Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu il ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə ilə bağlı Hesabat Məruzəsi

28 fevral 2020 | 16:00

2019-cu il ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra hakimiyyətinin başçısı R.G.Xəlilovun 28 fevral 2020-ci il tarixli Şura iclasındakı

 

HESABAT MƏRUZƏSİ

 

Yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Dövlət başçısı bildirmişdir ki, ümumi daxili məhsul 2,2 faiz artmışdır, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür.

Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox.

İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur.

Dövlət başçısı bildirmişdir ki, qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.

Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə - 51 milyard dollara çatmışdır. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.

Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir.

Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, kateqoriyalar üzrə müavinətlər 50 faiz, bəzi müavinətlər isə 2 dəfə artırılmışdır.

Uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Tikilmiş məktəblərdən 50-si modul tiplidir.

Dövlət başçısı bildirmişdir ki, 2020-ci il üçün Azərbaycan tarixində həcm baxımından ən böyük dövlət büdcəsini qəbul etdik. İcmal büdcə 30 milyard manata yaxındır, təqribən 17,6 milyard dollardır.

Dövlət başçısı bildirmişdir ki, keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir.

Möhtərəm Prezidentimizin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2019-cu il ərzində rayonda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.

2019-cu il ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 348.842,5 min manat olmuşdur. Məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 2,78 %, kənd təsərrüfatı məhsulunun həcmi 16,05 %, sənayedə məhsul buraxılışının həcmi 16,95 %, ticarətdə məhsul buraxılışının həcmi 4,22 % artmışdır.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 4,21 %, iaşə dövriyyəsi 4,64 %, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 6,13 %, məişət xidmətlərinin həcmi 5,25 %, yük daşınmalarının həcmi 3,30 %, sərnişin daşınmalarının həcmi, 2,21 %, rabitə xidmətlərinin həcmi 4,95 % artmışdır.

2019-cu il ərzində Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 77.166,8 min manat, istifadəyə verilmiş əsas fondlar 11.891,9 min manat olmuşdur. Ümumi mənzil fondu 23,8 min kv.metr və ya 2,0 % artaraq 1.211,8 min kv.metr olmuşdur.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

 Rayonda 2019-cu ilin məhsulu üçün 31,973  hektar sahədə taxıl əkilmişdir. Bu sahələrin 21615,0 hektarını buğda, 10358,0 hektarını arpa, 321 hektarını isə xəsil əkini təşkil etmişdir.

31973,0 hektar taxıl sahəsindən 73.122,4 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 41708,4 tonunu buğda, 31414,0 tonunu isə arpa təşkil edir. Məhsuldarlıq arpa bitkisi üzrə isə 30,33, buğda bitkisi üzrə isə 19,30 sentner olmuşdur.

2019-cu ilin ərzində 835 hektar sahədə bostan, 530 hektar sahədə tərəvəz, 630,3 hektar sahədə qarğıdalı, 46 hektar sahədə kartof, 400,0 hektar sahədə pambıq, 2806,0 hektar sahədə yem bitkiləri, 171,8 hektar sahədə şəkər çuğunduru, 38,4 hektar sahədə soya olmaqla cəmi 5258,5 hektar sahədə yazlıq əkin aparılmışdır.

2019-cu il ərzində 7361,4 ton tərəvəz, 13101,4 ton bostan,  14708,1 ton meyvə, 515,2 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz məhsulları istehsalı 782,0 ton, bostan məhsulları istehsalı 1723,4 ton, kartof istehsalı 20,2 ton, 2893,2 ton şəkər çuğunduru çox olmuşdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 1491 ton artaraq 19773 tona, yun istehsalı 2 ton artaraq 231 tona çatmışdır. Hesabat dövründə yumurta istehsalı 46052 min ədəd artaraq 344.623 min ədəd olmuşdur.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 35.113 baş xırda buynuzluların sayı isə 130013 baş olmuşdur. Hesabat dövründə diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1572 ton artaraq 9345 tona çatmışdır.

Quşların baş sayı 2.744,1 min baş olmuşdur.

2019-cu il ərzində Aqrolizinq ASC-nin Hacıqabul bölməsinə mədaxil olmuş 2518 ton müxtəlif adda mineral gübrələrin ötən ildə 497 ton qalıqla birlikdə 2977 ton mineral gübrələr rayon istehsalçılarına satılması təmin edilmişdir. İstehsalçılara köməklik məqsədi ilə Aqrolizinq ASC tərəfindən mineral gübrələrin səyyari satışı ərazilərdə təşkil olunmuşdur.

Rayon üzrə bal istehsalçılarına 1133 qutu arı ailəsinə görə 11.133 manat subsidiya ödənilmişdir. Orta hesabla bir arı ailəsi 15 kq bal istehsal etmişdir. Ötən ilin mövcud dövrünə nisbətdə 643 arı ailəsi artmışdır.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri İdarəsi 20893 ha suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir.

Əkinlərin suvarılması üçün 2019-cu il ərzində su mənbələrindən 105,460 mln. kub metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birilliklərinə 79,050 mln. kub metr su verilmişdir. Sudan istifadə əmsalı 0,97 olmuşdur.

Əkinlərin su təminatının yaxşılaşması üçün 2019-ci il ərzində 305,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Hesabat dövründə 3 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 64 ədəd hidrotexniki qurğu, 6 ədəd nasos stansiya binası, 3 ədəd mülki bina cari təmir olunmuşdur.             

Yuxarı Şirvan kanalının qolundan su götürən və su keçirmə qabiliyyəti         5 m3/san olan 28,2 km-lik Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyyatlı 21,2 km təsərrüfat daxili qol kanallar ilə cari təsərrüfat ilində Padar-Qarasu ərazilərinin ümumilikdə 7222 ha əkin sahələri suvarma suyu ilə təmin edilir. Hesabat dövründə 7222 ha əkin sahələrini suvarma suyu ilə təmin edilməsi qarşıda vəzifə olaraq durmuşdur. Cari ildə ərazidə 6063 ha taxıl əkinləri, 225 ha pambıq, 63,0 ha yem bitkiləri, 38,0 ha soya, 591,0 ha dənlik və silos üçün qarğıdalı,170,0 ha şəkər cuğunduru, 70,0 ha həyətyanı yanı və s. kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə normal təmin olunmuşdur və hal-hazırda vegetasiya suvarma rejiminə uyğun digər əkinlərin də suvarılması davam etdirilir.

Pirsaat qış otlaqlarının su təminatı sistemləri idarəsi 102 min hektar qışlaq sahəsinə xidmət göstərir. İdarə tərəfindən rayon ərazisində 75.133 hektar sahədə qışlama keçirən şəxsi və fermer təsərrüfatları ilə müqavilə bağlanılmış və həmin təsərrüfatları mütəmadi olaraq su ilə təmin edir.

Hesabat dövründə təsərrüfatları su ilə təmin etmək üçün 551 min kub metr su ötürülmüş və 30012,80 manat su pulu toplanmışdır. 2019-cu il üçün nəzərdə tutulmuş plan yığım 100 % icra edilmişdir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2019-cu il ərzində Ağacanlı, Ələtli, Meyniman, Kolanı, Abdulabad kəndləri ərazisində K-3 təsərrüfat daxili kollektorlarda 39840 pm lildən təmizlənmə işləri görülmüşdür. Əlavə olaraq K-2 və K-3 nasos stansiyalarında 20 ədəd nasos aqreqatı və 315 kvt-luq elektrik mühərriki əsalı təmir olunmuşdur.

Qeyd edilən işlərə baxmayaraq idarə tərəfindən Kür çayı sahili boyunca yerləşən yaşayış məntəqələrdə kompleks işlər həyata keçirilmir. Bu səbəbindən də əkinə yararlı torpaq sahələri şorlanmaya məruz qalır. İdarə rəhbərliyi qeyd edilən iradlardan nəticə çıxarmalı və öz işində dönüş yaratmalıdır.

Hesabat dövründə Hacıqabul Baytarlıq İdarəsinin yerli baytar məntəqə işçilərinin birgə iştiraki ilə ərazilərdə daima monitoruq keçirməklə heyvan xəstəliklərinin müayinə olunması üçün (burselyoz) qan analizi nümunələri götürülmuşdür. Qara yara xəstəliyinə qarşı (Nyukalasota) qarşı peyvəndləmə tədbirləri iri və xırda buynuzlu mal-qarada aparılmışdır. Ərazilərdə baytarlıq idarəsi tərəfindən il ərzində 924 obyekt olmaqla 462025 kv.metr sahədə profilaktiki və 3 obyekt olmaqla 260 kv.metr  sahədə məcburi dezinfeksiya  işləri aparılmişdır.

2019-cu il ərzində Hacıqabul Bitki Mühafizəsi Mərkəzi tərəfindən aparılmış müşahidələr zamanı 156589 hektar sahədə 43344 sirayətlənmə aşkar  olunmuş zərərvericilik həddi normasını aşmış 6283 hektar sahədə kimyəvi mübarizə aparılmişdir ki, bunun 465 hektarı dövlət büdcəsi hesabına yerinə yetirilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına  əkin sahələrinin becərilməsində istifadə edəcək yanacaq və motor yağlarına görə, habelə buğda və digər əkinlərə görə rayon üzrə 38292,3 ha əkin sahəsinə 2672 nəfər istehsalçı və fermerə dövlət büdcəsi hesabına 2.759.646 manat subsidiya ödənilməsi təmin edilmişdir. Eyni sahədən 2 dəfə məhsul əldə olunması məqsədi ilə 24 istehsalçı tərəfindən aparılmış təkrar əkinlərə görə 231.733 manat dövlət yardımı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.

Hesabat ilində rayonumuzda 400,0 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 900,0 ha və ya 30,76 % azdır. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “P-Aqro” MMC arasında xam pambığın istehsalı və alqı-satqısına dair 34 istehsalçı ilə müqavilə bağlanmışdır. Sahələrdən fiziki çəkidə 648,590 ton və kondisiya çəkisində 576,0 ton pambıq tədarük edilmişdir. Məhsuldarlıq 1 hektardan 14,4 sentner təşkil etmişdir.

Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində ümumilikdə 59,580 ədəd, o cümlədən cari ildə 20,580 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.

2019 məhsulu üçün rayon üzrə 59 kümçüyə 120 qutu barama toxumu verilmiş, 3076 kg yaş barama istehsal olunmaqla Şəki İpək MMC-yə təhvil verilmişdir. Nəzərdə tutulan yaş barama tədarükü rayon üzrə 61 % yerinə yetirilmişdir. Ötən ilə nisbətən barama tədarükü hesabat ilində 1150 kg çox olmuşdur.

Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə yaradılmış iri aqroparkda hesabat dövründə 212,0 ha buğda sahəsindən 1968,5 ton, 516,0 ha arpa sahəsindən 909,5 məhsul toplanmışdır. Məhsuldarlıq buğda bitkisi üzrə 38,15 sentner, arpa bitkisi üzrə isə 42,90 sentner təşkil etmişdir. 2020-ci ilin məhsulu üçün 394,6 ha sahədə buğda, 614,4 ha sahədə arpa bitkisi əkini aparılmışdır.

Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi istifadəyə verilmiş, 1200 baş cins iri buynuzlu mal qara gətirilmişdir. Əlavə olaraq 2000 başlıq heyvandarlıq kompleksinin tikintisi işləri aparılır.

Hacıqabul rayonunun Meyniman kəndində 2000,0 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda 1560 baş qoyun və 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi olan ferma fəaliyyət göstərir. Ötən illərdə hər birinin sahəsi 2,0 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Hesabat ilində 60,0 ha sahədə buğda, 100,0 hektar sahədə arpa əkilmişdir.

Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər vəsait çatışmazlığı səbəbindən müvəqqəti olaraq dayanmışdır. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla 27,6 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır.

Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30,000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilmişdir.

”Agro Dairy” MMC tərəfindən bu ərazidə 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. 2019-cu ilin məhsulu üçün əkilmiş 15665,0 hektar buğda sahədən 23514,7 ton, 1670 hektar arpa sahədən 2843,0 ton məhsul toplanmışdır. 2020-ci ilin məhsulu üçün 18227,5 ha sahədə buğda, 2896 ha sahədə arpa və 348 hektar sahədə yonca bitkisi əkini aparılmışdır. Aqroparkda 83 nəfər daimi, 129 nəfər mövsümü işlə təmin edilmişdir.

Rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.

Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilmişdir. İstixananın məhsul istehsalı gücü 1,0 ha üçün 250-300 tondur. Kompleksdə 70 nəfər işlə təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən yaradılmış “Hacıqabul Sənaye Məhəlləsi”nin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatmışdır. Layihəyə görə burada 970 nəfər işləyəcək. Sənaye Məhəlləsində Rusiya ilə birgə aparılan maşınqayırma zavodunun tikintisi işləri başa çatmaq üzrədir.

·  Ağır maşınqayırma zavodunun tikintisi işləri üzrə layihələndirmə işləri aparılır.

·  Xüsusi vaqonqayırma və kompozit materialları zavodunun tikintisi işləri üzrə layihələndirmə işləri aparılır.

·  Tikinti materialları istehsalı avadanlıqlarının istehsalı zavodunun tikintisi üzrə layihələndirmə işləri aparılır.

·  “Azərmaş Park” ASC-nin Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə dəyəri 14 milyon manat olan zavodda ildə 1000 ədəd “QAZ” avtomobili istehsal olunacaqdır.

·  “Azərmaş Park” ASC-nin İran İslam respublikası ilə birgə həyata keçirdiyi layihə üzrə dəyəri 10 milyon avro olan avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulmuşdur. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaqdır.

·  Rusiya ilə birgə yaradılmış  “Penopleks SPB” şirkəti tərəfindən İzolyasiya materiallarının istehsalı zavodunun təməli qoyulmuşdur. Zavodda polimer əsaslı istilik və su izolyasiyası, dekorativ-tətbiqi materiallar, penapolistiroldan hazırlanan istilik izolyasiya plitələri, ekstruziya izolyasiyası, ümumi təyinatlı polistirollar- köpük yaradan material, kimyəvi tərkibli müxtəlif materiallar, etanol, boyalar, rəngaçan, antipripilen istehsal olunacaqdır.1700 nəfər işlə təmin olunacaq.

·  Plastik su qabları istehsalı müəssisəsi tikilib başa çatdırılmışdır. Hazırda məhsul istehsalı aparılır.

·  Tara istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.

·  Gübrə istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.

 

Hesabat dövründə şəhərin H.Həmidov küçəsində iki mərtəbəli yaşayış binasının dam örtüyü, Ə.Vahid küçəsində bir mərtəbəli yaşayış binasının fasad hissəsi yenidən işlənmiş, H.Z.Tağıyev küçəsində abadlıq işləri davam etdirilmişdir. Ümumilikdə il ərzində abadlıq işlərinə 226.057 manat vəsait xərclənmişdir.

2019-cu il ərzində M.Ə.Rəsulzadə küçəsində 304,5 kub metr, V.Talıbov küçəsində 589,45 kub metr, Koroğlu küçəsində 365,7 kub metr, H.Həmidov küçəsində 165,0 kub metr, H.Z.Tağıyev küçəsində 914,24 kub metr, N.Nərimanov küçəsində 222,02 kub metr, B.Dadaşov küçəsində 193,08 kub metr, M.Cəfərov küçəsində 130,21 kub metr, N.Dadaşov küçəsində 152,3 kub metr, M.Qocayev küçəsində 133,2 kub metr həcmdə yola qum-çınqıl qarışığından əsas verilmişdir.

M.Ə.Rəsulzadə küçəsində 2180,0 kv.metr, V.Talıbov küçəsində 4250 kv.metr, H.Z.Tağıyev küçəsində 6670,0 kv.metr, H.Həmidov küçəsində 1200,0 kv.metr, Koroğlu küçəsində 2648,0 kv.metr, N.Nərimanov küçəsində 1606,5 kv.metr, B.Dadaşov küçəsində 1395,0 kv.metr, N.Dadaşov küçəsində 1100,0 kv.metr, M.Cəfərov küçəsində 945,0 kv.metr və M.Qocayev küçəsində 960,0 kv.metr olmaqla ümumilikdə 22955,0 kv.metr yola 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulmuşdur. Yolların əsaslı təmirinə il ərzində 383.280 manat vəsait xərclənmişdir.

2019-cu il ərzində tikintiyə icazə verilməsi sahəsində Hacıqabul Sənaye Məhəlləsində qırıcı avadanlıqlar istehsal edəcək dəmir töküm zavodunun tikintisinə icazə icraatı işlərinə başlanılmış, QAZ kommersiya avtomobillərinin istehsalı zavodunun tikintisinə başlanılmışdır. Qarasu kəndi ərazisində 1 nəfər sahibkara tikintiyə icazə verilmişdir. Hacıqabul şəhərində sərinləşdirici içkilər üçün tikilməsi nəzərdə tutulan anbar binasının yerləşdirilməsinə dair şəhərsalma əsaslandırılması işlənib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuşdur. Uyğunluq rəyi alındıqdan sonra tikintiyə icazə veriləcəkdir. Məlumatlandırma icraatı üzrə tikintisinə icazə verilən 5 fərdi yaşayış evinin, tikintisi başa çatmış 8 fərdi yaşayış evinin, tikintisinə icazə verilmiş 2 obyektin, istismarına icazə verilmiş 2 obyektin sənədləri Tikintilərin Dövlət Reyestrinə daxil edilmək üçün Komitəyə göndərilmişdir.

Dövlət torpaq fonduna aid otlaq sahələrinin icarəyə verilməsi üzrə 5 nəfər fiziki şəxslə müqavilə bağlanılmış, rayon ərazisindən keçən magistral yolların kənarında tikilməsi nəzərdə tutulan pitstoplar üçün ayrılacaq 0,771 ha, 0,70 ha və 0,80 ha torpaq sahələrinin, “Kürdəmir Süd Emalı zavodu”nun icarəsində olan 79,5 ha torpaq sahəsinin və “İlk aqro və heyvandarlıq” MMC-nin icarəsində olan 400,0 ha torpaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı tələb olunan sənədlərin hazırlanması işi başa çatdırılaraq Nazirlər Kabinetinə göndərilmişdir. Fərdi ev tikintisi üçün ayrılması nəzərdə tutulan bələdiyyə torpaqlarına münasibətdə 23, sahibkarlıq məqsədi üçün 1 torpaq sahəsinə rəy verilmişdir.

İl ərzində şöbəyə daxil olan müraciət və şikayət məktubları vaxtında araşdırılıb tədbir görülmüş, gecikmə hallarına yol verilməmişdir. Qanunsuz tikinti və çəpərləmələrlə bağlı 7 hal üzrə Polis idarəsinə müraciət olunmuşdur.

Hesabat ilində şəhərdə, rayonun qəsəbə və kəndlərində yaşıllaşdırma kompaniyası çərçivəsində 27100 ədəd ağac və 10 mindən çox gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.

Hacıqabul Elektrik Şəbəkəsi tərəfindən 2019-cu il ərzində Atbulaq kəndində 35/6 kv-luq yeni 6,3 mAa güclü transformator quraşdırılmışdır.  Kürdçü kəndi ərazisində müasir tipli 4 ədəd KTM quraşdırılmış, 670 ədəd dayaq basdırılaraq 20,1 km uzunluqda EVX çəkilmişdir.

Qarasu kəndidə qeydiyyatda olan abonentlərin enerji təchizatının keyfiyyətinin artırmaq məqsədilə 110/35/10 kV-luq  y/stansiyadan Qarasu kəndinə 20 ədəd metal dayaqlar basdırılmaqla 2 km məsafədə 10 kV-luq hava xətti çəkilmiş, 1 ədəd yeni müasir tipli KTM quraşdırlaraq şəbəkəyə qoşulmuş və 275 ədəd 0,4 kV-luq ÖİN dayaq basdırmaqla 7 km məsafədə 0,4 kV-luq  EVX çəkilmişdir.

Rayonun  Pirsaat qəsəbəsində də yeni müasir tipli 35/6 kV-luq y/stansiya inşa edilmiş və y/stansiyanın ərazisində 2 ədəd 10,0 mVA gücündə transformator, 8 ədəd yeni müasir tipli KTM quraşdırılaraq istehlakçıların istifadəsinə verilmişdir.

Rayonun Muğan, Qarasu və Padar qəsəbəsində Bakı-Qazax magistral yolunun kənarında 10/0,4 kV-luq metal dayaqlar boyanmışdır.

6 kV-luq Ağacanlı h/x-də istismara yararsız 300 metr AS-35 markalı naqil yeni AS-50 markalı,  35  kV-luq  Pirsaat  hava  xəttində istismara yararsız 1500 metr naqil AS-70 markalı naqillə əvəz olumuşdur.

Hesabat dövründə Elektrik Şəbəkəsi tərəfindən alınmış və satışa ötürülmüş enerjinin dəyərinin 94,9 %-nin yığılması təmin edilmişdir.

Hesabat dövründə Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul Xidməti sahəsi tərəfindən 1857 yerüstü sızma, 59 ədəd yeraltı sızma və 5 uyğunsuzluq aradan qaldırılmışdır. 

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. 2019-cu il ərzində 45.180.906 kub metr qaz alınmış və 2.8 % itki ilə istehlakçılara 43.883.325 kub metr qaz satılmışdır. Ödəniş 6.677.430 manat olmaqla 99,88 % təşkil etmişdir.

2019-cu il ərzində əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 32-215 diametrdə 200 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 13 ədəd müxtəlif diametrli  siyirtmələrdə təmir və yağlama işləri aparılmışdır. Əhali qrupuna 300 ədəd mexaniki, qeyri əhali qrupuna 10 ədəd smart sayğac quraşdırılmışdır.

Hesabat dövründə 5.635.975 kub metr su alınmış və 3.032.366 kub metr su satışı həyata keçirilmişdir. 1.821.106 kub metr su itiklisi olmuşdur. Əhaliyə satılan suyun ödənişi orta hesabla 90,0 %, qeyri-əhaliyə satılan suyun ödənişi isə 99,0 % təşkil etmişdir.

2019-cu ili ərzində Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 850,0 min manat məbləğində rabitə xidmətləri göstərilmiş, öhdəliyə 100,1 % əməl edilmişdir.

Hesabat dövründə abonentlərə 210 ədəd telefon və 495 ədəd internet çəkilişi təmin edilmişdir. 3 ədəd 64 portluq, 3 ədəd 128 portluq, 2 ədəd 48 portluq (DSLAM) və 4 ədəd CİSKO internet avadanlıqları quraşdırılmışdır.

Yeni telefon çəkilişi məqsədi ilə 100 ədəd yeni rabitə dirəyi basdırılmış, 16 ədəd abunə qutusu, 14 ədəd kabel meydançası, 4,8 km məsafədə müxtəlif tipli rabitə xətləri yenisi ilə əvəz edilmişdir.

2019-cu il ərzində Hacıqabul Poçt filialına 500 sürətli poçt göndərişi, 1000 qiyməti bəyan edilmiş məktub və kiçik paket, 350 teleqram, 800 bağlama, 28047 məktub daxil olmuş və keçid baxış müddətini başa vurduqdan sonra ünvanlara çatdırılmışdır.

Hacıqabul Poçt filialından 8985 məktub, 552 bağlama, 230 teleqram və 405 kiçik paket göndərilmişdir.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Rayonun Təhsil Şöbəsi 2019-cu  il ərzində 33 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə ilə fəaliyyət göstərmişdir. Rayon Təhsil Şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon  İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

Rayonun ümumtəhsil məktəblərində 11415 nəfər şagird təhsil almış və onların təlim tərbiyəsi ilə 944 nəfər təhsil işçisi məşğul olmuşdur.

2019-cu il ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına  hazırlıq işləri  uğurla davam etdirilmişdir. Belə ki, yuxarı siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan   məktəblərinin  IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.

Mart  ayında ali məktəblərə ərizə qəbulu həyata keçirilmiş və rayonun ümumtəhsil məktəblərində oxuyan şagirdlərin arzularına uyğun olaraq ali və orta ixtisas məktəblərinə ərizə vermələri təmin olunmuşdur.

2019-cu ildə  rayonun tam orta məktəblərini bitirən 342 nəfər məzundan 162  nəfər (47,4%), orta ixtisas məktəblərinə 47 nəfər (13,7%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 15 nəfər ali məktəblərə, 7 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bütövlükdə ötən il rayon üzrə 177  nəfər ali məktəblərə, 54 nəfər orta ixtisas məktəblərinə  qəbul olunmuşdur.

Son illərdə rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərin ali və orta  ixtisas məktəblərinə qəbulu ilə bağlı göstəricilər  artmaqdadır. Belə ki, 2019-cu ildə rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə sənəd təqdim edənlərin 53,3 %-i  2019-cu ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edənlərin  65,6% tələbə adını qazanmışdır.

Ali məktəbə qəbulda şəhər 1, 5 saylı, 8, 10 saylı məktəb-lisey və Qarasu, Udulu, Talış kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Ali məktəbə qəbul olunanlardan 27 nəfəri 500-dən yuxarı,  3 nəfəri 600-dən yuxarı bal toplamışlar. 

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ildə    Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun bir qrup şagirdi mart ayında Quba, Qusar, Xaçmaz, noyabr ayında isə Qəbələ, Şəki, Zaqatala rayonlarında olmuşlar. Bu səfərlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Hacıqabul rayonu ümumtəhsil məktəbləri şagirdlərinin sayca 7-ci səfəri idi. Səfərlər zamanı rayonun  təmsil edən 40 nəfər dərs əlaçısı, müxtəlif yarış və müsabiqə qalibi olan şagirdlər ölkəmizin görməli yerləri, tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı  ildönümü ilə  bağlı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunda I yer tutan şəhər 10 saylı məktəb-liseyin şagirdi XI sinif şagirdi  Elnarə İbrahimova respublika turuna vəsiqə almış və respublika turunda II yeri tutmuşdur. 

Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Təhsil Şöbəsi 19-26  fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Həftə ərzində rayonun bütün təhsil müəssisələrində müxtəlif səpkidə tədbirlər – inşa müsabiqəsi, bilik yarışları, şeir, mahnı, və rəsm müsabiqəsi, dəyirmi masalar, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş və hərbi – vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Rayon Təhsil Şöbəsi şagirdlərin dərsliklərlə təminatı məsələsini ciddi nəzarətdə saxlamışdır. Bu gün rayonun ümumtəhsil məktəblərinin I-XI siniflərdə oxuyan şagirdlər 100% pulsuz dərsliklərlə təmin olunurlar.

Görülmüş işlərlə yanaşı bəzi problemlər də mövcuddur; Qazanxanası  və istilik sistemi olmadığından rayonun Navahı kənd orta məktəbinin binası odunla, Atbulaq, Meyniman və Talış kənd tam orta məktəblərinin binaları standart elektrik peçləri ilə isidildiyi üçün payız-qış mövsümündə həmin məktəblərin qızdırılmasında ciddi problemlər meydana çıxır. Son 15 ildə rayonda 19 yeni məktəb binası tikilsə də Navahı, Talış kənd, Muğan qəsəbə və şəhər 5 saylı tam orta məktəblərinin yerləşdiyi binaların əsaslı təmirə ciddi ehtiyacı vardır.

Rayonda 91 çarpayılıq Hacıqabul Mərkəzi rayon xəstəxanası, 15 çarpayılıq Udullu Kənd sahə Xəstəxanası Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 47 həkim, 157 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol ambulatoriyası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir. 

  Rayon üzrə 29 nəfər həkim, 34 orta tibb işçisi vəzifəsi vakantdır.

2019-cu il ərzində 22 həkim təkmilləşmə kursunda, 7 orta tibb işçisi ixtisasartırma kurslarında olmuşlar.

Hesabat dövründə Mərkəzi Rayon xəstəxanasında hospitalizə olunmuş xəstələrin sayı 2068 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 23260 gün olmuşdur.

 Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublika əhalisinin kütləvi tibbi profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2019-cu ilin fevral ayının 12-dən və may ayının 12-dək müvəffəqiyyətlə davam edən aksiya zamanı Hacıqabul səhiyyə işçiləri, 75 mindən yuxarı əhalisi olan rayonun 18 yaşdan yuxarı yaş qrupu üzrə 61428 nəfərini tibbi müayinədən keçirmiş, bunlardan 51529 nəfəri 18 yaşından yuxarı yaş qrupu,  9899 nəfəri 18 yaşa qədər uşaqlar olmuşdur. Bunlar arasında 735  nəfər xəstə aşkar edilmiş və həmin xəstələr təyinatı üzrə ambulator və stasionar müalicəyə cəlb edilmişlər.

2019-cu ildə ilkin onkoloji xəstə 77 nəfər, hazırda 305 nəfər dispanser qeydiyyatına dayanır.

Ötən il 250 nəfər xəstə şəkərli diabetlə ilkin qeydə alınmış, hazırda 1790 nəfər şəkərli xəstə kimi dispanser qeydiyyatında dayanır. Qeydiyyatda olan bütün xəstələr şəkər salıcı dərmanlar, qlükometr testləri ilə təmin olunmuşlar.

37 nəfər talassemiyalı xəstə dispanser qeydiyyatında olmuşdur. Bunlardan 1 nəfəri ilkin talassemiyalı xəstədir.

Ötən ildə insanın immun çatışmamazlıq xəstəliyinə yoluxmuşların aşkar olunması məqsədi ilə 1523 qan nümunəsi götürülərək QİÇS-ə görə müayinəyə göndərilmiş, 1618 nəfər ekspress testlə müayinə edilmişdir. Rayon üzrə doğuş zamanı ana ölümü olmamışdır. İl ərzində 1 yaşa qədər uşaq ölümü 3 nəfər, ölü doğulan uşaqların sayı 4 nəfər olmuşdur. Rayon üzrə 0-14 yaşlılar arasında uşaq ölümü 6 nəfər olmuşdur.

Cərrahi şöbədə 302 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahi əməliyyatdan sonra ölüm halı baş verməmişdir.

Uşaqlar arasında profilaktik peyvəndlər təqvim planına uyğun davam etdirilmiş və ümumilikdə 4598 uşağa profilaktik peyvənd aparılmışdır.  İl ərzində ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq uşaqların icbari dispanserizasiyası aparılması prosesində 17881 uşaq müayinə olunmuş, 403 uşaq müxtəlif xəstəliklər üzrə dispanser qeydiyyatına götürülmüşdür.

Hesabat ilində Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, 100 nəfərdən qan götürülmüşdür.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi illik iş planına əsasən 2019-cu il ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir. İl ərzində içməli su üzərində cari sanitariya nəzarəti aparılmış, nümunələr götürülərək sanitar kimyəvi və bakterioloji müayinələr üçün Respublika Mərkəzinə göndərilmişdir.

Qeyd etmək lazımdır ki, rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq və s.)  eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mənfi təsir göstərir.

Rayonun 10 həkim məntəqəsindən cəmi 2-si həkimlə təmin olunmuşdur.

Hələ də bəzi həkim və tibb məntəqəsi uyğunlaşdırılmış binalarda, 3 tibb məntəqəsi isə şəxsi evlərdə fəaliyyət göstərir. Səhiyyə işinin rayon mərkəzində yüksək səviyyədə təşkil olunması üçün yeni bir korpusun tikilməsinə böyük ehtiyac vardır. Təcili tibbi yardım stansiyasının avtomobilə və həkim kadrlara ehtiyacı vardır. Stansiya uyğunlaşmış binada yerləşir.

Rayonun Mədəniyyət sahəsində 17 klub müəssisəsi, o cümlədən 1 rayon, 6 kənd Mədəniyyət evi, 2 şəhər, 8 kənd klubu, Mərkəzi Kitabxana Sistemi üzrə 27 müstəqil dövlət kitabxanası, o cümlədən  rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi,  Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir. 

Ötən il ərzində tədbirlər planına uyğun olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda hərbi vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.  20 yanvar faciəsi ilə əlaqədar şəhər Folklor klubunda ədəbi-bədii kompozisiya, 26 fevral tarixində Xocalı faciəsinin ildönümü münasibətilə “Viran ocağım” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur.  Rayon Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblı, kənd klub və mədəniyyət evlərinin kollektivləri əhali qarşısında konsert proqramları ilə çıxışlar təşkil etmişlər. 

Şəhər Uşaq Musiqi məktəbində 7 ixtisas üzrə, o cümlədən; fortepiano, kamança, qarmon, skripka, qaboy, nağara, tar ixtisasları üzrə şöbələr fəaliyyət göstərmişdir. Məktəbdə həmin ixtisaslar üzrə 198 şagirdin ibtidai musiqi təhsili ilə 45 əsas və 2 əvəzçi  müəllim  məşğul olur. 2018-2019-cu tədris ilində 40 şagird məktəbi tam bitirmişdir. 

Hesabat dövründə rayon Tarix-Diyarşünaslıq muzeyində  keçirilən tədbirlərdə iştirak edənləri sayı 1662 nəfər, Onlardan 79 qrupda 1301 nəfər, fərdi gəlişlərdə isə 361 nəfəri  ekskursiyaçı iştirak etmişdir.

Rayon Heydər Əliyev Mərkəzinin  fəaliyyəti səmərəli olmuşdur.  Mərkəzdə 453 qrup şəklində, 8310 nəfər tamaşaçı qəbul edilmişdir. Burada xalq yaradıcılığı studiyasında gənclər  xalça toxumaq, foto, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. Elektron kitabxanadan və internetdən istifadə edirlər.

2019-cu il ərzində rayon Mərkəzi Kitabxanasında və onun  filiallarında tədbirlər planına uyğun olaraq, kitab fondunun təbliğinə kömək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. 

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondunun ümumi sayı 143380 nüsxədən ibarətdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucuların sayı 11219 nəfər, kitab verilişi 133226 nüsxə  olmuşdur. 

10.05.2019-cu il tarixində Hacıqabul şəhər Heydər Əliyev adına parkda rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI Ümumrespublika “Kitab bayramı” keçirilmişdir.

Görülmüş işlərlə yanaşı bəzi problemlər də mövcuddur; Rayon Mərkəzi  Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət  göstərilməsinə  mənfi  təsirini  büruzə verir. Kənd yerlərində yerləşən mədəniyyət müəssisələrində işçilərinin işə davamiyyəti və apardığı iş aşağı  səviyyədədir.

Rayon Gənclər və İdman İdarəsi hesabat ilində gənclərlə iş və idman sahəsi üzrə  bir sıra tədbirlər həyata keçirmişdir.

Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik və vətəndaşlıq hissinin yüksəldilməsi tarixi günlər və dövlət bayramları münasibəti ilə müxtəlif səpgili tədbirlər keçirilmişdir.

Gənclər və İdman İdarəsi tərəfindən il ərzində boks üzrə rayon birinciliyi, voleybol üzrə oğlan və qızlar arasında şəhər birinciliyi, Yunan-Roma güləşi, “Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi, “Şən startlar” əyləncəli idman oyunları, “Mənim yaşıl meydançam” adı altında 15-16 yaşlı idmançılar arasında futbol üzrə şəhər birinciliyi keçirilmişdir. Ümumiyyətlə il ərzində 34 tədbir həyata keçirilmiş və bu tədbirlərə 2209 nəfər cəlb olunmuşdur.

Hesabat dövrü ərzində 18 idman yarışı keçirilmiş və bu yarışlarda 1724 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir.

 Görülmüş işlərlə yanaşı bəzi problemlər də mövcuddur, məktəb yaşlı yeniyetmələr arasında idman oyunları müntəzəm təşkil edilsə də yuxarı yaşlı gənclər üçün bu iş zəif qurulur. Bu sahənin inkişaf etdirilməsi istiqamətində qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, bələdiyyələrin, habelə çoxsaylı işçisi olan idarə, müəssisə rəhbərlərinin fəaliyyəti qənaətbəxş deyildir.

Rayon İcra Hakimiyyəti rayonda dini durumun vəziyyətini daima nəzarətdə saxlayır. Dini İşlər üzrə Komissiya tərəfindən rayon ərazisində dini durumun sabit saxlanmaq, mövcud problemləri təhlil etmək, mənfi tendensiyaları, radikal və qeyri-ənənəvi dini cərəyanların yayılma ehtimalının müəyyənləşdirilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür.

Ərazidə dini durumla bağlı ictimai rəyi, yaşayış məntəqələri üzrə əhalinin etnik və dini tərkibini, həmçinin məzhəb nisbətini, aktiv və ya qismən fəaliyyət göstərən, fəaliyyət göstərməyən məscid, ziyarətgah və digər ibadət yerlərinin sayını və yönümünü öyrənmək  məqsədilə Dini işlər üzrə Komissiya tərəfindən müntəzəm işlər aparılır.     

02 avqust 2019-ci il tarixində rayon İcra Hakimiyyəti Başçısı tərəfindən rayonda  dini durumun sabit saxlanılması, dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, Məhərrəmlik, Aşura və digər dini mərasimlərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsi ilə əlaqədar sərəncam verilmiş, təbirlər planı hazırlanıb və qərargah yaradılmışdır.

Məhərrəmlik ayı ərzində rayon ərazisində zəncirvurma, qançıxarma kimi hallar, küçə yürüşlərinin keçirilməsi və digər qanuna zidd hərəkətlər qeydə alınmamışdır. Rayon ərazisində 28 məscid, 8 pir və ziyarətgah fəaliyyət göstərir.  14 dini icma qeydiyyatdan keçmişdir.

Rayon ərazisində 21 İctimai təşkilat, 8 siyasi partiya, 1 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.  Rayonda iki mətbu orqan, o cümlədən “Hacıqabul” qəzeti buraxılır. İcra Hakimiyyəti qəzetin vaxtlı-vaxtında və lazımı səviyyədə çap olunması və mətbuatın dövrlüyünü və təsirliliyini artırmaq üçün lazımı tədbirlər görür. Ayda 3 dəfə işıq üzü görən qəzet rayonun sosial-iqtisadi, mədəni həyatından, günün vacib məsələlərindən məlumat dərc edir.

Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının aşılanması, cənab prezident İlham Əliyevin fəaliyyəti, dövlətimizin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların gənc nəslə hərtərəfli çatdırılmasını təmin etmək məqsədilə rayon Heydər Əliyev Mərkəzinin nəzdində Heydər Əliyev  Akademiyası  yaradılmışdır.

Akademiyada ictimai-siyasi mühitə təsir edə biləcək müxtəlif sahələri və yaş qruplarını əhatə edən 60 nəfər dinləyici-müdavim təhsil alır.  Mühazirələr hər ay 2 dəfə keçirilir.

Akademiyaya qəbul edilən dinləyici-müdavimlərə mühazirələrin aparılması 9 ay nəzərdə tutulur, mühazirələr bitikdən sonra, müdavimlər Akademiyanın sertifikatlarını alacaqlar.

İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Hesabat dövründə yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 5.879.000 manat proqnoza qarşı 6.078.080 manat və ya 103,4 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 1.559.030 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.

Rayon büdcəsinin xərc hissəsi 5.315.129 manat təyinata qarşı 5.042.114 manat, yəni 94,4 % icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.

01.01.2020-ci il tarixə rayon əhalisinin sayı 1,19 % artaraq 76,5 min nəfər olmuşdur.

Hesabat dövründə rayon üzrə 1180 doğum və 391 ölüm faktı qeydiyyata alınmışdır. Təbii artım 789 nəfər təşkil etmişdir.

Rayonda iqtisadi fəal 36,8 min nəfər təşkil etmişdir. İqtisadi fəal əhalinin ümumi əhali sayında payı 48,4 %-dir.

Məşğul əhalinin sayı 35,1 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 119,7 manat artaraq 454,0 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.255,2 manat və ya 8,6 % artaraq 344 milyon 170 min manata çatmışdır.

Məşğulluq Mərkəzi tərəfindən 2019-cu il ərzində 915 nəfərə işlə təmin olunması üçün göndəriş verilmişdir. O cümlədən  295 nəfər işsiz və işaxtaran vətəndaş DOST İŞ MMC-yə, 105 nəfər SOCAR-ın müxtəlif müəssisələrinə, 45 nəfər Azərişıq ASC-yə, 5 nəfərə Azərenerji ASC-yə  göndəriş verilmişdir. 314 nəfərə isə digər idarə, müəssisə və təşkilatlara işə göndəriş verilmişdir. 01 oktyabr 2019-cu il tarixə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş 4 nəfər vətəndaş işsizlikdən sığorta ödənişi almaqdadırlar. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 47 nəfər özünə məşğulluğa cəlb edilmişdir.

 Hesabat dövründə rayonda 1414 yeni iş yeri açılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 155 iş yeri çox deməkdir. Açılmış iş yerlərindən 561-i daimidir.

Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.

Rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “sair xərcləri” vəsaitindən 2019-cu il ərzində ümumilikdə 93.675,0 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramının mütəşəkkil keçirilməsi ilə əlaqədar 2.000 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI sinif fəal şagirdlərinin I mərhələdə Quba-Qusar və Xaçmaz, Qəbələ-Şəki və Zaqatala rayonlarında ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 10.700,0 manat, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilmiş tədbir və konsert proqramına görə 3.600,00 manat, 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar keçirilmiş tədbir və konsert proqramına görə 2.800,00 manat, müənni K.İbrahimovun səhnə fəaliyyətinin 45 illik yubileyinin keçirilməsinə 2.000,0 manat, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramının mütəşəkkil keçirilməsi üçün küçə və parkların bəzədilməsinə 4.650,0 manat  eləcə də ərizə ilə müraciət etmiş rayonun 116 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına görə ümumilikdə 51.265,00 manat məbləğində maddi yardım verilmişdir.

Rayonda 01 yanvar 2020-ci il vəziyyətinə pensiyaçıların ümumi sayı 7172  nəfər olmuşdur. Bunlardan 3982 nəfəri yaşa görə, 1992 nəfəri əlilliyə görə, 1198 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 222,80 manat təşkil etmişdir.

2019-cu il ərzində 5869 nəfərə sosial müavinətlər, 805 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir.

Hesabat dövründə rayon ərazisində məskunlaşmış 37 ailə olmaqla 166 nəfər qaçqın, 217 ailə olmaqla 800 nəfər məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.

2019-cu ildə rayonun hüquq mühafizə orqanları tərəfindən rayonda qanunçuluq, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Hesabat dövründə rayon ərazisində 187 cinayət hadisəsi qeydə alınmışdır. 170 cinayətin açılması təmin edilmişdir. Cinayətlərin açılması 98,3 % olmuşdur. Baş verən cinayətlərin 11-i ağır və xüsusilə ağır, 144-ü az ağır, 32 fakt böyük ictimai təhlükə törətməyən cinayətlərdir.

İl ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 89 cinayət faktı qeydə alınmışdır. Dövriyyədən ümumilikdə 506.961 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.

İl ərzində narkomaniyaya qarşı mübarizə mövzusunda rayonun təhsil ocaqlarında və mədəniyyət mərkəzlərində müxtəlif tədbirlər keçirilmisdir. Tədbirlərdə hüquq mühafizə orqanlarının əməkdaşları, ziyalılar, müəllimlər, yuxarı sinif şagirdləri iştirak etmişlər.

Görülən tədbirlərə baxmayaraq bu sahədə hələdə müəyyən çatışmamazlıqlar var. Belə ki, güclü təsiredici narkotik vasitələrin küllü miqdarda dövriyyədən çıxarılması və tranzit daşınma kimi faktların aşkar olunmasında nöqsanlar vardır.

İl ərzində Yetkinlik yaşına çatmayanlar tərəfindən 2 cinayət hadisəsi qeydə alınmışdır.

Hesabat dövründə rayon prokurorluğunda 21 cinayət işi icraata qəbul edilmişdir. Bunlardan 3 iş xüsusi ilə ağır, 18 iş az ağır cinayət hadisəsi olmuşdur. 15 işin istintaqı tamamlanmışdır. İstintaqı tamamlanan işlərdən 6 iş baxılması üçün məhkəməyə göndərilmiş,9 iş xitam olunmuş,1 cinayət işi aidiyyəti üzrə göndərilmiş,2 iş digər cinayət işlərinə birləşdirilmiş, 3 iş isə 2020-ci ilə qalıq qalmışdır.

Dövr ərzində rayon prokurorluğunda 180 nəfər, o cümlədən 128 vətəndaş yaşayış yerində rayon prokuroru tərəfindən qəbul edilmişdir.

2019-cu il ərzində rayon qeydiyyat şöbəsində 1090 doğum, 419 nikah bağlanması qeyd olunmuşdur. 108 nikah pozulması, 402 ölüm faktı qeyd olunmuşdur. 

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Hesabat dövründə rayonun Meyniman, Ələtli, Qızılburun, Atbulaq Talış kənd və Pirsaat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin əhatə edən ərazilərdə ümumilikdə 55 km suvarma kanalı lildən təmizlənmiş, 3,5 km kənddaxili yollarına qum-çınqıl qarışığı tökülərək hamarlanmışdır. 2019-cu ilin yekunları ilə bağlı rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir. Keçirilmiş hesabat yığıncaqlarında ərazilərdə sosial problemlərin aradan qaldırılması istiqamətində görülmüş və hazırda davam etdirilən işlər qeyd olunmuşdur. Görülmüş işlərlə yanaşı bəzi İnzibati Ərazi Dairələrdə və bələdiyyələrdə çatışmazlıqlar da mövcuddur. Belə ki, pambıq əkini üçün lazımı şərait yaradılsa da Meyniman və Qarasu kəndlərində yerləşən tarlalarda əkinə lazımı qaydada aqrotexniki qulluq göstərilmədiyindən məhsuldarlıq aşağı səviyyədə olmuşdur. Buna görə də rayon pambıq yığımında lazımı nəticə əldə etməmişdir.

Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.

Cari il ərzində icra hakimiyyətinə 906 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 332-si Prezident Administrasiyasından, 12-si Milli məclisdən, 32-si Nazirlər Kabinetindən, 26-sı respublikanın digər rəhbər təşkilatlarından, 504-ü isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2019-cu il ərzində İcra hakimiyyətinin başçısı tərəfindən 525 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 245 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

Keçidlər