Rayon haqqında
Tarixi
Böyük İpək yolu üzərində yerləşən Hacıqabul zamanın müxtəlif dövrlərində müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlanmışdır. Hülakilər dövründə Mahmudabad sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlamışdır. Deyilənlərə görə Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində “Həccin qəbul” deyə mübarəkdarlıq edərlərmiş. Elə bu da Hacıqabul toponiminin formalaşmasında mühüm rol oynamışdır.
Ərazi müxtəlif dövrlərdə Ərəb xilafətinin, Səlcuqların, Sacilər, Hülakilər, Şirvanşahlar, Səfəvilər dövlətinin tərkibində olmuşdur. Sonralar xanlıqlara parçalanma dövründə Şamaxı (Şirvan) xanlığının tərkibində olmuşdur. Şimali Azərbaycan Çar Rusiyası tərkibinə daxil olduqdan sonra 1830-cu ildə yaranan mərkəzi Şamaxı olan Xəzər vilayətinin Şamaxı qəzasının tərkibində olmuşdur. 1841-ci ildə Xəzər vilayəti ləğv edildikdən sonra Şamaxı quberniyasının tərkibinə daxil edilmişdir. 1859-cu il dəhşətli Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürülmüşdür. O zaman Hacıqabulu da quberniya mərkəzi etmək fikri olmuşdur. 1860-cı ildən Hacıqabul Bakı quberniyasına Şamaxı qəzasının tərkibində olmuşdur. 1918-ci ildə Hacıqabul ərazisində baş verən soyqırım zamanı tərtib edilən aktlarda Bakı quberniyası, Şamaxı qəzasının Navahı, Abdulyan nahiyyələrinin tərkibində olan kəndlərdə baş verən erməni vəhşiliklərindən qeyd edilmişdir. 08.08.1930-cu ildə dairələr ləğv edilmişdir. Yeni Qarasu rayonu yaradılmışdır. 29.11.1938-ci ildə Hacıqabul qəsəbəsinə şəhər statusu verilmişdir. 24.10.1939-cu ildə Hacıqabulun adı dəyişilərək əslən Dağıstanlı olan inqilabçı Qazı-Məmməd Ağasiyevin adı verilərək rayon yaradılmışdır.
04.12.1959-cu ildə Qazı-Məmməd rayonu ləğv edilmişdir. Hacıqabul və Muğan qəsəbəsi Əli Bayramlı şəhərinin tabeliyinə keçmiş, kəndlər isə Şamaxı, Salyan və Sabirabad rayonları arasında bölüşdürülmüşdür.
Müstəqillik illərində 24.04.1990-cu ildə Hacıqabul rayonu yenidən təşkil edilərək öz adını qaytarmışdır.
Son dərəcə əlverişli strateji-coğrafi mövqeyinə, eləcə də əhəmiyyətli şirin su mənbələri və münbit torpaqları səbəbindən Hacıqabul yaşayış məntəqəsi və dayanacaq yeri olaraq ən qədim zamanlardan günümüzə qədər böyük dəyər daşıyır. Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağında yerləşməsi ilə əlaqədar ölkənin əsas karvan yolları, eləcə də Böyük İpək yolu bu torpaqlardan keçmiş, rabitə qovşağı olaraq, həm də ticarət sənətkarlıq mərkəzi vəzifəsini yerinə yetirmişdir.
Ərazidəki XI əsrə aid ölkə əhəmiyyətli abidə olan Pir-Hüseyn Xanəgahı, Udullu kəndi ərazisindəki tunc dövrünə aid “Güngörməz” müdafiə istehkamları, antik qəbiristanlıqlar, eramızdan əvvəlki II minilliklərə aid siklopik tikililər, küp qəbirlər, orta əsrlərə aid müxtəlif kurqanlar, çoxlu sayda pirlər, müxtəlif dövrlərə aid qəbiristanlıqlar, karvansaraylar, körpülər, ovdanlar və digər tarixi abidələr bu ərazidə yaşayışın çox qədim zamanlardan mövcud olduğunu və ərazidə təşəkkül tapmış islamaqədərki və islami inam və etiqaddan xəbər verir.
Qafqazın ən böyük çayı olan Kürün bu ərazidən keçməsi Azərbaycanın ən uzun çayının – Pirsaatın bu torpaqdan adlaması, eləcə də ölkənin ən iri gölünün – Hacıqabul gölünün burda yerləşməsi yerli sakinlərin və müsafirlərin həyat mənbəyi-şirin su ilə təmin edilməsinə şərait yaratmış, digər tərəfdən də həmin su mənbələrinin yaxınlığındakı torpaqların əkin-biçin və otlaq üçün son dərəcə əlverişliliyi burada həm əkinçiliyin, həm maldarlığın, həm də dolayısı ilə sənətkarlığın inkişafına təkan vermişdir. Bu səbəbdən də oturaq əkinçi və sənətkar əhali ilə bərabər, buradan qışlaq kimi istifadə etmiş Xilə, Kolanı, Cəyirli, Padar kimi yarımköçəri maldar tayfalar da ərazidə məskən salmışlar.
Min illər boyu əsl şərq yaşayış məntəqəsi olmuş Hacıqabul XIX əsrin son rübündə dəmir yolunun bu yerlərə gəlişi ilə yavaş-yavaş qərbə xas cizgilər alsa da, yollar qovşağındakı məntəqə kimi əhəmiyyətini itirməmiş, əvvəlcə dəmiryol, ardınca avtomobil, hətta hava yolları kəsişməsində yerləşməsi səbəbi ilə daha da qiymətli mövqe qazanmışdır.