Şriftin ölçüsü :

Saytın rəngi :

Baladov Ruslan Allahyar oğlu

2021/09/balad-4897941213.jpg

Ruslan Baladov 1997-ci ilin sentyabrın 19-da dünyaya gəlib. Bir bacı, bir qardaş olublar. 9-cu sinfi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib. 2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini başa vurandan qısa müddət sonra isə yenidən taleyini Ordu ilə, hərblə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də cəbhə bölgəsində, döyüşlərdə olub və elə müharibənin ilk günündə, sentyabrın 27-də Talış istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhadətə yüksəlib. Amma ilk günlər nəşini götürmək mümkün olmayıb. Şəhidimizin nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, rayon qəbiristanlığında torpağa tapşırılıb.

23 yaşında Şəhid olan Ruslan Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Məğrur və Qürurlu Şəhid atası Allahyar Baladov heç nədən şikayətçı deyil, dövlətdən də, onlara göstərilən diqqətdən də razıdır. Deyir ki, otaqlardan birini Ruslan üçün ayırıblar, onun bütün fotolarını, əşyalarını, sənədlərini, geyimlərin o otaqda yerləşdirəcəklər: “Bu, həm Ruslanın ruhunu şad edər, həm də bizə bir təsəlli olar”- deyir Şəhid atası.

“Mən, çətin də olsa, birtəhər dözürəm, amma yoldaşım, anası heç cür dözə bilmir… Çox ağlayır, çox darıxır… Nə etmək olar…Bu da bir qismət, alın yazısıdır… Oğlumun qismətində Şəhidlik, bizim də qismətimizdə Şəhid valideyni olmaq varmış…”,- o, sözlərinə əlavə edir…

Keçidlər