Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ

14 oktyabr 2017 | 16:00

2017-ci ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 13 oktyabr 2017-ci il tarixli Şura iclasındakı hesabat

 

 

MƏRUZƏSİ

 

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən  dövlət başçısı iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb. Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını, qeyri-neft sektorunda sənaye hissəsində artımın 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil etdiyini, xarici ticarət dövriyyəsinin 7,0 faiz artdığını, xarici ticarətin müsbət saldosunun 4,4 milyard dollar olduğunu qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsində olub. 140 ölkə arasında rəqabətliliyi əks etdirən “Davos Ümumdünya İqtisadi Forumu”nun hesabatına görə ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyi qoruyur.

Dövlət başçısı diqqətə çatdırılıb ki, bu ilin doqquz ayında da iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin icrası, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin də uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını ,bunun da 171 minin daimi iş yeri olduğunu bildirmişdir.     

Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2017-ci 9 ayı ərzində rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.

2017-ci ilin 9 ayı ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 229033,3 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 68874,5 min manat və ya 43,0 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 76,4 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 % çoxdur. Bu ilin 9 ayında kənd təsərrüfatı məhsulunun həcmi 100135,0 min manat, sənayedə məhsul buraxılışının həcmi 12421,8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 62934,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 6,1 %, ticarətdə 15,6 %, sənayedə 4,2 dəfə artım müşahidə edilmişdir.

Bu müddətdə pərakəndə əmtəə dövriyyəsi 23620,0 min manat və ya    15,8 % artaraq 173120,0 min manat, iaşə dövriyyəsi 335,0 min manat və ya 13,0 % artaraq 2905,0 min manat, əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 2106,0 min manat və ya 10,0 % artaraq 23186,0 min manat təşkil etmişdir.  Nəqliyyatda məhsul buraxılışının həcmi 90,4 min manat və ya 3,9 % artaraq 2400,0 min manat, yük daşınmalarının həcmi 7,0 min ton və ya 3,4 % artaraq 213 min ton, sərnişin daşınmalarının həcmi 138 min nəfər və ya 3,6 % artaraq 4018 min nəfər olmuşdur. Rabitə xidmətinin həcmi isə 464,2 min manat təşkil etmişdir.

2017-ci ilin 9 ayında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 50773,9 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 44803,1 min manat və ya 8,5 dəfə artım müşahidə edilmişdir.

  Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

  2017-ci ilin məhsulu üçün 14409,0 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin taxıl əkini ilə müqayisədə 616 hektar artıqdır. Taxıl əkininin 7478 hektarını buğda, 6931 hektarını isə arpa əkini təşkil etmişdir. 14409,0 hektar taxıl sahəsindən 44861 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 24136,0 tonunu buğda, 20725 tonunu arpa təşkil edir. Məhsuldarlıq buğda bitkisi üzrə 32,28, arpa bitkisi üzrə isə 29,9 sentner olmuşdur.

  Hesabat dövründə 828 hektar sahədə bostan, 427 hektar sahədə tərəvəz, 807 hektar sahədə qarğıdalı, 42 hektar sahədə kartof, 1203,9 hektar sahədə pambıq, 667 hektar sahədə yonca, 556 hektar sahədə şəkər çuğunduru, 156 hektar sahədə soya bitkisi olmaqla cəmi 4686,9 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünün yazlıq əkinləri ilə müqayisədə 585,0 hektar çoxdur.

Hesabat dövründə 6796 ton tərəvəz, 8792 ton meyvə, 261 ton üzüm, 461 ton kartof, 9978 ton yonca, 25129 ton şəkər çuğunduru istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə istehsalı 7,0 ton, üzüm istehsalı 3,0 ton, kartof istehsalı 22,0 ton, qarğıdalı istehsalı 2739,0 ton, şəkər çuğunduru istehsalı 24351,0 ton çox olmuşdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 7 ton artaraq 12392 tona, yumurta istehsalı 21 346 min ədəd və ya 9,1 % artaraq 257226 min ədədə çatmışdır. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 371 baş və ya 0,1 % artaraq 38635 başa, xırda buynuzluların sayı isə 1139 baş və ya 0,8 % artaraq 136625 başa çatmışdır. Hesabat dövründə 6468 ton diri çəkidə ət istehsal edilmişdir. Yun istehsalında da artım qeydə alınmışdır, belə ki, ötən ilin mövsüm dövrü ilə müqayisədə yun istehsalı 3 ton artaraq 228 tona çatmışdır.

“Aqrolizinq” vasitəsilə bu ilin 9 ayı ərzində kənd əməkçilərinə 568,5 ton müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı 3,550 ton kimyəvi preparatların 70 % güzəştlə satışı həyata keçirilmişdir.

Hesabat dövründə 765 nəfər buğda istehsalçısına 55334,70 manat, 2312 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə hektarına 50 manat olmaqla 1000025,70 manat subsidiya verilmişdir. Subsidiyaların verilməsi  işinə ciddi nəzarət olunmuş və dəqiqləşdirmələr aparılmaqla həyata keçirilmişdir.

Hesabat dövründə 2018-ci ilin məhsulu üçün 21540 hektar sahədə şum aparılmışdır.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ilin 9 ayı ərzində 163 km-ə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 85,11 milyon metr3 su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 64,31 milyon metr3 su verilmişdir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 18360 pm olmaqla 45980 metr3 həcmində lildən təmizləmə işləri aparılmışdır. Baş Şirvan Kollektorunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 10240 pm lildən təmizlənmə işləri görülmüş, işin həcmi 25740 metr3 olmuşdur. K 2 və K 3 nasos stansiyalarında təmir işləri aparılaraq saz vəziyyətə gətirilmişdir.

“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 53,95 km ümumi uzunluğu və 5 kub metr saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilir. Hal-hazırda magistral kanalın 28,2 km-lik hissəsi və Padar-Qarasu ərazisində müxtəlif sərfiyatlı 21,2 km təsərrüfat daxili qol kanallar tikilib başa çatdırılmışdır. Bu kanallar ilə cari təsərrüfat ilində ümumilikdə 5980 ha əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması və investisiyaların cəlb edilməsi istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal hazırda da davam etdirilməkdədir.

Cari ildə rayonumuzda 1203.9 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 677.9 ha və ya 2,3 dəfə çoxdur. 800 ha sahədə pambıq əkilməsi üçün 26 istehsalçı ilə “MKT İK” MMC arasında, 403,9 ha sahədə pambıq əkilməsi üçün 32 istehsalçı ilə “Hacıqabul KT” MMC arasında müqavilələr bağlanmışdır. Məqsədimiz əkilmiş pambıq sahələrindən 2400 tondan çox pambıq istehsal etməkdir.

Pambığın itkisiz və mütəşəkkil qaydada yığılması üçün tədbirlər həyata keçirilmiş, 12 oktyabr 2017-ci il tarixinə 349,623 ton pambıq yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 132,123 ton və ya 1,6 dəfə çoxdur.

Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə keçən ilin payızında rayon ərzisində 28 000 ədəd tut (çəkil) ağacı əkilib, tinglərə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır. Bu il rayonda ilk dəfə olaraq kümçülər tərəfindən 250 kq barama istehsal edilmişdir.

Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Hacıqabul rayonunun Padar ərazisində 1625 hektar sahədə iri əkinçilik təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. 611 ha sahədə buğda, 525 ha sahədə şəkər çuğunduru, 100 ha sahədə pambıq, 75 ha sahədə qarğıdalı, 156 ha sahədə soya əkilmişdir. Aqroparkda 2000 başlıq heyvandarlıq kompleksinin tikintisi işləri davam etdirilir.

Hacıqabul rayonunun Meyniman kəndində sahibkar Natiq Dostəliyevə məxsus 1936 ha torpaq sahəsi olan aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın su, işıq və qaz təminatı mövcuddur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Cari ildə 2 ha sahədə müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Daha hər biri 2 ha olan 2 ədəd istilikxananın tikintisi davam etdirilir. Bundan əlavə 150 ha sahədə buğda, 245 ha sahədə arpa, 74 ha sahədə yonca, 20 ha sahədə soğan, 70 ha sahədə pambıq, 10 ha sahədə bostan tərəvəz əkilmiş, 57 ha sahədə meyvə bağı salınmışdır.

Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlərə başlanılmışdır.

Layihə üzrə 27605 metr uzunluğunda suvarma kanalının çəkilməsi nəzərdə tutulub (4905 metr torpaq kanal, 15300 metr beton kanal, 7400 metr boru xətti).

Layihə işləri 2 mərhələyə bölünmüşdür:

• 1-ci mərhələdə 4,905 km uzunluğunda torpaq kanal çəkilib başa çatdırılmışdır. 3 aqreqatlı üzən nasos stansiyası sifariş edilmiş və hazırda yığılma mərhələsindədir, gözətçi otağı inşa edilmişdir.

• 2-ci mərhələ üçün layihə-smeta sənədləri işlənib başa çatdırılmış, ekspertizadan və qiymətqoymadan keçmişdir.

2-ci mərhələdə 3,6 km uzunluğunda beton kanal tikilmiş, II pillə nasos stansiyasının inşası gedir, 7,4 km uzunluğunda ikixətli boru xəttinin çəkilişi üzrə 14,8 km uzunluğunda borular (D-1000 mm) tədarük edilmiş, faskalanmış və trassa üzrə daşınıb düzülmüş, 12000 metri quraşdırılmışdır. Boruların düzülməsi üçün 5000 metr xəndək qazılmış, 4,0 km bir xətli boru xəndəyə düzülmüş, 6,0 km uzunluğunda ikili boru xətti quraşdırılmışdır.

Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30 000 hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir. Həmin ərazidə pivot suvarma sistemləri tətbiq etməklə iri aqroparkların yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda ərazinin 10 000 hektarlıq hissəsini suvarma suyu ilə təmin edəcək layihə hazırlanaraq tikintisinə başlanılmışdır. Tikinti işləri “Azərsu” ASC tərəfindən həyata keçirilir.

Padar, Qarasu ərazisində olan 10000 hektar əkinə yararlı iri münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 27 km uzunluğunda 1400 mm-lik boru xətlərindən istifadə etməklə 17,152 km uzunluğunda magistral suvarma kanalının çəkilməsi nəzərdə tutulub. Magistral kanal 10 km məsafədə iki xətli, təxminən 7 km məsafədə bir xətli olacaqdır. Tikintinin layihə-smeta sənədləri işlənib başa çatdırılaraq ekspertizaya təqdim olunmuşdur. Magistral kanalın neft və qaz kəmərlərindən, dəmir yolu xəttindən və avtomobil yolundan keçən hissələri ilə bağlı texniki şərtlər alınmışdır. Borular tədarük olunaraq montaj işləri aparılmış və 25,5 km uzunluğunda metal boruların montajı başa çatdırılmışdır.

Hər biri 25 min kub metr həcmdə olan 2 ədəd su anbarı üçün qazıntı işləri başa çatdırılmış, bir anbarda 70 sm qalınlıqda gil qatı ilə kipləşdirmə, şebel qatının salınması, yuma, təxliyə işləri aparılmışdır. Dib və yamacda betonlama işlərinin 50 %-i yerinə yetirilmişdir. Qrunt və torpaq işləri başa çatdırılmış, çıxış və təxliyə borusu kamerası tikilmişdir.

İkinci anbarda 70 sm qalınlıqda gil qatı ilə kipləşdirmə işləri aparılmış, şebel qatı salınmış, çıxış və təxliyə borusu kamerası tikilir.

Kür nasos stansiyasında əlavə xətlərin çəkilməsi qurtarmış, 1-ci transformatorun yuvası quraşdırlmış, 2-ci transformatorun yuvasının quraşdırılması işləri aparılır.

Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.

Hacıqabul rayonunun Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazidə müasir tipli istixananın tikintisi davam etdirilir.  Tikinti işləri başa çatdıqdan sonra burada 200 nəfər işlə təmin olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsi yaradılmış, onun fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunmuş, fəaliyyət göstərməzi üçün ayrılacaq 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye kateqoriyasna keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2017-ci il tarixli 657 s saylı sərəncamı ilə Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 77K nömrəli qış otlağından 20 (iyirimi) hektar torpaq sahəsi sənaye kateqoriyasına keçirilmişdir. Kateqoriyası dəyişdirilmiş 20 hektar torpaq sahəsi Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2017-ci il tarixli 139 saylı Sərəncamı əsasında icarəyə vermək hüquq ilə ““Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin daimi istifadəsinə verilmişdir.

Torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün hazırlanmış sənədlər ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim edilmişdir.

Hesabat dövründə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən parkların, küçələrin və çoxmənzilli binaların abadlaşdırıması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Belə ki, İ.Qayıbov küçəsində 1 saylı 2 mərtəbəli yaşayış binasında 1478 kv.metr, 5 saylı 2 mərtəbəli yaşayış binasında 1716 kv.metr, 6 saylı 2 mərtəbəli yaşayış binasında 1716 kv.metr, Nəsimi küçəsi 1 saylı 2 mərtəbəli yaşayış binasında 1399 kv.metr, H.Həmidov küçəsi 65 saylı yaşayış binasında 713 kv.metr, Babək küçəsində 1 saylı 2 mərtəbəli yaşayış binasında 1399 kv.metr, Xətai küçəsində 6 saylı 2 mərtəbəli yaşayış binasında 2059 kv.metr, Ə.Vahid küçəsində 55 saylı 2 mərtəbəli yaşayış binasında 977 kv.metr ölçüdə istifadəyə yararsız dam örtükləri sökülərək yeni metal vərəqələrlə əvəz edilmişdir. Bu binalarda çardaqlar ağac şəbəkədən yenidən işlənmiş, tüstü bacaları kərpic ilə hörülmüş, suvanmış, rənglənmiş, və tüstü bacalarının birləşmələrinə ağ dəmir vurulmuşdur

H.Əliyev küçəsində 100 kv.metr hasar divarı ağ-lay tavalarla üzlənmiş, 190 kv.metr qapılar yağlı boya ilə rənglənmişdir.

Dağüstü massivdə 60 kv.metr hasar divarı ağ-lay tavalarla üzlənmişdir.

M.Hüseynzadə küçəsində 360 kv.metr hasar divar ağ-lay tavalarla üzlənmiş, 9 kv.metr hasar divarı mozaika tavalarla üzlənmiş, 5 kv.metr hasar divara kobançik vurulmuş, 10 kv.metr tamet tavalarla səki döşəmə üzlənmişdir. 244 kv.metr səki daşları sement məhlulu ilə suvanmış və səthinə emulsiya çəkilmişdir.

M.Əsədov küçəsində 150 kv.metr sütunlar sement məhlulu ilə suvanmış, 3.2 kub metr sütunların üzərinə beton piltələr qoyulmuş, 780 kv.metr divarın üst səthinə və sütunların səthinə emulsiya çəkilmiş, 112 kv.metr divarda mozaika arası tikişlər yağlı boya ilə rənglənmiş, 710 kv.metr qapılar yağlı boya ilə rənglənmiş, 40 kv.metr səki daşları sökülmüş və yeni beton səki daşları ilə düzəldilmiş, 16 kv.metr səthinə emulsiya çəkilmişdir.

İcra Hakimiyyətinin həyətyanı sahəsində 160 kv.metr hasar divar ağ-lay tavalarla üzlənmiş, 35 kv.metr tamet tavalarla səki döşəmə üzlənmiş, 5 kv.metr sahədə döşəmə mərmərlə üzlənmişdir.

İ.Qayıbov küçəsində 115 kv.metr beton səki daşları düzəldilmiş, 55 kv.metr səki daşlarının səthinə emulsiya çəkilmiş, mişar daşından 20 sm qalınlığında 532 kv.metr səki kənarı hörülmüş və 2737 kub metr qum-çınqıl qarışığından əsas düzəldilmişdir.

İ.Qayıbov küçəsində dirəklər üçün 8,2 kub metr beton bünövrənin düzəldilmiş, 731 pm plastmas boruların çəkilməsi, 1422 pm elektrik kabeli borudan keçirilmiş, 56 ədəd avtomat açarları quraşdırılmışdır, 3 ədəd metal işıq dirəkləri qoyulmuş, 7,4 kub metr qum-çınqıl  qarışığından  əsas düzəldilmiş, 752 kv.metr tamet tavalar ilə səkilər üzlənmişdir, 45 kv.metr hasar divarın ağ-lay tavalarla üzlənmişdir, 52 kv.metr qapılar yağlı boya ilə rənglənmişdir. İşıq dirəkləri arası yol bölgüsünün 166 kv.metr hissəsi tamet tavalarla üzlənmişdir.

Ə.Vahid küçəsində 57 saylı yaşayış binasında 548 kv.metr damda şifer örtüyü sökülmüş, 3,0 kub metr çatı ayaqları sökülmüş. Damda 4,5 kub metr ağac şəbəkə sökülmüş, 0,94 kub metr tüstü bacaları kərpic ilə hörülmüş, 504 kv.metr fasad divarı sement məhlulu ilə  suvanmış, 343 kv.metr fasad divar səthinə emulsiya çəkilmiş, 70 kv.m kürsü divar ağ-lay tavalarla üzlənmişdir.

H.Həmidov küçəsi 4 saylı 2 mərtəbəli binasında 1505 kv.metr dam örtüyü sökülmüş, 137 kv.metr metal vərəqələrdən dam düzəldilmiş, 6 kub metr tüstü bacalarının kərpic ilə hörülmüş, , 60 kv.metr tüstü bacaları sement məhlulu ilə suvanmış və səthinə emulsiya çəkilmişdir. Tüstü bacalarının birləşmələrinə 46 kv.metr ağ sinklənmiş dəmir vurulmuş, 33,11 kub metr çatı ayaqları quraşdırılmışdır.

H.Həmidov küçəsi 68 saylı 2 mərtəbəli binasında 1399 kv.metr dam örtüyü sökülmüş və metal vərəqələrdən yenisi ilə əvəz olunmuşdur. 3,75 kub metr ağac şəbəkənin düzəldilməsi, 9,0 kub metr tüstü bacalarının kərpic ilə hörülməsi, 80 kv.metr tüstü bacalarının sement məhlulu ilə suvanması və səthinə emulsiya çəkilməsi. 2 kub metr çatı ayaqlarının quraşdırılması. 84 kv.metr tüstü bacalarının birləşmələrinə 84 kv.metr ağ sinklənmiş dəmir vurulmuşdur.

H.Həmidov küçəsi 67 saylı 2 mərtəbəli binasında 1399 kv.metr dam örtüyü sökülmüş və metal vərəqələrdən dam düzəldilmişdir, 3,75 kub metr ağac şəbəkə düzəldilmiş, 9,0 kub metr tüstü bacaları kərpic ilə hörülmüş, tüstü bacaları sement məhlulu ilə suvanmış və divar səthinə emulsiya çəkilmişdir. 30,78 kub metr çatı ayaqları quraşdırılmış, 84 kv.metr tüstü bacalarının birləşmələrinə ağ sinklənmiş dəmir vurulmuşdur.

N.Nərimanov küçəsindən M.Əsədov küçəsinə 1-ci giriş yoluna qum-çınqıl qarışığından 70 kub metr hamarlayıcı qat verilmiş və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 406 kv.metr sahədə örtük düzəldilmişdir.

 N.Nərimanov küçəsindən M.Əsədov küçəsinə 2-ci giriş yoluna qum-çınqıl qarışığından 75 kub metr hamarlayıcı qat verilmiş və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 475 kv.metr sahədə örtük düzəldilmişdir.

 S.Almazov, Şəhriyar, Nəsimi, Savalan küçələrinin hər birinə 300 kub metr, Şirvan küçəsinə 150 kub metr, V.Dadaşov küçəsinə 562 kub metr, Ə.Əsədov küçəsinə 225 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.

 Koroğlu küçəsinə 80 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 648 kv.metr sahədə örtük düzəldilmişdir.

Bakı küçəsinə 2077 kv.metr sahədə xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında örtük düzəldilmişdir. 20 yanvar küçəsinə 109 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 1934 kv.metr sahədə örtük düzəldilmişdir.

İ.Qayıbov küçəsi ilə Bakı döngəsindən sağa 1-ci döngəyə  92,5 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 663 kv.metr sahədə örtük düzəldilmişdir.

İ.Qayıbov küçəsi ilə Bakı döngəsindən sağa 2-ci döngəyə  108 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 723 kv.metr sahədə örtük düzəldilmişdir.

İ.Qayıbov küçəsi ilə Bakı döngəsindən sağa 3-cü döngəyə  50 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 343 kv.metr sahədə örtük düzəldilmişdir.

Dəmir yol keçidindən sağa və sola 1, 2, 3, 4 və 5-ci yol birləşmələrinə 317 kub metr qum-çınqıl  qarışığından  əsas verilmiş və 3537 kv.metr sahədə xırda dənəli asfalt-beton qarışığından 6 sm qalınlığında örtük qoyulmuşdur.

M.Ordubadi küçəsinə 519 kub metr, Natəvan küçəsinə 371 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.

Hacıqabul rayonunun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 51,5 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 3,0 milyon manat , 05 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 14,0 milyon manat vəsait ayrılmışdır.

Avtomobil yolunun tikintisinə 2015-ci ildə başlanılmış, hal-hazırda yolun 21,5 km torpaq yatağının hazırlanması işləri görülmüş ondan 17,5 km hissəyə asfalt döşəmək üçün hazırlanmışdır. Yolun 18,5 km hissəsində 12 sm qalınlığında asfalt örtüyü qoyulmuşdur. “Azəravtoyol” ASC tərəfindən yolun tikintisi davam etdirilir.

Hesabat dövründə 6 obyektin tikintisinə, 5 obyektin istismarına icazə verilmişdir.

Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.

Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası hesabat dövründə də davam etdirilmiş, 7000 ədəd ağac və 3500 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir.

Hacıqabul Elektrik Şəbəkəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində satışa ötürülən enerjinin dəyəri 7924,6 mln. manat olmaqla 95 912,5 mln. kvt.saat olmuşdur. Ümumi ödəniş 6 719,7 mln. manat olmaqla 84,8 % təşkil etmişdir.

Əhaliyə ötürülən enerji 26473392 kvt.saat, dəyəri 1998850,03 manat, toplanan vəsait isə 1776254,24 manat olmuşdur ki, bu da əhaliyə verilən enerjinin 88,86 %-ni təşkil edir.

Hesabat dövründə Hacıqabul EŞ-nin xidməti ərazisində rayonun Udullu kəndində 1 ədəd yeni 35/10 kV-luq y/st tikilmişdir. 17 ədəd yeni müasir tipli KTM quraşdırılmışdır. Ümumilikdə 967 ədəd 10 kV-luq dəmir-beton aralıq dayaq basdırılmış, 35 km məsafədə yeni 10 kV-luq EVX-i çəkilmiş,  3762 ədəd 0,4 kV-luq SİP dayağı, 80575 metr məsafədə yeni SİP kabel xətti (20942 metr 4 x 50 və 59633 metr 4 x 35 markalı kabel) çəkilmişdir.

Rayonun Pirsaat qəsəbəsində 1 ədəd yeni 35/6 kV-luq y/st inşa edilir.Y/st-da 2 ədəd 35/6 kV-luq 10 mVA gücündə transformator quraşdırılmışdır. Ümumilikdə 49 ədəd 6 kV-luq dəmir-beton dayaq , 518 ədəd 0,4 kV-luq SİP dayağı, 9784 metr məsafədə yeni SİP kabel xətti (2077 metr 4 x 50  və  7707 metr isə 4 x 35 markalı kabel) çəkilmişdir.

Rayonun Qarasu kəndi ərazisində 1 ədəd yeni 110/35/10 kV-luq y/st inşa. Y/st-da 1 ədəd 110/35/10 kV-luq 25 mVA gücündə transformator quraşdırılmışdır.10 kV-luq Qarasu h/x-də 11 ədəd metal dayaq basdırılmış və 2000 metr məsafədə AS-50 markalı naqil çəkilmişdir.

Rayonun Padar qəsəbəsində 1 ədəd yeni müasir tipli 400 kVA KTM quraşdırılmışdır. 29 ədəd 10 kV-luq dəmir-beton dayaq 87 ədəd ŞF-10 markalı  izolyator, 1200 metr AS-50 markalı naqil çəkilmiş, 795 ədəd 0,4 kV-luq SİP dayağı və 8235 metr 4 x 50 və 10400 metr isə 4 x 35 markalı kabel çəkilmişdir.

35 kV-luq Axtaçı-Abdulabad h/x-də 11 ədəd, Pirsaatbənd  h/x-də  35  ədəd  istismara  yararsız ağac dayaq yeni metal dayaqlarla  əvəz olunmuş və 148 ədəd izolyator dəyişdirilmişdir. 1500 metr məsafədə istismara yararsız naqillər AS-70 markalı naqillərlə əvəz olunmuş və 250 ədəd PS-70 markalı izolyator quraşdırılmışdır.

35/6  kV-luq  751 saylı Atbulaq y/st-da yerləşən 751 saylı Atbulaq h/x-nin KRN tipli  yuvasında 2 ədəd 35 kV-luq xətt ayırıcısı, 6 ədəd keçid izolyatoru və 6 ədəd oturaq izolyator  quraşdırılmışdır.

6 kV-luq Meyniman h/x-də yenidənqurma işləri ilə əlaqədar 45 ədəd dəmir-beton, 2 ədəd  metal dayaq basdırılmış, 82 ədəd ŞF-10 markalı izolyator quraşdırılmış və 5000 metr məsafədə yararsız naqillər yeni AS-50 markalı naqillərlə əvəz olunmuşdur.

10 kV-luq  Abdulabad  h/x-də yenidənqurma işləri ilə əlaqədar 14 ədəd metal dayaq basdırılmış və 100 ədəd ŞF-10 markalı izolyator quraşdırılmışdır.

6  kV-luq  Xilə, Şəhər və Meyniman, Ağacanlı, Talış və Navahı h/x-də yenidənqurma işləri zamanı ümumilikdə 4700 metr məsafədə AS-50 markalı naqil çəkilmiş, 84 ədəd dəmir-beton dayaq 33 ədəd ŞF-10 markalı izolyator yenisi ilə əvəz olunmşdur.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində istehlakçılara dəyəri 3407085,76 manat olan 23467184 kub metr qaz satılmış, ödəniş 3425020,08 manat olmaqla 100,53 % təşkil etmişdir. 117 ədəd fərdi yaşayış evlərində yeni qazlaşdırma işi görülmüş, 483 ədəd smart kart tipli sayğaclar nasaz işlədiyi üçün yenisi ilə əvəz olunmuşdur.

2017-ci ilin 9 ayı ərzində Hacıqabul Sukanal idarəsi tərəfindən əhalini və qeyri əhalini su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Belə ki, qəsəbə və kəndlərdə 50-219 diametrlərdə 12000 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 6 ədəd yeni siyirtmə qoyulmuş, 50 siyirtmədə təmir və yağlanma işləri aparılmışdır. Əhaliyə 32 ədəd smart sayğac, 368 ədəd mexaniki sayğac, qeyri əhaliyə isə 36 ədəd sayğac quraşdırılmışdır.

Hesabat dövründə təmizləyici qurğulardan 3569841 kub metr su qəbul edilmiş, bundan əhaliyə verilən içməli suyun həcmi 1612213 kub metr dəyəri isə  483617,0 manat təşkil etmişdir. Əhaliyə satılan suyun ödənilməsi 75,3 %, qeyri əhaliyə satılan suyun ödənilməsi 68,0 % təşkil etmişdir.        

2017-ci ilin 9 ayı ərzində Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən Qızılburun kənd EATS-də nömrə tutumu 32 ədəd artırılaraq 155-ə, Qarasu kənd EATS-də nömrə tutumu 20 ədəd artırılaraq 276-ya, Talış kənd EATS-də nömrə tutumu 16 ədəd artırılaraq 272-ə, Muğan qəsəbə EATS-də nömrə tutumu 25 ədəd artırılaraq 481-ə çatdırılmışdır.

Qarasu kənd və Padar qəsəbəsi ərazilərində 4,7 km məsafədə EATS-lərin birləşdirici kabelləri FO (fiber optik) kabellə əvəz olunmuşdur. Padar qəsəbəsində 32 tutumlu EATS 128 tutumlu EATS-lə əvəzlənmişdir. Navahı qəsəbə ərazisində 300 nömrə tutumlu EATS quraşdırılması üçün sahə hazırlanmış, 120 ədəd rabitə dirəyi basdırılmış və 2,7 km məsafədə birləşdirici FO kabel çəkilmişdir.

Hal-hazırda Navahı və Udullu ərazilərində telefonlaşma işləri həyata keçirilir. 

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır.

Rayonda 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Son illərdə təhsilin səviyyəsinin xeyli dərəcədə yüksəlmişdir. Bunu məzunların ali məktəblərə qəbulunun ilbəil artmasında da görürük. 2017-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 181 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 108 nəfər (59,6%), orta ixtisas məktəblərinə 22 nəfər (31%) qəbul olmuşdur. Bütövlükdə bu il rayon üzrə 129 nəfər ali məktəblərə, 27 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Ali məktəbə qəbulda şəhər 2,4,5,8 saylı Muğan, Rəncbər, Qubalıbaloğlan kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Şəhər 5 saylı, məktəbindən  13 nəfər ali məktəbə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 21 nəfəri 500-dən, 3 nəfəri 600-dən yuxarı bal toplamışlar.

Son illərdə rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulu ilə bağlı göstəricilər ilbəil artmaqdadır. Belə ki, 2014-cü ildə rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə sənəd təqdim edənlərin 38,2 %-i, 2015-ci ildə 43,6%-i, 2016-cı ildə 45,2%-i tələbə adını qazanmışdısa, 2017-ci ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edənlərin 59,6%-i tələbə adını qazanmışdır.

Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 51 həkim, 170 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 31 nəfər həkim, 20 nəfər orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərində 20,5 ştat vahidi rayon mərkəzində, 10.5 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.

Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2017-ci ilin fevral ayının 1-dən etibarən başlayan və may ayının 15-nə kimi davam edən aksiya zamanı 73 mindən yuxarı əhalisi olan rayonun 18 yaşından yuxarı yaş qrupu üzrə 53323 nəfərini, 18 yaşa qədər uşaqlar üzrə isə 5371 nəfəri tibbi müayinələrdən keçirilmişdir.

Rayon üzrə 225 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 49 nəfəri cari ilin 9 ayı ərzində qeydiyyata alınmışdır.

Mərkəzi rayon xəstəxanasında 1307 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 162 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 774 nəfər olmuşdur.

2017-ci ilin 9 ayı ərzində cərrahı şöbədə 196 cərrahiyyə əməliyyatı aparılmışdır. 313 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 6-sı avtomobil qəzası nəticəsində alınmış travmalardır.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən  Hacıqabul rayon Mədəniyyət müəssisələrində “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu yaradılmışdır. Qrup mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması istiqamətində işlər görür və aidiyyəti təşkilatlarla sıx iş birliyi qurur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Heydər Əliyev irsinin və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin öyrənilməsi məqsədi ilə mühazirələr oxunmuşdur.

2017-ci ilin 9 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 141. 102 nəfər oxucu istifadə etmişdir.

Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 20 tədbir həyata keçirilmiş 1672 nəfər, idman sahəsində isə 10 tədbir keçirilmiş bu tədbirlərə 654 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Hesabat dövründə yerli büdcənin mədaxil hissəsi daxilolmalar üzrə  3572649 manat proqnoza qarşı 4178053 manat və ya 116,9 % icra edilmiş, plandan artıq qalan 1081770 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür. Rayon büdcəsinin xərc hissəsi 2728569 manat təyinata qarşı 2521879 manat, yəni 92,4 % icra edilmişdir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 manat və ya 3,1 % artaraq 306,5 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4845,0 min manat və ya 2,2 % artaraq 225098,0 min manata çatmışdır. Rayon əhalisinin sayı 1,1 nəfər artaraq 74,4 min nəfər olmuşdur. Məşğul əhalinin sayı 36,3 min nəfər olmuşdur ki, bunun da 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,7 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.

Cari ilin 9 ayı ərzində rayon Məşğulluq Mərkəzinə 829 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 426 nəfər olmuşdur. 129 nəfərə işsizlik statusu verilmişdir.

Hesabat dövründə rayonda 1582 yeni iş yeri açılmışdır ki, bunun da 1320-si daimidir.

Rayon ərazisində 124 ailə olmaqla 422 nəfər qaçqın, 426 ailə olmaqla 1611 nəfər köçkün ailəsinə, müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.

Rayon İcra Hakimiyyəti “Büdcədənkənar” və “Sair xərcləri” vəsaitindən cari ilin 9 ayı ərzində ümumilikdə 62382,0 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 225 nəfər şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, eləcədə Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə cəmi 4500,0 manat, “Bahar” bayramı münasibəti ilə əlaqədar şəhərin park və küçələrinin bəzədilməsinə 3500,0 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş VII tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI siniflərinin fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarında ekskursiyaya yollanmasının yüksək səviyyədə təmin edilməsinə görə, 6000,0 manat, rayonda yaşayan Rus millətindən olan sakinlərə “Pasxa” bayramı münasibətilə 440,0 manat və eləcə də 116 nəfə imkansız xəstə və şəhid ailələrinə müalicə olunmasına görə 43022,0 manat məbləğində maddi yardım verilmişdir. “Qurban bayramı” münasibəti ilə şəhərin imkansız, tənha, əlil və şəhid ailələrinə cəmi 500 nəfərə, eləcə də hərbi hissələrə, uşaq bağçalarına, məscidlərə qurban əti paylanılması təşkil olunmuşdur.

DSMF Hacıqabul rayon şöbəsinə 2017-ci ilin 9 ayı ərzində büdcə təşkilatlarından 631,9 min manat, hüquqi şəxslərdən 388,5 min manat, fiziki şəxslərdən 206,6 min manat, torpaq payçılarından isə 1,9 min manat vəsait daxil olmuşdur.

Rayonda 01 oktyabr 2017-ci il vəziyyətinə əmək pensiyaçılarının sayı 7419 nəfər olmuşdur. Bunlardan 4226 nəfəri yaşa görə, 2019 nəfəri əlilliyə görə, 1174 nəfəri ailə başçısını itirməyə görə pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 197,49 manat təşkil etmişdir.

321 ailə olmaqla 1437 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.

2017-ci ilin 9 ayı ərzində Polis Şöbəsi tərəfindən rayon ərazisində 176 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 31-i ağır və xüsusi ilə ağır, 118-i az ağır, 24 fakt böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Baş vermiş cinayətlərin açılması 94,2 faiz təşkil etmişdir.

Hesabat dövründə Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 88 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 4810,21 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.

9 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 3 cinayət hadisəsi qeydə alınmışdır.

2017-ci ilin doqquz ayı ərzində Hacıqabul rayon Prokurorluğunda 3 iş xüsusi ilə ağır, 12 iş az ağır və 1 iş ictimai təhlükə törətməyən olmaqla 16 cinayət işinin istintaqı aparılmışdır.

Daxil olan cinayət işlərindən 9-nun istintaqı tamamlanmış, 1 iş baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmiş, 1 işin istintaqı dayandırılmış və 5 iş növbəti aya qalıq qalmışdır.

2017-ci ilin 9 ayı ərzində rayon üzrə 959 doğum, 309 ölüm, 340 nikah bağlanması qeydə alınmışdır, 88 nikah pozulması rəsmiləşdirilmişdir.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin 9 ayı ərzində icra hakimiyyətinə 649 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 209-u Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 16-sı Milli Məclisdən, 9-u Nazirlər Kabinetindən, 22-si Respublikanın digər rəhbər təşkilatlarından, 393-ü isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2017-ci ilin 9 ayı ərzində İcra Hakimiyyətinin Başçısı tərəfindən 407 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 244 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər