Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıq yığımı mövsümündə yanğın təhlükəsizliyi tədbirləri

25 avqust 2020 | 16:00

        Pambıq, daha çox əl əməyi tələb edən qiymətli bir bitkidir. Kənd təsərrüfatı zəhmətkeşlərinin gərgin əməyi hesabına əmələ gələn bu qiymətli sərvətin qorunması tarlalarda, pambıqqurutma meydançalarında, tədarük məntəqələrində, pambıq emalı zavodlarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasından çox aslıdır.

       Pambığın yanğından mühafizə olunması ilə əlaqədar birinci növbədə qeyd olunmalıdır ki, bu qiymətli bitkinin yığılması, tədarükü və emalı ilə məşğul olan bütün kənd təsərrüfatı və fermer müəssisələri, digər obyektlərin rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına məsuliyyət daşıyırlar. Kənd təsərrüfatı müəssisələrinin və digər obyektlərin rəhbərləri, fermerlər pambıq yığımı mövsümünün başlanğıçında bütün texnikanı yanğına qarşı hazırlamaqla yanaşı, işçilərin yanğına qarşı bilgilərlə təlimatlandırılması üçün cavabdeh şəxslər təyin etməlidirlər.

         Pambıq yığımında, onun daşınması və emalında kənd təsərrüfatı texnikalarının – traktorların, pambıqyığan maşınların, yanacaq daşıyan nəqliyyatın istismarına yalnız dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının iştirakı ilə xüsusi komissiyanın razılığı olduqdan sonra icazə verilməlidir.
        Xam pambığın yığılmasına, daşınmasına və emal olunmasına cəlb olunmuş bütün kənd təsərrüfatı maşınları mütləq ilkin yanğınsöndürmə vəsaitləri ilə, qığılcım söndürənlərlə, süpürgələrlə və üzərində yanğına qarşı təbliğat mövzuzunda yazılı olan dəmir lövhələrlə təmin olunmalıdır.
        Pambıq yığan maınlar, traktorlar, nəqliyyat vasitələri məhsul yığımına cəlb edilərkən onların qidalanma, alışdırma sistemləri, sürtülən hissələri, tüstüboğucu sistemləri diqqətlə yoxlanmalıdır. Pambıqyığan və pambıq daşıyan maşınların tüstüboğucu boruları saz, kollektorların birləşmələri kip olmalı və atqı boruları saz qığılcımsöndürənlərlə təmin ediləmidir. Atqı borularının və qığılcımsöndürənlərin içərisində əmələ gələn qurum müntəzəm olaraq təmizlənməlidir. Mühərrikin qızmış hissələrinə xam pambığın düşməsinin qarçısını almaq məqsədilə örtüksüz və ya açıq örtüklü texnikanın istismsr olunması yolverilməzdir.
           Nasazlıq aşkar edilmiş texnikanın məhsul yığımına buraxılması qəti qadağandır.
      Pambığın yanğından qorunması üçün digər yanğın təhlükəsizliyi qaydalarına da əməl olunmalıdır. Belə ki, tarlaların, xırmanların ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməlidir.
      Pambıq yığımı zamanı pambıqyığan maşının işi qurtardıqdan sonra sahədə saxlanılması yanğın təhlükəlidir.
      Tarlada pambıqyığan maşınların, traktorların, digər texnikanın yanacaqla təmin edilməsi mühərriklər söndürüldükdən sonra yanacaqdolduran maşınların vasitəsi ilə həyata keçirilməlidir. Gecə vaxtı yanacaq doldurmaq, qadağandır.
      Pambıqla birlikdə maşında adam daşınmasına (məhsul üçün məsul şəxsdən başqa) yol verilmir. Maşınlar pambıq tayalarına 5 metrə qədər məsafə saxlamaqla yanaşa bilər. Maşın pambıq olan yerə yaxınlaşan kimi dərhal mühərrik söndürülməlidir.
      Maşına yüklənmiş pambığın üstü brezentlə kip örtülməli, maşında kimyəvi odsöndürən və kürək olmalıdır.
      Pambığı daşıyan maşınların döşəmələrində yarıqlar olmamalıdır.
      Traktorların, avtomobillərin, pambıqyığan maşınların dayanacaq yeri, həmçinin onların təmiri, yağlanması, yanacaqla doldurulması üçün nəzərdə tutulmuş yerlər pambıqqurutma meydançalarından ən azı 50 metr aralı məsafədə olmalıdır.    
      Xam pambıq tayaları mütləq brezentlə örtülməlidir. Pambıqtəmizləmə zavodlarının, pambıq qəbulu və tədarükü məntəqələrinin ərazisi quru otdan, yerə dağılmış pambıqdan, zibildən daima təmizlənməlidir.
     Xam pambıq yalnız gündüz qəbul edilməlidir. Qəbul zamanı pambığın tədarük məntəqəsinin və ya zavodun həyətində yerə dağılmasına yol vermək olmaz. Bu yerlərdə siqaret çəkilməsi, açıq oddan istifadə olunması qadağandır.
     Yanğınsöndürmə üçün su mənbəyi olan su hovuzlarına yollar salınmalı və hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün 12x12 m ölçüdə bərk örtüklü meydançalar olmalıdır.
     Kənd təsərrüfatı zəhmətkeşləri, fermer təsərrüfatlarında çalışanlar pambığın yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarını bilməklə, onlara riayət etməklə yanaşı, baş verən zaman nə cür hərəkət etmələrini də bilməlidirlər.
     Pambıq tarlasında yanğın baş verərsə mövcud yanğınsöndürmə vəsaitlərindən, o cümlədən kimyəvi odsöndürənlərdən, ehtiyat sudan, süpürgədən və torpaqdan istifadə edərək dərhal yanğını söndürməyə başlamaq və texnikanı tarladan çıxarmaq lazımdır.    
     Xam pambıq tayalarında yanğın zamanı mövcud səs siqnallarından istifadə etməklə ətrafdakı insanları xəbərdar etmək, yanğın lülələrindən istifadə etməklə yanğın yerinə su vermək, torpaq atmaq, xam pambıq tayasını dağıtmaq lazımdır.İmkan olarsa islanmış brezent örtüklə xam pambığın üstü örtülməlidir.
Pambığın nəm halda maşında saxlanması, tayaya vurulması qadağandır. Unutmaq olmaz ki, nəm pambıq öz-özünə alışır.
     Yanğın zamanı bütün hallarda dərhal yanğından mühafizə hissələrinə məlumat verilməlidir.
      Qiymətli sərvəti–pambığı yanğından qorumaq hər bir vətəndaşın doğma işi olmalıdır.


                                                          FHN  DYNX   Mugan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Keçidlər