103,4 min manat, 1 qadın işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 261,5 manat olmuşdur.
Son illərdə ölkə iqtisadiyyatında baş verən müsbət irəliləyişlər iqtisadiyyatın digər sahələri kimi, nəqliyyat və rabitə sferasında da əsaslı işlərin görülməsini zəruri etmişdir. Təhlildən göründüyü kimi Hacıqabul rayonunun rabitə və nəqliyyatında olan artım göstəriciləri də bu baxımdan istisna təşkil etmir.
Hacıqabul rayonu Statistika İdarəsi07.03.2017