Əhmədov Səbuhi Ziyafət oğlu
Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verib ölümsüzlüyə qovuşan unudulmaz qəhrəmanlardan biri də Səbuhi Ziyafət oğlu Əhmədovdur. O, 2002-ci ildə, iyunun 6-da Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. Ətrafındakılar onu uşaqlıqdan Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxs kimi tanıyıb. Artıq bütün Azərbaycan onu belə tanıyır.
Səbuhi anasının laylalarıyla başlamışdı Vətəni sevməyə. Böyüdükcə torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşmışdı.
Əsgərlik çağı yetişən Səbuhi müharibə başlayan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə Vətəni qorumağa gedir. Füzuli və Xocavənd uğrunda qəhrəmancasına döyüşür. Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirir. Xocavənd döyüşü onun son döyüşü olur.
Əsgər Səbuhu Əhmədov 2020-ci il, noyabrın 10-da qəhrəmancasına şəhid olub.
Azərbaycan Ordusunun əsgəri Əhmədov Səbuhi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavədin azad olunmasına görə" medalları ilə təltif edilib.