Şriftin ölçüsü :

Saytın rəngi :

Statistik hesabat

2016-cı ildə Hacıqabul rayonunda bitkiçiliyin inkişafı
 

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 2004-cü ildən başlayaraq həyata keçirilən məqsədyönlü dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir. Bununla əlaqədar olaraq Hacıqabul rayonunda da kənd təsərrüfatı sahəsi üzrə müvafiq işlər və tədbirlər həyata keçirilir. Ölkədə uğurla aparılan aqrar islahatlar nəticəsində rayonumuzda da kənd təsərrüfatının dinamik şəkildə inkişaf etdirilməsinə, ildən-ilə yüksək nailiyyətlərin əldə olunmasına zəmin yaranmışdır.

Hacıqabul rayonunun iqtisadiyyatında kənd təsərrüfatı əsas aparıcı sahədir. Rayonun iqtisadiyyatında taxılçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq xüsusi rol oynayır. 2016-cı ilin doqquz ayının nəticələrinə görə rayon iqtisadiyyatında məhsul buraxılışının həcmində kənd təsərrüfatı sahəsinin payı 58,9 faiz təşkil etmişdir. Eyni dövrdə rayon iqtisadiyyatında kənd təsərrüfatının bitkiçilik sektorunun payı 21,3 faiz olmuşdur. Əvvəlki illə müqayisədə məhsul buraxılışının həcmi kənd təsərrüfatında 105,4 faiz artmışdır.

2016-cı ilin məhsulu üçün rayon üzrə 13793 hektar sahəyə payızlıq dənli bitkilər, o cümlədən 7130 hektar sahəyə payızlıq buğda, 6663 hektar sahəyə payızlıq arpa, 4094 hektar sahəyə isə yazlıq bitkilər, ondan 632 hektar sahəyə çoxillik otlar, 778 hektar sahəyə tərəvəz, 1572 hektar sahəyə bostan, 346 hektar sahəyə dən üçün qarğıdalı, 40 hektar sahəyə soya, 160 hektar sahəyə şəkər çuğunduru, 526 hektar sahəyə pambıq, 40 hektar sahəyə kartof bitkiləri əkilmişdir.

2016-cı ilin məhsulu üçün əkilmiş 20931,7 hektar sahənin 13793 hektarını və ya 65,9 faizini payızlıq dənli bitkilərinin, 778 hektarını və ya 3,7 faizini tərəvəz bitkilərinin, 1572 hektarını və ya 7,5 faizini bostan bitkilərinin, 346 hektarını və ya 1,7 faizini dən üçün qarğıdalı bitkilərinin, 40 hektarını və ya 0,2 faizini soya bitkilərinin, 40 hektarını və ya 0,2 faizini kartof, 526 hektarını və ya 2,5 faizini pambıq bitkisi, 160 hektarını və ya 0,8 faizini şəkər çuğunduru bitkisi, 4,7 hektarını və ya 0,02 faizini örtülü torpaqlarda əkilmiş bitkilər, 3672 hektarını və ya 17,5 faizini keçmiş illərin əkinləri də daxil olmaqla çoxillik bitkilərin əkin sahəsi təşkil etmişdir.

Rayonda 2016-cı ilin sonu vəziyyətinə 13793 hektar taxıl sahəsi biçilib döyülmüş və həmin sahələrdən 47310 ton və ya keçən illə müqayisədə 7,6 faiz çox taxıl məhsulu götürülmüşdür. Taxıl bitkilərinin ümumi məhsuldarlığı hər hektar sahəyə 34,3 sentner olmuşdur. Payızlıq dən üçün əkilmiş 13793 hektar sahənin 6663 hektarını arpa, 7130 hektarını isə buğda sahəsi təşkil etmişdir. Keçən illə müqayisədə arpa məhsulu sahəsi 4,2 faiz, buğda məhsulu sahəsi isə 10,1 faiz artmışdır. 2016-cı ildə biçilmiş 7130 hektar buğda sahəsindən 25922 ton buğda məhsulu, biçilmiş 6663 hektar arpa sahəsindən isə 21388 ton arpa məhsulu toplanmışdır ki, bu da keçən illə müqayisədə 1187 ton və ya 4,8 faiz çox buğda, 2142 ton və ya 11,1 faiz çox arpa məhsulu deməkdir. Cari ildə rayonda hər hektar sahəyə buğdanın məhsuldarlığı 36,4 sentner, arpanın məhsuldarlığı isə 32,1 sentner olmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq 2004-cü ildən başlayaraq rayonda dən üçün qarğıdalı və günəbaxan bitkiləri, 2016-cı ildən etibarən isə şəkər çuğunduru, soya və pambıq bitkiləri əkilməyə başlanmışdır. 2016-cı ildə rayon üzrə 346 hektar sahəyə dən üçün qarğıdalı, 160 hektar sahəyə şəkər çuğunduru, 526 hektar sahəyə pambıq və 40 hektar sahəyə isə soya bitkiləri əkilmişdir. Əkilmiş 346 hektar sahədən 1965,5 ton dən üçün qarğıdalı, 160 hektar sahədən 1120 ton şəkər çuğunduru, 526 hektar sahədən 748,6 ton pambıq, 40 hektar sahədən 40 ton soya məhsulu yığılmışdır.

Rayonda kənd əməkçiləri əsasən tərəvəz və bostan məhsullarının yetişdirilməsi ilə də məşğul olur. Rayonda 2016-cı ildə əkilmiş 778 hektar tərəvəz sahəsindən 20261 ton tərəvəz məhsulu yığılmışdır. Əvvəlki illə müqayisədə rayonda tərəvəz əkini sahəsi 0,5 faiz, tərəvəz məhsulu isə 105 ton artmışdır. 2016-cı ildə əkilmiş 1572 hektar bostan bitkiləri sahəsindən 23309 ton bostan məhsulu yığılmışdır. Əvvəlki ilə müqayisədə bostan bitkilərinin əkin sahəsi dəyişməmiş, bostan bitkilərinin məhsulu isə 3 ton artmışdır. Cari ildə rayon üzrə 40 hektar sahədə kartof bitkisi əkilmiş və mövsüm ərzində 439 ton kartof məhsulu yığılmışdır. Ötən illə müqayisədə rayonda 2,6 faiz çox kartof məhsulu yığılmışdır.

Rayon üzrə meyvə toplanması da başa çatmışdır. 2016-cı il vəziyyətinə rayon üzrə bağlardan 11205 ton (keçən il 11057 ton) meyvə toplanmışdır. Əvvəlki illə müqayisədə rayonda 148 ton və ya 1,3 faiz çox meyvə yığılmışdır. Mövsüm ərzində rayon üzrə təsərrüfatlarda 261 ton üzüm məhsulu yığılmışdır.

Rayonda növbəti ilin məhsulu üçün payızlıq əkin şumunun qaldırılması da başa çatmışdır. Təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 18852 hektar sahəyə şum qaldırılmış, 8950 hektar sahədə dən üçün buğda, 6870 hektar sahədə isə dən üçün arpa səpini aparılmışdır.

 

Hacıqabul rayonu Statistika İdarəsi      

Keçidlər