Statistik hesabat
2020-ci ilin yanvar-iyun aylarında
Hacıqabul rayonunun sosial, iqtisadi inkişafı
2020-ci ilin yanvar-iyun aylarında Hacıqabul rayonunun iqtisadi və sosial həyatında son illərdə müşahidə olunan yüksəliş nəzərə çarpacaq dərəcədə yenə davam etmiş və rayonun iqtisadiyyatının inkişafını əks etdirən makrogöstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən dərəcədə yaxşılaşmışdır.
Əhali. Hacıqabul rayonu 1990-cı ildə yaranmışdır. Ərazisi 1,60 min kv.km-dir və respublika ərazisinin 1,9 faizini təşkil edir. Rayon üzrə əhalinin sıxlığı 1 kv.km-ə 48 nəfər təşkil edir. Hacıqabul rayonu respublikanın Abşeron, Qaradağ, Qobustan, Salyan, Sabirabad, Kürdəmir, Ağsu, Şamaxı rayonları və Şirvan şəhəri ilə həmsərhəddir. Rayonun özü 25 kənd, 5 qəsəbə və 1 şəhərdən ibarətdir.2020-ci ilin iyulun 1-i vəziyyətinə əhalinin sayı 76,9 min nəfər, o cümlədən, şəhər əhalisinin sayı 38,2 min nəfər, kənd əhalisinin sayı isə 38,7 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-iyun ayları ərzində rayon əhalisinin sayı 0,3 min nəfər və yaxud 0,4 faiz artmışdır. Araşdırılan dövrdə rayonda 419 nəfər qaçqın, 1531 nəfər məcburi köçkün məskunlaşmışdır.Rayon əhalisinin 50,6 faizini qadınlar, 49,4 faizini kişilər təşkil edir. Əhalinin milli tərkibində əsas yeri ötən illərdə olduğu kimi azərbaycanlılar, ruslar və türklər təşkil edir.
2020-ci ilin yanvar-iyun aylarında 528 doğum və 232 ölüm faktı qeydə alınmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 15,9-dan 13,8-ə qədər azalmış, ölənlərin sayı isə 5,3-dən 6,1-ə qədər artmışdır.2020-ci ilin yanvar-iyun ayları ərzində rayonun VVADQ orqanları tərəfindən 115 nigah və 61 boşanma qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə rəsmi qeydə alınan nigahların sayı 5,7-dən 3,0-ə qədər azalmış, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artmışdır. 2020-ci ilin yanvar-iyun ayları ərzində rayonda 37 nəfər qeydiyyata düşmüş, 12 nəfər isə qeydiyyatdan çıxmışdır. Beləliklə, bu dövrdə miqrasiya saldosu müsbət 25 nəfər olmuş və əhalinin ümumi artımı 321 nəfər təşkil etmişdir.
Səhiyyə. Hesabat dövründə 106 çarpayılıq 2 xəstəxana, 12 ambulatoriya müəssisəsi əhaliyə müxtəlif səhiyyə xidmətləri göstərmişdir. Bu səhiyyə müəssisələrində 56 həkim, 176 nəfər orta tibb işçisi çalışmışdır. 2020-ci ilin yanvar-iyun aylarında rayon əhalisinin hər on min nəfərinə 7,3 həkim, 23,5 orta tibb işçisi, 13,8 xəstəxana çarpayısı düşmüşdür. Səhiyyə ocaqlarına müxtəlif xəstəliklərdən 30976 xəstə müraciət etmiş və onlardan 638 nəfəri xəstəxana şəraitində müalicə olunmuşdur. Bu dövrdə qeydə alınmış xəstəliklər arasında qan dövranı xəstəlikləri, endokrin xəstəlikləri, əsəb sistemi xəstəlikləri üstünlük təşkil etmişdir.
Təhsil və Mədəniyyət. Rayonda son illər təhsil və mədəniyyətin səviyyəsinin dəyişməsi halları müşahidə olunmaqdadır. 2019-2020-ci tədris ilinin əvvəlinə rayonda 33 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində 11417 nəfər şagird qeydə alınmışdır ki, bu da ötən tədris ili ilə müqayisədə 327 şagird və yaxud 2,9 faiz çoxdur. Hesabat dövründə rayon
təhsil sistemində 948 nəfər işçi çalışmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 nəfər və yaxud 1,4 faiz azdır. 2020-ci ilin yanvar-iyun aylarında 3 məktəbəqədər müəssisə fəaliyyət göstərmişdir ki, bu müəssisələrdə tərbiyə alan uşaqların sayı 170 nəfər, işləyənlərin sayı isə 47 nəfər təşkil etmişdir.
Mədəniyyət sahəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hesabat dövründə 27 kütləvi kitabxana, 18 klub müəssisəsi fəaliyyət göstərmişdir. 2020-ci ilin yanvar-iyun aylarında mədəniyyət sahəsində çalışanların orta aylıq işçi sayı 242 nəfər təşkil etmişdir.
Pensiya təminatı. 2020-ci il iyulun 1-nə 7183 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş, onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 259,4 manat təşkil etmişdir.Qocalığa görə pensiya təyin olunmuşların sayı 3914, əlilliyə görə 1957, ailə başçısının itirilməsinə görə isə 1312 nəfər olmuşdur. 2020-ci il iyulun 1-i vəziyyətinə 4190 nəfər müavinət alan qeydiyyatda olmuş, təyin olunmuş aylıq müavinətlərin orta məbləği 120,2 manat təşkil etmişdir.2020-ci il iyulun 1-i vəziyyətinə rayonda 3950 nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bir nəfərə düşən yardımın orta aylıq həcmi 54,6 manat olmuşdur.
Əmək bazarı. Əhalinin həyat səviyyəsinin formalaşmasında digər amillərlə yanaşı məşğulluğun dəyişməsi və onun əmək bazarına təsiri mühüm rol oynayır. 2020-ci il iyulun 1-i vəziyyətinə işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 37,2 min nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin tərkibinin 48,4 faizini təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin xüsusi çəkisi 78,0 faiz, məşğulluq xidmətləri orqanı tərəfindən işsiz statusu verilmişlərin xüsusi çəkisi isə 22,0 faiz olmuşdur. Məşğul əhalinin 15,1 faizi dövlət sektorunda, 84,9 faizi isə qeyri-dövlət sektorunda çalışır. Bazar iqtisadiyyatına keçid şəraitində rayonun sosial-iqtisadi vəziyyətini müəyyən edən amillərdən biri də əhalinin məşğulluğudur.Son illərdə rayondakı məşğul əhalinin tərkibində dövlət sektorunun payının tədricən azalması, qeyri-dövlət sektorunun payının artması müşahidə olunur. Xüsusi mülkiyyətdə olan sahələrdə məşğul əhalinin əsas hissəsi tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sferalarında çalışır.Rayon məşğulluq xidməti orqanı tərəfindən 2020-ci il iyulun 1-nə rəsmi işsiz statusu almış şəxslərin sayı 8173 nəfər kimi qeydə alınmışdır. Bu işsizlərin 54,7 faizini qadınlar, 45,3 faizini kişilər təşkil etmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq nominal əməkhaqqı göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,0 faiz artaraq 476,7 manat olmuşdur. Rayonda muzdla işləyən bir qadın işçinin orta aylıq nominal əməkhaqqı 36,8 faiz artaraq 437,4 manat təşkil etmişdir. Ən yüksək əməkhaqqı maliyyə, nəqliyyat, rabitə, tikinti, idarəetmə sahələrində qeydə alınmışdır. 2020-ci ilin yanvar-iyun aylarında 702 yeni iş yeri açılmışdır ki, bunların da bilavasitə 546-sı daimi iş yerləridir.
Məhsul buraxılışı. 2020-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 133497,0 min manat olmuşdur. Məhsul buraxılışının əsas hissəsi kənd təsərrüfatı (53,4 faiz), ticarət və xidmət (30,0 faiz), sənaye (9,9 faiz) sektorlarının payına düşmüşdür. Tikinti, rabitə və
nəqliyyat sahəsində məhsul buraxılışının xüsusi çəkiləri isə müvafiq olaraq 5,5 faiz, 0,3 faiz və 0,9 faiz olmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatının istehsal sahələrində məhsul buraxılışının həcmi 91830,5 min manat, xidmət sahələrində isə 41666,5 min manat olmuşdur. Rayonun məhsul buraxılışı həcmində istehsal sahələrinin payı 68,8 faiz, xidmət sahələrinin payı isə 31,2 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı. Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında qarğıdalı, kartof, meyvə və üzüm məhsulu da istehsal edilir. Hacıqabul rayonu ərazisində şəkər çuğunduru və vələmir bitkilərinin əkininə də başlanılmışdır. Belə ki, cari ildə rayon üzrə 3115,8 hektar sahəyə yazlıq bitkilər, o cümlədən 885,8 hektar sahəyə cari ilin çoxillik otları, 305 hektar sahəyə dən üçün qarğıdalı, 82 hektar sahəyə sorqo, 50 hektar sahəyə vələmir, 518 hektar sahəyə tərəvəz, 471 hektar sahəyə bostan bitkiləri, 40 hektar sahəyə kartof, 504 hektar sahəyə şəkər çuğunduru, 260 hektar sahəyə pambıq əkilmişdir.Keçən ilə nisbətən 2020-ci ildə bəzi yazlıq bitkilərin əkin sahələrində artım müşahidə olunur. Keçən illə müqayisədə cari ilin vələmir sahəsi 85,1 faiz, sorqo sahəsi 9,3 faiz, çoxillik otlar 10,7 faiz, şəkər çuğunduru isə 2,9 dəfə çox olmuşdur. Əkilmiş 28618 hektar sahənin 23898 hektarını və ya 83,5 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin, 518 hektarını və ya 1,8 faizini tərəvəz, 471 hektarını və ya 1,7 faizini ərzaq üçün bostan, 40 hektarını və ya 0,1 faizini kartof, 846 hektarını və ya 3,0 faizini texniki bitkilərin, 2845 (360 hektarı xəsil) hektarını və ya 9,9 faizini keçmiş illərin əkinləri də nəzərə alınmaqla yem bitkilərinin əkin sahəsi təşkil edir.
27.07.2020-ci il tarixinə 13793 hektar biçilmiş taxıl sahəsindən 40933,0 ton taxıl məhsulu yığılmışdır. 2020-ci ilin məhsulu üçün biçilmiş payızlıq dən sahələrinin 6787 hektarı buğda, 7006 hektarı isə arpa sahəsi olmuşdur. Mövsüm ərzində 17413,0 ton buğda, 23520 ton arpa məhsulu toplanmışdır. Ümumilikdə rayon üzrə taxıl bitkilərinin məhsuldarlığı hər hektara 29,6 sentner, o cümlədən buğda məhsulu üçün 25,6 sentner, arpa məhsulu üçün 33,6 sentner olmuşdur.2020-ci ilin iyulun 1-i tarixinə rayonun kənd əməkçiləri tərəfindən 518 hektar tərəvəz sahəsinin 238,3 hektarından 2812,3 ton tərəvəz, 471 hektar bostan sahəsinin 85 hektarından 1774,0 ton bostan, 40 hektar sahədən 449,0 ton kartof məhsulu yığılmışdır. Abdulabad və Meynəman kənd inzibati ərazi dairələrində daha çox tərəvəz, bostan və kartof bitkilərinin məhsulu toplanmışdır. Hesabat dövründə rayon üzrə meyvə bağlarından 781,0 ton meyvə yığılmışdır. Tərəvəz, bostan və meyvə yığımı davam edir.Bu il rayon ərazisində texniki bitkilərin yetişdirilməsinə geniş yer verilmişdir. Belə ki, bu il 260 hektar sahəyə pambıq, 504,0 hektar sahəyə isə şəkər çuğunduru əkilmişdir.
Cari ilin altı ayında təqdim olunan statistik məlumatlara və müvafiq hesabatlara görə bütün təsərrüfat kateqoriyalarında diri çəkidə ət, süd və yun istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.Keçən ilin müvafiq dövrünə nisbətən rayonda ət istehsalı 528,7 ton və ya 11,9 faiz, süd istehsalı
228,0 ton və ya 2,2 faiz, yun istehsalı isə 2,0 ton və ya 0,9 faiz artmış, yumurta istehsalı isə 33,7 faiz azalmışdır.Rayonda 2020-ci ilin iyulun 1-i vəziyyətinə 35140 baş iri buynuzlu mal-qara, o cümlədən 15331 baş inək və camış, 130127 baş qoyun və keçi mövcud olmuşdur.2019-cu ilin birinci yarısı ilə müqayisədə mal-qaranın baş sayında azalma müşahidə olunur. Bu isə rayon ərazisində örüş və otlaq sahələrinin əkin fonduna qatılması səbəbindən yaranmışdır.
2020-ci ilin birinci yarımilində bitkiçilik və heyvandarlıq məhsullarının keçən ilin müvafiq dövrünə nisbətən artması bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun müqayisəli qiymətlərlə dəyərini artırmağa imkan vermişdir.
Sənaye. 2020-ci ilin yanvar-iyun aylarında reyesterdə öz əksini tapmış sənaye müəssisələrindən 11-i fəaliyyət göstərmiş və onların 9-u iri və orta, 2-si isə kiçik sənaye müəssisəsidir.2020-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində fərdi sahibkarlar və ev təsərrüfatları da nəzərə alınmaqla faktiki qiymətlərlə 13241,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye sahəsində faktiki qiymətlərlə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 27,8 faiz azalmışdır. Sənaye sahəsində işin həcminin 33,0 faizi sənaye xarakterli xidmətlər, 67,0 faizi isə məhsul istehsalı olmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında sənaye xarakterli xidmətlərin həcmi 4373,3 min manat, sənayedə istehsalın həcmi isə 8868,3 min manat olmuşdur. Hesabat dövrü ərzində əmtəəlik 66,9 Qvt.saat elektrik enerjisi, 25,8 mln.kubmetr təbii qaz, 0,1 min Qkal. buxar, 1465,0 min kub.metr içməli su, 6,1 min manatlıq tullantı suları, 1262,7 min kv.m keramik metlax, 21,2 ton kağız məhsulları istehsal olunmuş və istehlakçılara göndərilmişdir. Respublikamızda azad sahibkarlıq mühitinin formalaşması yeni təsərrüfat formalarının yaranmasına təkan vermişdir. Fərdi sahibkarlıq buna nümunədir. Cari ilin yanvar-iyun aylarında rayon üzrə sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslər və ev təsərrüfatları tərəfindən 74,3 min manatlıq məhsul istehsalı qeydə alınmışdır.2020-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində işləyənlərin sayı 1250 nəfər olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə çalışanların say göstəricisi 90,5 faiz təşkil etmişdir.Sənayedə çalışanlara 3705,5 min manat əməkhaqqı fondu hesablanmış, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 494,1 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə çalışan bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı göstəricisi 7,6 faiz azalmışdır. Emal sənayesi və təbii qaz təchizatı sahəsində çalışanların orta aylıq nominal əməkhaqqı göstəricisi rayon üzrə orta aylıq əməkhaqqı göstəricisindən daha yüksək olmuşdur.
Nəqliyyat və rabitə. Son illərdə azad sahibkarlıq mühitinin getdikcə formalaşması yeni nəqliyyat xidməti formalarının yaranmasına təkan vermişdir. Bu da rayondakı nəqliyyat xidmətinin böyük hissəsinin yeni yaradılmış sahibkarlıq subyektlərinin üzərinə yüklənməsinə səbəb olmuşdur. 2020-ci ilin əvvəlinə rayonda 6956 ədəd avtomobil mövcud olmuşdur ki, bunlardan da 82,8 faizi minik, 14,4 faizi yük, 1,8 faizi sərnişin avtobusları, 1,0 faizini isə digər təyinatlı avtomobillər təşkil etmişdir. Hazırda Hacıqabulda hər 100 ailəyə 38 şəxsi minik avtomobili düşür.
2020-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 98,0 min ton yük, 2073 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda nəqliyyat sektorunda yükdaşımaların həcmi 24,0 faiz, sərnişin daşınmaların həcmi isə 26,6 faiz azalmışdır.
Rayon əhalisinin telefon təminatını inkişaf etdirmək üçün 7416 nömrə tutumuna malik olan 18 ATS fəaliyyət göstərmişdir. Əsas telefon aparatlarının sayı 6555 nömrə təşkil etmiş, onların 92,2 faizi əhalinin istifadəsinə verilmişdir.
Rayonda hər 100 ailədən 42-nin telefon təminatı vardır.2020-ci ilin yanvar-iyun aylarında rayonda rabitə sektorunda 391,1 min manatlıq xidmətlər qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Bu dövr ərzində Hacıqabul rayonunun rabitə müəssisələrində çalışanların sayı 36 nəfər olmuşdur ki, bunlardan da bilavasitə 11-i qadınlardır. Rabitə sahəsində çalışanların əməkhaqqı fondu 71,8 min manat, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı göstəricisi isə 332,4 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rabitə sahəsində çalışan bir işçinin orta aylıq əməkhaqqı göstəricisi 16,7 faiz artmışdır. Rabitədə çalışan bir qadın işçinin orta aylıq nominal əməkhaqqı göstəricisi isə 291,6 manat təşkil etmişdir.
Tikinti. Respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabul rayonunda da təmir-tikinti, abadlıq və yol, tikinti işlərinə xüsusi diqqət yetirilir. Bu sahədəki işlər respublika Prezidentinin regionların sosial-iqtisadi inkişafı proqramlarının təsdiqindən sonra daha da intensivləşdirilmişdir.2020-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına 1484,7 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 7569,4 min manatlıq investisiyalar yönəldilmişdir. İnvestisiyaların 7278,2 min manatı və ya 96,2 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon ərazisində əsas kapitala yönəldilmiş invesitisiyaların həcmi 30,4 faiz, tikinti quraşdırma istiqamətində investisiyaların həcmi isə 30,3 faiz azalmışdır. 2020-ci il yanvar-iyun aylarında rayon üzrə adambaşına düşən investisiyanın həcmi 99,5 manat təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında 7115 kv.metr fərdi yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,9 faiz azdır. 2020-ci ilin yanvar-iyun aylarında qeydiyyatdan keçmiş tikinti təşkilatlarından 4-ü fəaliyyət göstərmiş və onlar öz gücləri ilə 24295,8 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirmişlər. 2020-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərmiş podratçı tikinti təşkilatlarında çalışanların orta siyahı sayı 78 nəfər olmuşdur. Bu sahədə çalışanlar üçün hesablanmış əməkhaqqı fondu 204,5 min manat təşkil etmiş və bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 436,0 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə podratçı tikinti təşkilatlarında işləyənlərin sayı 17,0 faiz azalmış, əməkhaqqı fondu 23,2 faiz, bir işçiyə hesablanmış nominal orta aylıq əməkhaqqı isə 47,3 faiz artmışdır. İstehlak bazarı. Ölkənin sosial-iqtisadi vəziyyətini xarakterizə edən mühüm təyinedicilərdən biri olan ticarətin əsas göstəriciləri azad sahibkarlığın inkişafını məhdudlaşdıran amillərin aradan qaldırılması üçün verilmiş qanun və fərmanların tətbiqi ilə əlaqədar respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabulda da xeyli yaxşılaşmışdır.
Ticarətin göstəricilərinin yaxşılaşmasına ticarətlə məşğul olan özəl müəssisələrin və fiziki şəxslərin fəaliyyətinin genişləndirilməsi, istehlak mallarının böyuk hissəsinin ticarətin bu kanalları vasitəsilə satılması öz müsbət təsirini göstərmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ticarətin pərakəndə və topdansatış kanalları vasitəsilə əhaliyə 124042,6 min manatlıq müxtəlif istehlak malları satılmış, əhaliyə 13187,6 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,8 faiz, ödənişli xidmətlərin həcmi isə 24,6 faiz azalmışdır. 2020-ci ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi 122416,9 min manat, ictimai iaşə əmtəə dövriyyəsinin həcmi isə 1450,0 min manat olmuşdur. Pərakəndə qaydada realizə olunmuş istehlak mallarının 11,9 faizi qeydiyyatdan keçmiş ticarət təşkilatları, 34,2 faizi əşya, qarışıq mallar və ərzaq yarmarkası, kənd təsərrüfatı bazarı, 53,9 faizi isə digər fiziki şəxslərin payına düşmüşdür. 2020-ci il iyulun 1-nə ticarət təşkilatlarının anbarlarında 11876,5 min manatlıq əmtəə məhsulları qalığı qeydə alınmışdır. 2020-ci ilin yanvar-iyun aylarında adambaşına düşən pərakəndə əmtəə dövriyyəsinin orta aylıq həcmi 265,7 manat olmuşdur.Hesabat dövründə topdansatış ticarət dövriyyəsinin həcmi 1625,7 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə topdansatış ticarət dövriyyəsinin fiziki həcm indeksi 52,6 faiz olmuşdur.Araşdırılan dövr ərzində əhaliyə 13187,6 min manatlıq müxtəlif ödənişli xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,6 faiz azdır. Dövlət sektorunda olan təşkilatlar tərəfindən əhaliyə 1624,4 min manatlıq, qeyri-dövlət sektorunda olan təşkilatlar tərəfindən isə 11563,2 min manatlıq müxtəlif ödənişli xidmətlər göstərilmişdir. 2020-ci ilin yanvar-iyun aylarında əhaliyə 2637,8 min manatlıq məişət xidmətləri göstərilmişdir. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin ümumi həcmində məişət xidmətlərinin payı 20,0 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət xidmətlərinin həcmi 24,6 faiz azalmışdır.
Qiymət indeksləri. 2020-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərinin ötən ilin müvafiq dövrünə nisbətən qiymət indeksi 103,0 faiz təşkil etmişdir. Bu göstərici rayonda istehlak olunan ərzaq məhsulları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, ödənişli xidmətlər üzrə isə 101,0 faiz təşkil etmişdir.
Hacıqabul Rayon Statistika İdarəsi