Statistik hesabat
Hacıqabul rayonunda mal-qara və quşların
uçotu başa çatmışdır
Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 2004-cü ildən başlayaraq həyata keçirilən məqsədyönlü dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən, qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir. Bununla əlaqədar olaraq Hacıqabul rayonunda da kənd təsərrüfatı sahəsinin inkişafı üzrə müvafiq işlər və tədbirlər həyata keçirilir.
Hacıqabul Rayon Statistika İdarəsi tərəfindən 01.01.2017-ci il tarixə rayonun ərazisində yerləşən fermer və əhali təsərrüfatlarında mövcud olan mal-qara və quşların baş sayını müəyyən etmək üçün sayıcıların seçilməsi təşkil edilmişdir. Seçilmiş sayıcıların siyahısı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 13 dekabr 2016-cı il tarixli 176 saylı sərəncamı ilə təsdiq olunmuşdur. Rayon üzrə uçotun aparılması məqsədilə Statistika İdarəsi sayıcılar üçün mal-qara və quşların uçotunun keçirilməsi ilə bağlı geniş təlimatı müşavirə keçirmişdir. Uçot aparılan zaman sayıcılarla mütəmadi əlaqə saxlanılmış və onlara müvafiq tövsiyələr verilmişdir.
Kənd təsərrüfatının rayonumuz üçün xarakterik iri sahələrindən biri də heyvandarlıqdır. Hacıqabul rayonunda aparılan aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik şəkildə inkişaf etdirilməsinə və bu sahədə ildən-ilə yüksək nailiyyətlərin əldə edilməsinə möhkəm zəmin yaratmışdır. 2016-cı ildə rayon ərazisində mövcud olan mal-qara əsas etibarilə əhali və fermer təsərrüfatlarında cəmlənmişdir. Rayonda mal-qaraya lazımi qulluğun təmin edilməsi işinə geniş imkan yaradılmış və son nəticədə mal-qaranın məhsuldarlığının artması müşahidə olunmuşdur.
01.01.2017-ci il tarixə aparılan uçot zamanı rayon üzrə iri buynuzlu mal-qaranın sayı 38414 baş olmuşdur. İri buynuzlu mal-qaranın baş sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz və ya 595 baş artmışdır. Rayonda mövcud olan mal-qaranın 1487 başı fərdi sahibkarlarda, 36927 başı isə ailə-kəndli və ev təsərrüfatlarında qeydə alınmışdır. Rayonun təsərrüfatlarında inək naxırının sayı 35247 baş, o cümlədən fərdi sahibkarlarda 1202 baş, ailə-kəndli və ev təsərrüfatlarında isə 34045 baş olmuşdur. Ötən illə müqayisədə rayonun təsərrüfatlarında inək naxırının sayı 711 baş və ya 2,0 faiz artmışdır. Təsərrüfatlarda camış naxırının sayı 3167 baş, o cümlədən fərdi sahibkarlarda 285 baş, ailə-kəndli və ev təsərrüfatlarında isə 2882 baş olmuşdur.
İlin sonuna fərdi sahibkar təsərrüfatlarında qoyunların sayı 5292 baş, ailə-kəndli və ev təsərrüfatlarında isə 116063 baş qeydə alınmışdır. Ümumilikdə rayon üzrə bütün təsərrüfatlarda qoyunların sayı 121355 baş olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonun təsərrüfatlarında qoyunların sayı 758 baş və ya 0,6 faiz artmışdır. Mal-qara uçotunun sonunda rayonun təsərrüfatlarında 14601 baş keçi qeydə alınmışdır ki, bunun da 13982 başı ailə-kəndli və ev təsərrüfatlarında, 619 başı isə fərdi sahibkarlardadır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda təsərrüfatlarda keçilərin sayı 360 baş və ya 2,5 faiz artmışdır. Rayon təsərrüfatlarında ümumilikdə xırda buynuzlu mal-qaranın sayı 135956 baş qeydə alınmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1118 baş və ya 0,8 faiz artım deməkdir.
Rayon üzrə təsərrüfatlarda atların sayı 608 baş, dəvələrin sayı 14 baş, eşşəklərin sayı 303 baş olmuşdur. Ötən illə müqayisədə müvafiq olaraq atların sayı 34 baş və ya 1,2 faiz çox, eşşəklərin sayı 20 baş və ya 7,0 faiz çox, dəvələrin sayı 1 baş və ya 7,7 faiz çox olmuşdur.
Rayonda bütün təsərrüfat kateqoriyaları üzrə quşların sayı 3414135 baş qeydə alınmışdır. Kənd təsərrüfatı sahəsində quşçuluq müəssisələrində quşların sayı 2677203 baş olmuşdur ki, onlardan da 1530596 başı yaşlı, 1146607 başı isə cavan quşlardır. Fərdi sahibkar təsərrüfatlarında quşların sayı 29670 baş, ailə-kəndli və ev təsərrüfatlarında isə 707262 baş qeydə alınmışdır. Ümumilikdə fərdi sahibkarlar, ailə və kəndli fermer təsərrüfatlarında cəmi 736932 baş quş uçota alınmışdır. Keçən illə müqayisədə fərdi sahibkarlar, ailə və kəndli-fermer təsərrüfatlarında quşların sayı 1915 baş və ya 0,3 faiz artmışdır.
Rayon üzrə iri buynuzlu mal-qaranın 29,7 faizi, o cümlədən ana inək və camışların 21,3 faizi, qoyun və keçilərin 23,2 faizi, quşların 3,5 faizi şəhər yerlərində olan təsərrüfatlarda qeydə alınmışdır. Rayon üzrə iri buynuzlu mal-qaranın 70,3 faizi, o cümlədən, ana inək və camışların 78,7 faizi, qoyun və keçilərin 76,8 faizi, quşların isə 96,5 faizi kənd yerlərində olan təsərrüfatların payına düşür.
Rayonda heyvandarlıq sahəsindəki artım göstəriciləri əsasən əhalinin fərdi təsərrüfatları hesabına formalaşmışdır. İl ərzində heyvanların baş sayında olan artım göstəriciləri ayrı-ayrı kənd inzibati ərazi dairələri üzrə də müşahidə olunmuşdur. Rayon üzrə mal-qara və quşların baş sayında müşahidə olunan artım heyvandarlıq sahəsindəki iqtisadi göstəricilərin, eləcə də, kənd təsərrüfatı sahəsindəki ümumi məhsul buraxılışının artımına təsir göstərmişdir.
Hacıqabul rayonu Statistika İdarəsi
20.04.2017-ci il