Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində aparılan işlərin vəziyyətinə dair rayon müşavirəsi keçirilmişdir.

12 may 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, habelə rayonun rəhbər işçiləri əvvəlcə təsərrüfat sahələrində olub, rayonda yaz tarla işlərinin gedişi ilə maraqlanmışdır.

Müşavirədə çıxış edən Azər Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində yeni mərhələnin başlandığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarını diqqətə çatdırmışdır.

Xüsusilə, ixrac yönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində respublikamızda görülən işlərdən, fermerlərə dövlət dəstəyindən bəhs edən A.Əmiraslanov Hacıqabul rayonunda həmin sahələrin perspektivlərindən söhbət açıb. Bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər görülür. Yeni iqtisadi mərhələdə xüsusilə ixrac tutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Pambıqçılıq və baramaçılıq da bu qəbildəndir. Artıq həmin sahələrin inkişafı üçün heç bir maneə qalmayıb, cari mövsümdə bu məqsədlə torpaqların ayrılması, toxum və səpin aqreqatlarının gətirilməsi həllini tapıb. Artıq əkin kampaniyası başa çatdırılıb. Yaxın günlərdə respublikamıza becərmə aqreqatları, pambıqyığan texnika gətiriləcək. Pambıqçılara subsidiyaların verilməsi istiqamətində də lazımi işlər aparılır.

A.Əmiraslanov kollektiv təsərrüfatçılıq meyillərinə marağın gücləndirilməsinin yaxşı səmərə verəcəyinə əminliyini vurğulayaraq, bu istiqamətdə geniş maarifləndirmə işlərinə ehtiyac olduğunu bildirib. Diqqəti Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının yüksək olduğu fikrinə cəlb edən şöbə müdiri rayonda nəinki taxılçılıq, pambıqçılıq və baramaçılıq sahələrinin, qeyri-ənənəvi sahələrin inkişafı üçün də münbit şəraitin olduğunu vurğulayıb.

Müşavirədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov rayonda yaz-tarla işlərinin gedişi barədə məlumat verib, pambıqçılıq, baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, münbit torpaqlar və suvarma suyu ilə təminat Hacıqabulda bu sahələrin inkişafına imkan yaradır. Odur ki, bu il rayonda 525 hektar sahədə pambıq əkilməsi üçün kifayət qədər torpaq sahəsi ayrılıb, şum aparılıb. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Diskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilmişdir.

Müşavirə iştirakçıları rayonda barama, pambıq və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdirlər. 

Keçidlər