Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda "Novruz" bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

16 mart 2017 | 16:00

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. 

16.03.2017-ci il tarixində Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi. Şənlik Heydər Əliyev Mərkəzinin qarşısında parkda təşkil olunmuşdu. Park başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi. İcra Hakimiyyətinin qarşısında çörək bişirən qadınlar, xoruz döyüşdürənlər, idman edən uşaqlar, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu. İcra Hakimiyyətinin başçısı bayram tonqalını yandırdı. Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansamblı şən musiqilərlə çıxış etdilər. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.

 

 

Keçidlər