Statistik hesabat
Hacıqabul rayonunda ticarət və xidmət şəbəkələrinin genişlənməsi nəticəsində son illərdə olduğu kimi 2017-ci ilin yanvar-iyun aylarında da ticarət və iaşənin göstəriciləri əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, 2017-ci ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda ticarət sektorunda 11 ticarət müəssisəsi, 284 fərdi sahibkar, 1 bazar və yarmarka fəaliyyət göstərmişdir. Rayonda fəaliyyət göstərən bazar 70 ticarət yeri olmaqla 1000 kv.m sahəni əhatə edir.
2017-ci ilin yanvar-iyun aylarında Hacıqabul rayonu üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 109108,0 min manat təşkil etmişdir.Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə fiziki həcm indeksi 100,4 faiz təşkil etmişdir.Əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi 53,3 faiz, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi isə 46,7 faiz təşkil etmişdir. Başqa sözlə, pərakəndə əmtəə dövriyyəsinin həcmində ərzaq mallarının payı 58106,0 min manat, qeyri-ərzaq mallarının payı isə 51002,0 min manat olmuşdur. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından - çörək və bulka məmulatları, ət və quş əti məhsulları, kartof və tərəvəz, kərə və bitki yağları, qeyri-ərzaq mallarından- tikinti materialları, benzin və digər yanacaqlar, dərman - tibbi təyinatlı mallar, elektrik məişət malları daha böyük xüsusi çəkiyə malik olmuşdur.
2017-ci ilin birinci yarısında respublika üzrə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində Hacıqabul rayonunun payı 0,7 faiz təşkil etmişdir. Rayonun daxil olduğu Aran iqtisadi bölgəsi üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmində Hacıqabulun əmtəə dövriyyəsinin xüsusi çəkisi isə 5,1 faiz olmuşdur.
Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmində hüquqi şəxslərin payı 8,2 faiz və ya 8967,2 min manat, fiziki şəxslərin payı isə 91,8 faiz və ya 100140,8 min manat olmuşdur. Hüquqi şəxslərin ticarət şəbəkələrindən alınmış istehlak mallarının həcmində ərzaq mallarının payı qeydə alınmamış, qeyri-ərzaq mallarının payı isə 100,0 faiz təşkil etmişdir.
Hacıqabul rayonunda fəaliyyət göstərən bazar və yarmarkalar üzrə əmtəə dövriyyəsinin həcmi 4980,0 min manat olmuşdur ki, bu da rayon üzrə ümumi pərakəndə əmtəə dövriyyəsinin 4,6 faizini təşkil edir.
2017-ci ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda ticarətlə məşğul olan fiziki şəxslər tərəfindən 95160,8 min manatlıq müxtəlif istehlak malları satılmışdır ki, bu da rayon üzrə əmtəə dövriyysəinin 87,2 faizini təşkil edir.
Rayon ərazisində hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə fiziki həcm indeksi 100,7 faiz, fiziki şəxslər üzrə isə 100,4 faiz olmuşdur.Fiziki şəxslər tərəfindən satışı realizə olunmuş malların 58,0 faizi ərzaq, 42,0 faizi isə qeyri-ərzaq məhsulları olmuşdur.
2017-ci ilin birinci yarısında Hacıqabul rayonunda hər sakinə düşən pərakəndə əmtəə dövriyyəsinin həcmi 1472,4 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Hər sakinə düşən ərzaq malları dövriyyəsi 784,2 manat, qeyri-ərzaq malları dövriyyəsi isə 688,2 manat təşkil etmişdir.
Hesabat dövrünün sonuna rayonun pərakəndə ticarət şəbəkələrində 10837,9 min manatlıq əmtəə məhsulları qalığı qeydə alınmışdır.Bu məhsulların 3,1 faizi və ya 339,9 min manatı hüquqi şəxslərin, 76,5 faizi və ya 8290,0 min manatı fiziki şəxslərin, 20,4 faizi və ya 2208,0 min manatı isə bazar və yarmarkaların anbarlarında qeydə alınmışdır.
2017-ci ilin yanvar-iyun aylarında rayonda topdansatış ticarət şəbəkəsilə 607,0 min manatlıq əmtəə məhsulları satılmışdır.Topdansatış şəbəkədə satılmış malların 13,5 faizi və ya 82,0 min manatı hüquqi, 86,5 faizi və ya 525,0 min manatı isə fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Hesabat dövründə rayonda topdansatış ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 24,1 faiz azalmışdır. Topdansatış ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən cari qiymətlərlə fiziki həcm indeksi hüquqi şəxslərdə 40,2 faiz, fiziki şəxslərdə isə 103,3 faiz təşkil etmişdir.2017-ci il iyulun 1-i vəziyyətinə rayonda topdansatış şəbəkəsi anbarlarında 390,2 min manatlıq əmtəə qalığı qeydə alınmışdır.
Hesabat dövründə rayonda iaşə sahəsində 64 fərdi sahibkar fəaliyyət göstərmişdir. Bu obyektlərdə oturacaq yerlərinin sayı 644 olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Hacıqabul rayonunda 1900,0 min manatlıq iaşə dövriyyəsi qeydə alınmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən iaşə dövriyyəsinin müqayisəli qiymətlərlə həcm indeksi 101,0 faiz olmuşdur. 2017-ci ilin birinci yarısında Hacıqabul rayonunda hər sakinə düşən iaşə dövriyyəsinin həcmi 25,6 manat təşkil etmişdir.2017-ci ilin altı ayında respublika üzrə iaşə dövriyyəsinin həcmində Hacıqabul rayonunun xüsusi çəkisi 0,3 faiz, Aran iqtisadi rayonu üzrə iaşə dövriyyəsinin həcmində isə 3,5 faiz olmuşdur.Hesabat dövründə rayonda qeydə alınmış iaşə dövriyyəsinin hamısı fiziki şəxslər tərəfindən reallaşmışdır.
Hacıqabul Rayonu Statistika İdarəsi